Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİR MÖHSÜN NƏVVAB 1.

0
981

Ensiklopedik (tarixçi, şair, ilahiyyatçı, rəssam, xəttat, musiqiçi) biliyə malik mütəfəkkirlərimizdən Mir Möhsün Nəvvab (1833-1919) 1833-cü ildə Şuşada dünyaya gəlmişdir. O, doğma dili türk dili (Azərbaycan) ilə yanaşı, ərəb və fars dillərini də mükəmməl bilmiş, yalnız dini elmləri deyil dünyəvi elmlərdən (riyaziyyat, kimya, coğrafiya, astronomiya, tarix və b.) də dərindən xəbərdar olmuşdur. Müəllimliklə məşğul olmaqla yanaşı, o, 1872-ci ildə “Məclisi fəramuşun” (“Unudulmuşların məclisi”) adlı ədəbi-bədii məclis yaratmışdır ki, onun da ömrü 20-ci əsrin əvvəllərinə qədər sürmüşdür. 19-cu əsrin sonlarında şəxsi mətbəəsini yaradan Nəvvabın təşəbbüsü ilə 1903-cü ildə Şuşada qiraətxana-kitabxana da açılmışdır. Türk, ərəb və fars dillərində 30-dan yuxarı əsərin müəllifi olan Nəvvabın əsas əsərləri aşağıdakılardır: “Bəhrül-hüzən”, “Təzkirə”, “Divan”, “500 nəsihət”, “Nürul-ənvar”, “Kənzül-mühən”, “Məzamir”, “Ziyaül-ənvar”, “Müseyibnamə”, “Şəmsül-hidayə”, “Şərhi-üstürlab”, “Məzlumnamə”, “Kəşfül-həqiqə” və b. Dini-fəlsəfi görüşləri. O, İslam-Şərq mədəniyyətinə və milli xüsusiyyətlər münasibətdə A.A.Bakıxanov, İ.Qutqaşınlı, Nigarinin yolunu tutmaqla yanaşı, onlara nisbətdə bu məsələlərdə daha çox mühafizəkarlığa meyil göstərmişdir. Hələ, 19-cu əsrin ikinci yarısında tanınmış mütəfəkkir Həsən bəy Zərdabinin qurucusu olduğu «Əkinçi» qəzetinə (1875-1877-ci illər) göndərdiyi yazılarında Nəvvab İslam dininin mühafizəkar müdafiəçisi kimi çıxış etmişdir. Onu «Əkinçi»yə məqalələr yazmağa sövq edən amil həmin dövrdə bu qəzetdə dünyəvi elmlərin, yoxsa dini elmlərin zəruriliyi ilə bağlı gedən müzakirələr olmuşdu. H.Zərdabinin başlatdığı bu müzakirələrdə Azərbaycan Türk ziyalıları iki – mütərəqqi və mühafizəkar qismə parçalanmışdır. Zərdabi başda olmaqla bir çox mütərəqqi ruhlu mütəfəkkirlərimiz (S.Ə.Şirvani, Ə.Gorani və b.) hesab edirdilər ki, dini elmlərlə yanaşı, dünyəvi elmlərində öyrənilməsi də zəruridir. Ancaq dini və dünyəvi elmlərdən hansının vacibliyi məsələsində islam elmlərini önə çəkən, bu mənada dünyəvi emləri də onun tərkib hissəsi kimi görən M.M.Nəvvab «Əkinçi»yə «Hadimül-Qəvaid» imzası ilə göndərdiyi bir məqaləsində H.Zərdabiyə, S.Ə.Şirvaniyə və başqa mütərəqqi ruhlu mütəfəkkirlərə üz tutaraq yazırdı ki, hər bir müsəlman ilk növbədə şəriəti bilməli və ona əməl etməlidir. Onun fikrincə, müsəlman şəriəti bilərsə, artıq onun dini ayin və mərasimlərlə bağlı əməlləri də buna uyğun olacaqdır. Məsələn, əgər bir müsəlmanın İmam Hüseynə (ə) sevgi əlaməti olaraq başını yarıb-yarmaması onun ağılsızlığına, nadanlığına dəlalət edə bilməz. Nəvvab