Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİRZƏ FƏTƏLİ AXUNDZADƏ (IV Hissə )

0
1039

Mirzə Fətəli Axundzadənin fəlsəfi baxışlarında din məsələsinin qoyuluşu və materalizmə meyillilik məsələsinə gəlincə, burada da düşündürücü məqamlar kifayət qədərdir. Buna ən bariz nümunə isə onun fəlsəfi əsəri hesab olunan «Kəmalüddövlə məktubları» və həmin kitabından sonra Mirzə Melkum xana, Manukci Sahibə, Cəlaləddin Mirzə və başqalarına yazdığı məktublardır. Təsadüifi deyil ki, Axundzadənin 1866-67-ci illərdə qələmə aldığı «Kəmalüddövlə məktubları» əsərinin qəhrəmanı Kəmalüddövlə də “İran”a, yəni Qacarlar dövlətinə səyahət edərək, burada “islami fanatizmi ifşa edir”. İndinin özündə də, əvvəllər də bir çox tədqiqatçılar Axundzadənin bu əsərdə İslamı olduqca sərt şəkildə tənqid etməsini başqa yerə yozmuş, məsələnin əsil mahiyyətinə varmamış, yaxu da varmaq istəməmişlər. Hazırda da Axundzadənin islama qarşı tutduğu radikal mövqeyin Azərbacan xalqının fəlsəfi fikir tarixində müsbət, yoxsa mənfi rol oynaması məsələsi öz həllini tapmamış qalır. Fikrimizcə, bu çox incə məsələdir və obyektiv şərhə ehtiyac var. Bu baxımdan Axundzadənin İslam dininə, bundan irəli gələn fəlsəfi-ideoloji düşüncələrinin fəlsəfi fikir tariximizə mənfi və ya müsbət təsirinin olması ayrıca tədqiqat tələb edir ki, biz burada bu məsələyə müəyyən qədər aydınlıq gətirməyə çalışmışıq. Birincisi, o, həmin dövrdə ruhanilərin və despotik məmurların mənfi əməllərini İslam dininin adına çıxmaqda yanlışlığa yol vermişdi. Hər halda onların mənfi əməllərinə görə, nə İslam dini, nə də onun Peyğəmbəri günahkar ola bilməzdi. Doğrudur, İslam dininə inkarçı münasibət bəsləməsinə baxmayaraq, Axundzadə onu da yazırdı ki, bütün dinləri puç və əfsanə hesab edir, azadlıq və xoşbəxtlik dininin tərəfindədir. Ancaq bütövlükdə, bu bir gerçəkdir ki, Axundzadənin əsas tənqid obyekti bütün dinlər deyil, məhz İslam dini olmuşdur. İkincisi, Axundzadə «Kəmalüddövlə məktubları» əsərində və bir sıra məktublarında yazırdı ki, İslam dininə qarşı mübarizəni “İran” xalqının rifahı naminə aparır. Bu baxımdan farsların islamdan öncəki dövrünün əzəmətindən, böyüklüyündən, cah-cəlalından söz açan Axundzadəyə görə, hicrətdən bəri isə “İran”ın başına yalnız müsibətlər gəlmişdir. Axundzadə yazır: “Ey İran, hansı sənin o şövkətin və səadətin ki, Kəymurəs və Cəmşid və Güstaşib və Nuşirəvan və Xosrov-Pərviz əsarında var idi?.. Əgərçi o növ şövkət və səadət Firəngistan (Avropa) və Yengi Dünya əhlinin bu əsrdə olan şövkəti və səadəti cənbində çıraq kimi hesab olunur gün müqabilində, lakin İranın bu halətinə nisbət nurdur zülmət müqabilində. Ey İran, o zaman ki, sənin səlatinin Peymani-fərhəngə əməl edirdilər, neçə min il dünyanın İrəmmisal səfhəsində əzəmət və səadət ilə kamiran oldular, xalq onların təhti-səltənətində neəmati-ilahiyyədən bəhrəyab olub, izzət və asayişdə zindəganlıq etdilər və yoxsulluq bilməzdilər və salibəkəflik etməzdilər və həm daxili-məmləkətdə azad və həm xarici məmləkətlərdə möhtərəm idilər və İran padişahlarının şöhrət-şövkəti külli-afaqi tutmuşdu”. Axundzadə «Kəmalüddövlə məktubları»nın əvvəlindən başlayaraq Sasanlar dövrünü cənnət kimi təsvir edir, fars şahlarını isə dünyanın yer üzərinə gəlib-getmiş ən ədalətli, cəsur, böyük fatehlər kimi qələmə verir. Sasanilər dövrünün “ədaləti”ndən, “hüquq”undan, “qayda-qanunun”dan bəhs edən Axundzadəyə görə “İran”ın bu cür möhtəşəm əsərləri İslam dini meydana çıxdıqdan sonra tamamilə məhv edilmiş, ancaq yunanlar tərəfindən bəziləri qorunub saxlanmışdır. Bir sözlə, mütəfəkkir farslardan, fars şahlarından elə danışır ki, bu zaman fars şairi Firdovsinin “İran” məddahlığından və ərəb-türk düşmənçiliyindən çox da fərqlənmir. Axundzadə yazır: «Peymani-Fərhəngin («Əhdi-hikmət»-F.