Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİRZƏ MƏHƏMMƏDƏLİ KAZIM BƏY 1. Yazı

0
1536

Azərbaycan türk mütəfəkkirlərindən Mirzə Kazım bəy Məhəmməd Əli (1802-1870) 1802-ci ildə Rəştdə dünyaya gəlmişdir. Onun babası Hacı Məhəmməd xan Qorçu Türk tayfasından olub 18-ci əsrin ilk yarısında Nadir şah tərəfindən Dağıstana köçürülmüşdür. Quba xanlığında maliyyə nazirliyi ya da xalq ərzağı vəzifəsində çalışmışdır. Quba xanlığı çar Rusiyası tərəfindən aradan qaldırıldıqdan sonra Mirzə Kazım bəyin atası Qasım Kazım bəy dini və dünyəvi elmlərlə məşğul olmağa başlamış, hətta Məkkəni də ziyarət edərək altı il də Mədinədə yaşamışdır. 1800-cü ildə Rəştə gələn Hacı Qasım burada evlənmişdir ki, oğlu Mirzə Kazım bəydə dünyaya gəldikdən bir neçə il sonra Dərbəndə köçərək (1808), buranın şeyxülislamı olmuşdur. Mirzə Kazım bəy də uşaq vaxtlarından etibarən doğma türk dili (Azərbaycan) ilə yanaşı, fars və ərəb dillərini də dərindən mənimsəmişdir. “1820-ci ildə Kazım bəyin atası Qasım Kazım bəy çar hakimiyyəti orqanlarına qərəzli münasibət bəsləyən şəxslərlə gizli yazışmada şübhəli bilinmiş, bütün əmlakı müsadirə edilərək Həştərxana sürgün edilmişdir… 1821-ci ildə Kazım bəy Həştərxana atasının yanına getmiş, burada özünə iş axtarmağa məcbur olmuşdu. O zaman Həştərxanda olan xarici missionerlər Mirzə Kazım bəydən Şərq dilləri, o cümlədən ərəb, Azərbaycan (türk-F.Ə.) dilləri müəllimi olmasını xahiş etdilər”. Beləliklə, həm şotlandiyalı missionerlərə türk və ərəb dillərini öyrədən, eyni zamanda da onlardan ingilis, fransız və yəhudi dillərini öyrənən Kazım bəy, missionerlərin təsiri altında dinini də dəyişərək xristianlığın presvetrian məzhəbini qəbul etmişdir. Çar Rusiyası məmurları 1824-cü ildə Kazım bəyin Həştərxandan Sibirə sürgünə göndərilməsi barədə qərar qəbul etsə də, o yolda xəstələnərək müvəqqəti olaraq Kazanda yerləşməli olur. Çox keçmədən də (1826), Kazan Universitetinin Şərq dilləri üzrə mühazirəçi vəzifəsinə təyin olunub, burada dərs verməyə başlayır. Universitetdə Türk-Tatar dilləri kafedrasının müdiri (1828), daha sonra fəlsəfə fakültəsinin birinci şöbəsinin dekanı vəzifələrinə qədər yüksələn Kazımbəy, eyni zamanda Rusiya EA-nın müxbir üzvi də seçilmişdir. İyirmi ildən artıq bir müddətdə Kazanda elmi-pedaqoji fəaliyyətlə məşğul olan Kazım bəy 1845-ci ildə Sankt-Peterburq Universitetindən dəvət aldığı üçün Sankt-Peterburq şəhərinə köçür, ömrünün sonunadək də bu şəhərdə yaşayaraq həmin universitetdə Şərqşünaslıq fakültəsinin dekanı, Şərq dilçiliyi kafedrasının müdiri kimi də fəaliyyət göstəmişdir. Onun başlıca əsərləri aşağıdakılardır: “Türk-Tatar dilinin ümumi qrammatikası”, “Bab və babilər: 1844-1852-ci illərdə İranda dini-siyası iğtişaş”, “Müridizm və Şamil”, “Alim imam”, “İslam tarixi”, “Firdovsiyə görə farsların mifologiyası” və b. Mirzə Kazımbəyin dünyagörüşünü iki istiqamətdə: 1) elmi görüşləri, 2) dini və siyasi-fəlsəfi görüşləri, yonündə araşdırmaq məqsədə uyğun olardı. Elmi görüşləri. Onun elmi fəaliyyəti ilk növbədə, elmi-bədii tərcümələrlə bağlı olmuşdur. Belə ki, Mirzə Kazımbəy Kazan Universitetində Şərq dillərini tədris etməklə yanaşı, Dövlətşah Səmərqəndinin “Təzkirətüş-şüəra”sını, Qurani-Kərimi, İbn Xaldunun əsərlərini, Sədinin “Gülüstan”ını, Seyid Məhəmməd Rzanın “Yeddi planet”ini (“Əssəb-əs-Səyyar”) və digər kitabları rus dilinə tərcümə etmişdir. Daha sonra “Ərəb dilinin və ədəbiyyatının tarixinə bir nəzər” dissertasiyasını yazan və nəşr etdirən (1833) Kazım bəy bundan sonra Türk-tatar dilinin qrammatikasını, qısa lüğətini və ədəbiyyat müntəxəbatını hazırlamaq təlimatını almışdır. 