Babiliyi fəlsəfi-siyasi hərəkat kimi dəyərləndirən Kazımbəyə görə, onların tələb etdikləri islahatlar (sosial bərabərsizliyin aradan qaldırlması, qadınlara bütün hüquqların verilməsi, varlıların yoxsulları istismar etməsinə son qoyulması və s.) öz dövrünün radikal xarakteri ilə seçilmişdir. Yəni babilər bir tərəfdən ruhani hakimiyyətə qarşı idisə, o biri tərəfdən siyasi hakimiyyətin də devrilməsini istəyirdilər. onların ruhani hakimiyyətə qarşı mübarizəsi ilk növbədə, “Allah” anlayışnın yenidən təfsiri ilə bağlı olmuşdur. Kazımbəyə görə, babilərin “Allah haqqında” baxışlarıı daha çox Platonun fəlsəfəsi və xristianlıqla səsləşmişdir. Babilər İslam dinindən fərqli olaraq xristianlıqda olduğu kimi, heç bir şeyin haram olmaması məsələsini irəli sürmüş və bunu, “Təbiətdəki hər şeyin təmiz olması haqqındakı” təlimində ifadə etmişlər. Kazımbəy yazır: “Bu, “İncil” həqiqəti əvvəlcə Bab təliminin gizli, daha sonra isə aşkar mövzusu olmuş və onun şagirdləri tərəfindən işlənib hazırlanmış, “Zəncan işi”ndə onun adı və vəzifəsi kimi qəbul edilmişdi. Onlar deyirdilər ki, təbitədə hər şey pakdır, ancaq nəfsi qorumaq lazımdır”.
Eyni zamanda, babilər “Qadınların kişilərlə hüquq bərabərliyi və azadlığı haqqında” təlimində iddia edirdilər ki, indiyə qədər İslam dininin qayda-qanunları qadınları əzib, kölə edib artıq bundan qurtulmaq lazımdır və qadınlara kişilərdən çox sərbəstlik verilməlidir. Bu məsələdə də, babilərin xristianlıqdan örnək almasını istisna etməyən Kazımbəy belə bir nəticəyə gəlirdi ki, ümumiyyətlə babiliklə xristianlıq arasında oxşarlıqlar çoxdur. Hətta, Babın özü və bəzi tələbələri, əvvəlcədən xristianlğa meyilli olublar. Kazımbəy yazır: “Babizm təlimi daha çox xristianlığa uyğun gəlir və biz düşünürük ki, Bab özü və onun davamçıları olan Zəncanlı Molla Məhəmməd Əli və bizim Smolenskli filosof Seyid xalq arasında bu adları daşımalarına baxmayarq Məhəmədiyyədən daha çox xristiandırlar… Babilərlə söhbət edən bir çox şəxs bizə demişlər ki, onlar Əhdi-Cədidi fars dilində oxumuşlar”.
Ancaq bu məsələdə daha çox Smolenskli Seyidin ona yazdığı məktublarına istinad edən Kazımbəy hesab edirdi ki, onun düşüncələrində babizmin xristianlıq və Platon fəlsəfi sisteminə yaxınlığı daha çox hiss olunur: “Bizim bu məktublara şərhimizin böyük hissəsi fəlsəfənin, bizim fikrimizcə, şifahi formada nəsildən nəslə ötürülərək mötəzili sxolastiklərə gəlib çatmış Platon sisteminin bəzi müvafiq məsələlərinə aiddir”. Eyni zamanda, Smolenskli Seyidin düşüncələrində ümumiyyətlə bütün dinlərin vahid din əsasında birləşməsi fikri də vardır: “Dini nöqteyi-nəzərdən bilik axtaranlar üçün Əhdi-Ətiq,Əhdi-Cədid və Quranın fikir ayrılığı sözsüz ki, aradan qalxırlar, o zaman onlar bilirlər ki, ruhi səmalardakı peyğəmbərlər və bütün müqəddəslər əslində bir mınbə, bir başlanğıcdandırlar. Bu başlanğıcda fərq yoxdur, fərq yalnız xarici aləmin təzahüründədir”. Smolenskli Seyidin bu baxışlarını təhlil edən Kazımbəy yazırdı ki, “bu fikirlər mənaca Platon fəlsəfəsinə, ideyaların axıb töküldüyü və onların ümumi substansiyası olan ali idrakda – Allahda olması fəlsəfəsinə əsaslanır. Həmin Platon sistenminə görə, yalnız ideyalar, vahid, real və mütləq mövcudiyyətə malikdirlər; cisimlər, real aləm isə onların kölgəsi və ya başqa deyimlə, surətidirlər”.