hesab edirdi ki, bu işi görənlər hansı məqsədlə etdiklərini yaxşı anlayırlar: «Ağıllı şəxslərin baş çarpmağa mübaşir olmamağı aşkar böhtandır, bəlkə əla və ədnadan hərə bir tövr mübaşir olur. Bir parası baş çarpır, bəzi təbl ya sinc çalır, bəzi sinəzənlik edir. Qərəz, hər kəs öz əhvalına münasib bu əhvalata şərikdir». Nəvvabın fikrincə, kimsə İmam Hüseyn (ə) yolunda baş yarmağı, onun üçün göz yaşı tökməyi divanəlik, axmaqlıq kimi görürsə yanılır: “Xaricdən görən şəxs başçapanı divaniliyə həml etmək baş çapmaqlığın haramlığına dəlil olsa gərək. Biz namaz da qılmayaq, çünki çox şəxs bizim namazı da axmaqlığa hesab edir?”. O, iddia edirdi ki, başını yaran müsəlmanların nəinki bədəni zərər görmür, hətta baş çapmaq səbəbindən bir para naxoşluluqlardan salamat olurlar. Bütün bunların təcrübədə sübut olunduğunu yazan Nəvvaba görə, şəriət əqlin taxtındadır demək də iftiradır: “Şəriət əqlin təhtində olmaq məhz iftiradır, bəlkə əql şəriətin təhtindədir və əgər əql şəriətdən yuxarı olsa, murad əqli-küldür ki, xatəmül-ənbiya ola, nəinki üquli-naqisə”. Nəvvaba görə, sübut olunmuşdur ki, baş yarmaqdan bədən ziyan deyil, xeyir tapır: “Təəccüb budur ki, Əhsənül-Qəvaid özü iqrar edir üləmanın baş çarpmağı mən (qadağan) eləməyinə və bu nöqtəni fəhm etmir ki, hərgah baş çarpmaq haram olsa, üləma başıaçıq, ayaqyalın baş çarpanların qabağına düşməz”. Beləliklə, Nəvvab belə bir qənaətə gəlirdi ki, kim İmam Hüseyn (ə) yolunda baş yarmağı, göz yaşı axıtmağı ziyanlı əməl sayırsa, onlar bütövlükdə İslam dininə, Peyğəmbərə (s) və onun Əhli-beytinə qarşı çıxmış olurlar. Qeyd edək ki, bu məqalədə əsas hədəf dini xurafatı və mövhumatı tənqid edərək dünyəvi elmlərin öyrənilməsini təbliğ edən başda H.Zərdabi olmaqla “Əkinçi” qəzeti idi. Həmin məqamda H.Zərdabini və “Əkinçi”ni müdafiə edərək dünyəvi elmlərin təbliğinin vacibliyini müdafiə edən tanınmış mütəfəkkir Seyid Əzim Şirvani bu baxışlarına görə Nəvvabı tənqid etmişdir. S.Ə.Şirvani “Əkinçi” də bu məsələ ilə bağlı nəşr olunan bir şeirində Nəvvabı qəflət yuxusundan oyanmağa, əql sahibi olmağa dəvət etmişdir. O, yazırdı ki, dini elmlərlə yanaşı dünyəvi elmlərin vacibliyindən bəhs edən “Əkinçi” qəzetinin müəllifləri, o cümlədən Zərdabi nə dinindən, nə də imamlarından üz döndərməmiş, əksinə, ağlı başında olan müsəlmanlar kimi Peyğəmbərə (s) və onun övladlarına həmişə hörmətlə yanaşmışlar. Seyid Əzim yazırdı: Kim deyir ağlama sən Kərbübəla sərvərinə? Canımız cümlə fəda olsun onun Əkbərinə, Ağladı ərzü səma təşnə ölən Əsgərinə, Onu inkar edənin zatına lənət, Hadi! S.