1839-cu ildə S.Peterburqda nəşr olunan “Türk-tatar dili qramma¬tikası” əsərində Mirzə Kazım bəy türk-tatar dilində danışan xalq¬la¬rın ləhcələri arasında müqayisə aparmış, onlar ara¬sın¬da fərqli və oxşar cəhətlər olduğunu göstərmişdir. Sonralar həmin əsər üzərində təkmilləşdirmə işləri aparan Kazımbəy onu “Türk-tatar dilinin ümumi qramma¬tikası” adı altında 1846-cı ildə Kazanda nəşr etdirmişdir. Bu əsərində o, Şimali Azərbaycan xalqının “tatar dili”ni əsaslandırıb, başqa sözlə türk-tatar xalqlarının bir neçə müstəqil ləhcədə (daha sonra da dildə) danışdıqlarını ortaya qoyurdu ki, bu da, çar Rusiyasının “parçala və hökm sür!” siyasətinə uyğun idi. Ona görə də, bu məqaləsində Kazım bəyin türk-tatar dillərinin birində danışan Azərbaycan xalqının ayrıca bir ləhcəsinin olmasında bəhs etməsi çar ideoloqlarını çox sevindirmişdi. Çünki Kazım bəy Azərbaycan türklərinin dilinin türk dilinə aid olduğunu, an¬caq bəzi cəhətlərinə görə başqa türk ləhcələrindən fərq¬lən¬di¬yi¬ni sübut etməyə çalışmışdır: “Adərbican-tatar dili Ru¬siya¬nın Zaqafqaziya ərazilərində işlədilən türk ləhcəsidir. Bu dil ölkənin (Adərbican) öz adı ilə adlanır. Təbriz (Tavriz) şəhəri bü ölkənin paytaxtı hesab olunurdu”. Həmin dövrdə Rusiya alimi, akademik B.Dorn M.Kazım bəyin bu əsərinə yazdığı resenziyasında deyir ki, bu vaxta qədər heç kimə məlum olmayan, ilk dəfə Mirzə Kazım bəy tərəfindən aydınlaşdırılan «Azerbidjan ləhcəsi» çox böyük əhəmiyyətə malikdir. Onun fikrinə görə, «Azerbidjan ləhcəsi» Qafqaz məktəbləri üçün də olduqca vacibdir. Maraqlıdır ki, Dorn bu ləhcəni Rusiya üçün çoxdan duyulan tələbat kimi qiymətləndirib bunun bir şərqli tərəfindən kəşf edildiyini xüsusilə qeyd etsə də, ancaq bu anlayışın (Azərbaycan ləhcəsi) iki Azərbaycanın gələcəkdə bir olması ideyasına xidmət edəcəyini görən çar ideoloqları bunun üzərində çox dayanmamışlar. Hər halda Mirzə Kazım bəy vahid Azər¬bay¬canda yaşayan millətin türk dilini «Azərbaycan ləhcəsi» adlandırmaqla eyni soykökə, dilə, mədəniyyətə bağlı bir millətin bütövlüyündən çıxış etmişdir. Çar Rusiyası bir tərəfdən imperiya maraqlarına uyğun olan yeni “tatar millət”inin yeni bir “dili”nin ortaya çıxarılmasına müsbət baxsa da, ancaq digər tərəfdən onun “Azərbaycan ləhcəsi” adlandırılmasına mənfi yanaşmışdır. Çünki “Azərbaycan ləhəcəsi” istər-istəməz bütün Azərbaycan türklərini bir arada tutmuş olurdu ki, bu isə çar Rusiyası ideoloqlarına görə qəbuledilməz idi. Ancaq çar Rusiyası ilə müqayisədə Sovet Rusiyasının bu məsələyə fərqli yanaşmasına görə, Sovetlər Birliyi dövründə Heydər Hüseyn¬ov yazırdı ki, Mirzə Kazım bəy 1840-cı illərdə ilk dəfə “Azərbaycan dili”nin elmi qrammatika qayda¬la¬rı¬nı yaratmışdır. H.Hüseynov yazırdı: «Onu da qeyd etmək la¬zım¬dır ki, ilk dəfə olaraq məhz o (Mirzə Kazım bəy – F.Ə.), «Azər¬baycan dili» istilahını elmi cəhətdən əsaslandırmış və tətbiq etmişdir. Həm də o, «azerbidjanskiy» yazırdı». Eyni zamanda Ağamusa Axundov da «Ümumi dilçilik» əsərində yazır ki, XIX-XX əsrlər Azər¬baycan dilçiliyinin inkişafının ikinci dövrüdür və bu, M.Kazım bəydən başlayır. Onun fikrincə, 1839-cu ildə M.Kazım bəyin Kazanda nəşr edilmiş «Türk-tatar dilinin ümumi qrammatikası» əsəri «yalnız Azərbaycan dilçiliyində deyil, bütün türkologiyada böyük və yeni bir hadisə idi. Həmin əsərdə Azərbaycan dili ilk dəfə Avropa qramma¬ti¬ka¬la¬rı