Bütün bunları Babilikdən daha çox Smolenskli Seyidin baxışları kimi qiymətləndirsə də, ümumilikdə Kazımbəyə görə, babilik ruhani hakimiyyət əleyhinə üsyanla yanaşı, daim amansız müstəbidlik, yəni siyasi hakimiyyət əleyhinə narazlıqda da ifadə olunmuşdu. Xüsusilə, siyasi hakimiyyətə qarşı yönəlmiş mülahizələrinə görə babilər ilk dövrlərdə uğur qazansalar da, ancaq bunu axıradək davam etdirə bilməmişlər. O, yazır: “İrandakı hadisələr çoxdan bəri əzilən ədalətin, baş alıb gedən hər yerdəki qəddarlığa qarşı gizli mübarizənin nəticəsi idi. Bu mübarizədə həm enerji, həm insanların azadlğıa meyillərində fədakarlığı nəzərə çarpır. Bütün bunlar ruhani hakimiyyətə qarşı üsyanla, daim ağır zülmə-müstəbidliyə qarşı narazlıqla özünü göstərdi. Lakin xalqın hiddətinin qönəldiyi hədəflər elə möhkəm idi ki, bu hiddət oxları onlara dəyib qırılır, onların qırıq parçaları təzə zülmün yeni silahlanmasına çevrilirdilər.. babilərin siyasi rəhbərləri yeni təlimi xalqın gücü ilə təşkil etmək istəyir… və inanırdılar ki, xalq onların açdığı yola yönələcəklər. Lakin bu başçıların öz aralarındakı nizamsızlıq, öz üzərlərinə götürdükləri işi bilməmləri, ən başlıcası isə onların bədəməllərə marağı, öz şəxsi mənfəəətləri – bütün bunlar başlanmış işin yetişməsinə imkan vermədi və bizim də qeyd etdiyimiz kimi əbəs qan tökülməsi bəhanəsinə xidmət etdi”.
Deməli, babilər gücləndikdən sonra onların arasında fikir ayrılıqları meydana çıxmışdır. Belə ki, onlardan bəziləri İslam qayda-qanunların davam etdikləri halda, ancaq başqa bir qrup İslam qanunlarından tamamilə aralanmış, yəni namaz qılmaqdan, oruc tutmaqdan imtina etmiş, üstəlik şərab da içirmişlər. Mütəfəkkirə görə, bununla da babilər üç qrupa bölünmüşlər: 1) avam camaat arasında Babın kor-koranə pərəstişkarları, 2) Babın həqiqi şagirdləri olan siyasi xadimlər, 3) bədfikir təfriqəçilər. Kazımbəyə görə, Babın irəli sürdüyü siyasi-əxlaqi prinsiplər doğru müdafiə olunmadığı üçün uğursuzluğa düçar olundu: “Sırf fəlsəfə, mənəvi kamilliyə əsaslanan din, həmişə sağlam dərrakənin, Allah qanunlarının daxili sərvətini təşkil etmişdi, bu zaman insanın hələ ləkələnməmiş vicdaı mühakimə və şahidlik edirdi. Lakin nə vaxt ki, ehtiras, şəhvət ağlın önünü kəsməyə başladı və insanlar qəlblərinin səslinə qulaq asmadılar, onda xaricdən idarə edəcək qanun meydana gəldi. Bu qanun elə həmin mənəvi kamilliyin üzərində quruldu; lakin bədbəxtlikdən insan öz pis meyillərinin təsiri altında ixtilaflarala, zidiyyətlərlə tanınmaz hala düşdü və nəhayət, özünün ilk mənbəyini təşkil edən həqiqətini pərdələdi”.
Kazımbəyə görə, Babın şagirdlərinin çoxu da babiliyin ilkin prinsiplərini yerinə yetirmək əvəzinə, onu öz maraqlarına uyğun olaraq təhrif etmişlər. Hətta, onlardan bir çoxu, özlərini Baba bənzədərək “Bəyan”a oxşar kitabçalar yazmaqla, sözdə öz “Quran”larını ortaya çıxarmış, Babı bütləşdirməyə başlamışlar. Kazımbəy yazır: “Bu məqsəd nədən ibarət idi? Bizcə o iki məna daşıyırdı: xüsusi və ümumi. Birinci, sırf eqoist məqsəddir ki, hər bir müəllim öz ardıcılları arasında ciddi-cəhdlə öz əhəmiyyətini şişirdir və beləliklə də müxtəlif Bab əqidəli dərnəklər yaranırdı. Onlar bir-birinə zidd, müxtəlif fikirləri təbliğ edirdilər. İkinci, sırf siyası məqsəd daşıyırdı. Bütün babizm müəllimləri öz ardıcıllarını müsəlman ruhaniləri və hökumət əleyhinə silahlandırmağa çalışırdılar. Ümumi maraqları onların hamısını bir zahiri adla, ümumi etiqadla birləşdirir və onlara böyük əhmiyyət verirdi; onların uğurları artaraq çoxdan arzu olunan islahatların və təsvir etdiyimiz yerli inqilabların başlanmasına səbəb olmuşdu”.