Ə.) əhkamının nəticəsindən idi ki, səlatini-fürs (fars sultanları-F.Ə.) aləmdə namdar (məşhurlaşdılar-F.Ə.) oldular və milləti-fars bərgüzideyi-miləli-dünya idi (fars milləti dünya millətlərinin ən sayılanı idi-F.Ə.) və cahanyana aşikardır ki, dövri-qədimdə səlatini-fürsun ərseyi-mülki nə vüsətdə idi». Bəs necə oldu türk Axundzadə fars Firdovsinin yolunu tutdu? Axundzadə «Kəmalüddövlə məktubları»nı bitirdikdən bir müddət sonra, İsakov adlı birisinə yazdığı məktubda «Firdovsinin yolu»nu tutmasını belə izah edir ki, ondan qabaq İslam dininin «mənfur din» olmasını yalnız «Şahnamə»nin müəllifi görə bilmişdir. Axundzadə yazır: «Bu cəhətdən təkcə Firdovsi müstəsnalıq təkil edir və o öz dühası ilə, həqiqətən, kəşf edə bilmişdir ki, Şərq xalqlarının bu qədər böyük bədbəxtliyinin səbəbi ərəblər və onların insan həyatına uyğunlaşmayan mənfur dinidr. Firdovsi isə dövründə onu əhatə edən müasirlərin müdhiş fanatizmi vasitəsilə sıxışdırıldığına görə, öz fikrini ehtiyatla, guya öz əqidəsi kimi deyil, ərəb ordularına qarşı vuruşlarda sonuncu İran şahı Yezdgürdün sərkərdəsi olan Hürmüzd şah oğlu Rüstəmin əqidəsi kimi ifadə etmişdir. Məhz buna görə də, Firdovsinin əqidəsi bizim günlərə qədər mütəfəkkirlərin diqqətini özünə cəlb edə bilməmişdir. Yalnız Kəmalüddövlə (yəni Axundzadə – F.Ə.) hazırkı əsrdə Firdovsinin fikrini başa düşərək, onu parlaq bir şəkildə inkişaf etdirmişdir». Firdovsinin yolunu parlaq şəkildə davam etdirməsini iftixarla qeyd edən Axundzadənin «Kəmalüddövlə məktubları»nı yazmasının kökündə Avropaya lazım olan “İran-Fars” kimlyinin dirçəlişi və bunun müqabilində islam dinini (ərəbləri), türk-müsəlman dövlətlərini (türkləri) isə ağaşılanması idi. Necə ki, vaxtilə fars şairi Firdovsi ərəblər qədər türklərə də nifrət bələmişdir, Axundzadə də Avropa-Rus ideoloqlarının təsiri altına bu xətti davam etdirmişdir. Bu anlamda da Axundzadə fars Firdovsinin islama qarşı düşmənçiliyini Rüstəmin yeni obrazı olan Kəmalüddövlənin yolu ilə davam etdirir və bunu, özü də gizlətmir: «Siz elə güman etməyin ki, müsəlmanların Kəmalüd¬döv¬lənin ideyalarını mənimsəməsi və onun nəzərdə tutduğu məqsədin əldə edilməsi üçün əsrlər keçməlidir. Əksinə, əksəriy¬yətinin savadsız olmasına baxmayaraq, islamizmin yalan olmasına dair bu kimi ideyalar kütlə arasında çox sürətlə yayıla bilər». “İran”ın islamaqədərki əzəmətini, fars şahlarının bənzərsizliyini tərifləyib qurtardıqdan sonra Axundzadə yazır ki, İslam dini bu ölkəyə qədəm qoyandan bu dövlətdə hər şey dəyişdi, “İran” öz keçmiş şan-şövkətini itirdi: «Heyf sənə, ey İran, hanı bu dövlət, hanı bu şövkət, hanı bu səadət? Ac, çılpaq ərəblər səni min iki yüz həştad ildir bədbəxt etdilər. Sənin torpağın xarabadır və əhlin nadandır və sivilizasiyoni – cahandan bixəbərdir və azadiyyətdən məhrumdur və padşahın despotdur və despot zülmünün təsiri və üləma fanatizminin zoru sənin zəf və natəvanlığına bais olubdur və sənin qabiliyyətini künd edibdir və cövhəri-əqlini paslandırıbdır… yüz-yüz illər keçəcəkdir ki, sən rövnəqə düşməyəcəksən və asayişə və səadətə çatmayacaqsan və sivilizasiyon tapan millətlərlə bərabər ola bilməyəcəksən». Maraqlıdır ki, “İran”da farslar qeyri-qanuni hakimiyyətə gətirildikdən sonra sivilizasiyadan çox uzaqlaşdı və bu gün də çox uzaqdır. Ancaq bütün Türk dövlətlərində az-çox inkişaf vardır.. Qeyd edək ki, fars şairi