dəbində təqdim edilmişdi». Hesab edirik ki, onun «Türk-tatar dilinin ümumi qramma¬tikası» əsərindən fərqli olaraq “Türk-tatar xalqlarının ədəbiyyat müntəxəbatı”nın çapına (bu əsərdə Tatar, Azərbaycan və Türkiyə türkcələrində materiallar, Bulqar-türk tarixindın fraqmentlər, “Dərbəndnamə”dən fraqmentlər, Azərbaycan türk atalar sözləri, Təbəri tarixi, “Qabusnamə”nin tərcüməsindən parçalar və s. daxil idi) çar Rusiyası çox da maraq göstərməmişdir. Üstəlik, təsadüfən ya da bilərəkdən onun bu əsəri Kazan Universitetində baş verən yanğın zamanı ciddi zərər çəkmiş, bununla da işıq üzü görməmişdir. Çox maraqlıdır ki, çar Rusiyası onun üç min sözdən ibarət türk-rus sözlüyünü də nəşr etməmişdir. Görünür, çar Rusiyası bunu da imperiya maraqlarına uyğun hesab etməmişdir. Bundan sonra, Mirzə Kazımbəy diqqəti Şərq xalqlarının, İslam dininin, onun təriqətlərinin, Şərq fəlsəfi təlimlərinin tədqiqinə yönəltmişdir. Maraqlıdır ki, Mirzə Kazımbəy bu zaman da əsasən farsları və İran-fars mədəniyyətini (“Fars ədəbiyyatı tarixi kursu”, “İran eposu”, “İslamaqədərki farsların dili və ədəbiyyatı”, “Firdovsiyə görə farsların mifologiyası”) araşdırmışdır. O, “Avesta”nı xüsusilə tədqiq edərək, “Azərbaycan” anlayışı ilə “Avesta”dakı “Arien-vecd” arasında oxşarlıqların olduğunu iddia etmişdir. Belə ki, Mirzə Kazım bəy «Azərbaycan» anlayışının «odlar yurdu» mənasına qarşı çıxmış, bu sözü, farscaya aid olmayan Şimali Midiya xalq¬ının dilində yazılmış «Avesta»dakı «Arien-Vecd» vila¬yətinin adı ilə bağlamışdır: «Filoloqların və tarixçilərin «Az¬ər¬bay-can» adını «odlar yurdu» kimi izah etmələrinə bax¬mayaraq, biz «Azərbaycan» və «Arien-Vecd» arasındakı oxşarlığı da diqqətdən yayındıra bilmərik». Bizə elə gəlir ki, Mirzə Kazım bəyin belə bir nəticəyə gəlməsi çox da tutarlı deyil, üstəlik suallar doğurur. Çünki “Azərbaycan”ın “Avesta” əsasında bu cür yozumunun onun türklük mahiyyətilə çox da uyğun gəlmədiyini düşünürük. Doğrudur, Kazımbəy türklərlə bağlı olan “Uyğurlar haqqında tədqiqat əsəri” də vardır. Ancaq onun bu əsəri İran-fars mədəniyyəti, fəlsəfəsi tədqiqatları fonunda kiçik bir damladır. Bu anlamda Vilayət Quliyevin «Mirzə Kazım bəy» əsərində yazması ki, bu maarifçi ziyalımız Rusiyanın türk-tatar əhalisinin öz tarixi keçmişinə – mədəniyyətinə, fəlsəfəsinə, dini-mifoloji dünya¬görüşünə nəzər salmağı və həmin ənənələri yaşatmağı vacib saymışdır, ancaq bu çox da böyük ölçüdə olmamışdır. Digər tərəfdən görürük ki, çar Rusiyası daha çox onun İran-fars mədəniyyətinin araşdırılmasına və İslam dininin tənqidinə yönəlmiş kitablarını nəşr etməkdə maraqlı idi. Başqa sözlə, çar Rusiyasının da Avropa dövlətləri kimi, “İran mədəniyyəti”nin dirçəlməsində və İslam dininin tənqid olunmasında imperiya maraqları ortada idi. Bu anlamda Mirzə Kazımbəyin əsərlərinin çar Rusiyasının ciddi nəzarətindən sonra nəşr olunmasına şübhə etmirik. Əgər onun hər hansı əsəri çar Rusiyasını razı salırdısa, onun nəşri də problem olmurdu, ancaq çar ideoloqlarının “isti” baxmadığı əsərin çapı çox problemli olurdu. Məsələn, Türk tarixini özündə əks etdirən “Dərbəndnamə”ni bir neçə xarici dilə tərcümə edən Kazım bəy, onun çapında çox çətinlik çəkmişdir. Ancaq bunun əvəzində Kazım bəyin, İslam dinin tənqidinə yönəlmiş, İran-fars mədəniyyətinin daha çox təbliğinə xidmət edən əsərləri çarlıq tərəfindən məmnuiyyətlə  nəşr edilmişdir

 

Faiq Ələkbərli (Qəzənfəroğlu)

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru

BIR CAVAB BURAXIN