Bütün hallarda Kazımbəy babilik hərəkatını yüksək dəyərləndirmiş, Asiya tarixində bu qədər uğur qazanan dini hərəkatın olmadığını iddia etmişdir. Buna baxmayaraq babilərin ideyalarının insanalara doğru çatdırılmadığını iddia edən mütəfəkikir yazırdı: “Asiyanın tarixində heç bir dini hərəkat çalışqan tərəfdar müridlərin son dərəcə uğurlu müvəffəqiyyətləri ilə güclənən Babilər hərəkatı qədər diqqətəlayiq olmayıb. Onların arasında mühüm rol oyanayan qadınlar da, saray xadimlərindən olan maqnatlar da, Məhəmməd peyğəmbərin nəslindən olan üləma və seyidlərin dini təbəqəsindən olanlar da nəzərə çarpırlar…. Lakin bütün bu dəhşətli mənzərə bizə elə solğun rənglərlə, kobud haşiyədə, çox zövqsüz çatdırılır ki, birinci dəfədən, ola bilsin ki, diqqətəlayiq bilməyərək ondan üz çevrirsən. Bununla belə orada bizə doğma olan elementlərin əlamətləri, əsarət və köləliyin hələ istedadlarının üstündən əksik olmayan tanınmamış rəssamların fırçası ilə korlanmış cizgilər gözə dəyir. Bu elə həmin izlərin xüsusiyyətidir ki, həqiqi mənada mədəniyyətin ruhunun izləridir; o izlər ki, ali varlığın təbiəti ondan ibarətdir”.
Onun sözlərinə görə, hazırda babilərin və islahatlar axtaranların dayaq nöqtəsi yoxdursa, onlar aşkar şəkildə mövcud olmasalar da, “ancaq siyasi babizmi yaradan səbələr hələ dəİranda yeni cəmiyyətlərin yaranmasına səbəb olmuş, Tehran və Təbrizdə bu yaxınlarda mason lojalarının əsası qoyulmuş, bu işdə güclü adamlar iştirak edirdilər; hətta şah özü belə bu cəmiyyətə himayədarlıq etməyə razılıq verib. Yeniliklərin köhnə qənimləri və ruhanilər bu işə qarşə güclü intriqa aparırlar, lakin onun nəticələri bəlli deyil. Ancaq cəmiyyətin bəzi təbəqələrində hər yerdə nazirlərin və əyanların xəyanəti, qubernator və məmurların azğınlığı, həm sarayın, həm də əyanların dövləti müflis edən cah-cəlalı, üləmaların özbaşınalağın ağalıq etməsi və ədalətin olmaması haqqında hökuməti xəbərdar edən məktub və kitabçalar əldən-ələ gəzir”. Bir sözlə, Kazımbəyə görə, babilik hərəkatı məğlub olaa da, ancaq yaxın gələcəkdə sosial-mədəni və siyasi zülmün aradan qaldırılmasında stimul rolu oynayacaq.
Bizcə, Mirzə Kazımbəy istər yalnız öz qələminin məhsulu olan “Bab və babilər”, “İslam tarixi”, “Müridizm və Şamil” əsərlərində, istərsə də onun tərcüməsi və şərhləri ilə nəşr olunmuş “Müxtəsər – ül-vikayət”, “Şəraül-İslam”, “Quranın tam kokorandası” kitablarında İslamın meydana çıxması şərtləri və mahiyyəti, onun ortaya çıxmasında Peyğəmbərin həyat və fəaliyyətini, bu din meydana gəldikdən sonra onunla bağlı yaranan islam qanunlarını, islam təriqətlərini araşdırarkən müəyyən qədər elmi obyektivliyi gözləməmişdir. Başqa sözlə, Kazımbəy həm sırf öz əsərlərində, həm də tərcüməçisi olduğu kitablara yazdığı müqəddimə və şərhlərdə İslam dinini, İslam qanunlarını, Peyğəmbərin həyat və fəaliyyətini imperiya siyasətindən uzaq durub obyektiv dəyərləndirməkdə çətinlik çəkmişdir. Təəssüf doğuran hal odur ki, Kazımbəyin iddiasına görə, İslam dini öz başlanğıcını ilahi mənşədən almamış, məişətin mənəvi, siyasi və dini şəraiti ilə bağlı yaranmış, Məhəmməd peyğəmbər də öz təlimi üçün əsasları məhz bu şəraitdən götürmüşdür.
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)