Firdovsi «Şahnamə» əsərində İslam dinini və onun peyğəmbərini farslara bədbəxtlik gətirən amil kimi irəli sürmüşdür ki, Axundzadə də «Kəmalüddövlə»də, “ey İrani-biçarə, Firdovsi rəhmətullah sənin bu gününü səkkiz yüz il bundan irəli ilham ilə bilib, Hürmüzd şahın oğlu Rüstəmin dilindən xəbər verir”-deyərək, fars şairindən bol-bol misalar gətirir. Onun sözlərinə görə, “İran” milləti ərəblər və türklərin hakimiyyəti dövründə bir-birinə qarışmış, fars, türk və ərəbdən ibarət yeni bir millət meydana gəlmişdir. Ona görə də ərəblərin farslara üstün gəlməsi ilə Sasanların bəxtinin sönməsini, indən belə hakimiyyətdə türklərin və ərəblərin olacağını ürək ağrısı ilə yazan Firdovsi, Rüstəmin dili ilə ərəbləri kərtənəkələ yeyən, dəvə südü içən ac və çılpaq bir xalq kimi qələmə verir. Axundzadədə yaranan bu «farsçılıq», «fars təəssübkeşliyi» və islam düşmənçiliyinə birmənalı yanaşmaq mümkün deyildir. İlk baxışda aydınlaşdırmaq olmur ki, o, bir sıra ideyalarıını (yeni əlifba məsələsi, sivil millət və s.) həyata keçirmək üçünmü «fars təəssübkeşi» olub İslamı tənqid edir, yoxsa doğrudan da birdən-birə «fars olduğunu» anlamış və “İran” xalqının nicatı yolunu tutmuşdur. Hər halda, məlum əsərində Axundzadənin Sasanilərin keçmiş əzəməti məsələsində, o cümlədən İslam dininə və türklərə münasibətdə tamamilə obyektiv olmasını söyləmək çətindir. Axundzadəyə görə, İslam dinini qəbul etdikdən bu zamana qədər “İran” xalqının başına elə müsibətlər gəlibdir ki, dünyanın başqa bir xalqını başına belə müsibətlər, bəlalar gəlməyib. Axundzadə hesab edir ki, Ərəb Xilafətindən başlamış Deyləmilər, Qəznəvilər, Samanilər, Səlcuqlar, Atabəylər, Xarəzmşahlar, Çingizlər, Teymurilər, Şeybanilər, Çobanilər, Ağqoyunlular, Qaraqoyun¬lular, Səfəvilər, Əfqanilər, Əfşarlar, Zəndillilər, Qacarlar və başqaları “İran”ı ancaq talan edib və dağıdıblar. «Əhli-İranın bu günə bədbəxtliyinə səbəb ərəblər oldu»- deyən Axundzadə yazır ki, özlərini peyğəmbər övladı adlanıdran ərəblər hər yerdə “İran” xalqının qabağını kəsərək deyirlər: biz işləyə bilmərik, müftə yeməliyik, çünki sizi bu günə salan babaların övladlarıyıq. Axundzadə ərəblərin dilindən yazır: «Padişaha maliyyat ver, füqəraya fitrə və zəkat ver, qurban kəs, yüz qızıl, ya iki yüz qızıl xərc elə, get həcc qıl, ac ərəbləri doyur və qazandığının beşdə birisini də mənə ver». Axundzadəyə görə, belə bir vəziyyətdə “İran” xalqı onu zəlil günə qoymuş islam dini uğrunda baş-döşünə döyür, şaxsey-vaxsey naləsini göyə qaldırır və bunun səbəbini soruşanda deyir ki, bəs, min iki yüz bir neçə il bundan əvvəl beş-on ərəbi, beş-on ərəb Kufə səhrasında qırıbdır. Bütün bunların “İran” xalqı üçün ancaq bədbəxtlik arxasınca bədbəxtlik gətirdiyini iddia edən Axundzadəyə görə, islam qanunları buraya ayaq açıdğı gündən indiyə qədər guya yalnız despotizm hökm sürmüşdür. Axundzadə yazır: “Fransa və ingilis məmləkətlərində eşşəkləri və atları və öküzləri dəxi vurmaq və incitmək qədəğəndir, amma İran məmləkətində despotun fərmanı ilə, hətta cəlilüşşə üməranın ayaqlarını fələqqəyə qoyub çubuq vururlar və bir neçə vaxtdan sonra genə bu rüsvay olunmuş üməradan vəzirlər və sərdarlar qayırırlar və olardan ixlas və iradət təvəqqö edirlər və bu biçarə üməranın təbiətlərində despotun təhəkkümü təsirindən bir tövr rəzalət və übudiyyət və biqeyrətlik hasil olubdur ki, çubkarlığı özlərinə hərgiz ar bilməzlər və bu növ zillət və rüsvaylıqdan sonar genə bu dünyada zindəganlığa talib olurlar”.

Faiq ƏLƏKBƏRLİ (QƏZƏNFƏROĞLU), AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent 

Arazinfo.com