Əzim Nəvvabı başa salmaq istəyirdi ki, burada məqsəd nə imamları danmaq, nə də İslam dininə qarşı çıxmaqdır. Əksinə, İslamı daha dərindən öyrənib, başqa millətlər kimi tərəqqiyə çatmaq və köhnəpərəstliyə son qoymaqdır. Şirvani yazırdı: Xaçpərəstlər hamısı açdı gözün düşdü qabaq, Dalda qaldıq tökülüb cəhl ilə biz, ay sarsaq, Bəs nə vəqti bizə qismət olacaq göz açmaq? Əqlə gəl, Tanrıya bax, bəsdi bu qəflət, Hadi! M.M.Nəvvab isə S.Ə.Şirvaninin bu fikirlərinə cavab olaraq yazırdı ki, əgər o, doğrudan da Həzrət Əlinin yolunda olsaydı dini ayinlərə və mərasimlərə bu cür yanaşmazdı. Nəvvaba görə, əsil müsəlman o kəsdir ki, Allahı, Peyğəmbəri (s) və imamları yaxşı tanıyır və onların yolunda canlarını əsirgəmir. O, yazır: Cəddini mədh edən vəqtə, əya alicənab, Niyə qarnına düşər sancı, edərsən təbü tab, Sən dəmən kimi gözün yaşını tök, başını çap, Cəddini yaxşı tanı, mərtəbəsin qan, Əzim! Aç bəsirət gözünü şahi-şəhidanə tərəf, Baxgilan Kərbübəla səmtinə meydana tərəf. Məhliqa canları gər tiği-cəfa ilə tələf, Gör ki, sən də olusan qanına qəltan, Əzim! Nəvvab birmənalı şəkildə imamlar üçün göz yaşı töküb başlarını yararların doğru yolda olduğunu, bunun əleyhinə çıxanların isə ancaq həcvə layiq olmasına inanırdı. O, yazır: Gər yazım həcv sənə cümlə müsəlmanə dəyər, Zəmm daşın gər atam, şişeyi-imanə dəyər, Bədən hadis olan sədəmə yəqin canə dəyər, Nə edim, çarə nədir, cuş qılır qan, Əzim. Qeyd edək ki, Nəvvabın imamlar məsələsində bu cür mövqe tutması təsadüfi deyildi. Belə ki, həmin dövrün əksər Azərbaycan mütəfəkkirləri kimi, onun da yaradıcılığında Əhli-Beyt sevgisi, Həzrət Əliyə və imamlara hörmət, o cümlədən Kərbəla hadisəsi mühüm yer tutmuşdur. O, Həzrət Əliyə olan sevgisini belə ifadə edirdi: Cədi-zülfün səfheyi-rüxsarə yazmış, ya Əli, Xali-hindu guşeyi-ruyində qənbər tək ləziz. Xüsusilə, Kərbəla hadisələrinə həsr etdiyi növhələrində, o cümlədən “Məzlumnamə”sində İmam Hüseynin şəhadətə yetirilməsini dini-mistik çalarlarla ifadə edən Nəvvaba görə, Peyğəmbər övladı şəhid olub qana batan zaman aləm dağılmalı, dövran qana dönməli idi: Aləm xarab olaydı qana batanda Əkbər, Qana dönəydi dövran, peykan əməndə Əsğər, Ah ol zaman ki, düşdü bisər gülgün kəfənlər, Cismi-şərifi üryan, qana qəltan, Hüseyn vay! Yaxud da o, yazır: Kərbübəla dəşti olub laləzar, Nəşi-Hüseynim qalıbdı biməzar. Peykəri-üryani-şəhidan fikar, Eylə mədə, ey məhi-rüfət, Əli! Nəvvaba görə, həzrət Hüseyn öz şəhadətilə İslam dininə rəvac vermişdir ki, bununla da müsəlman dünyası yeni bir mərhələyə daxil olmşdur. O, yazır: Ya Hüseyn, ey xaki-payin aləmin başına tac, Ey şəhadətlən verən İslam dininə rəvac. Etgilən Nəvvabi-zarın dərdi-zarına əlac, Cəzb qıl ta bilməsin dünya nədir, üqba nədir. Yaxud da: Ey qalan Kərbübəla dəştiara zari-vəhid, Yarü-ənsarını öldürdülər bu qövmü-ənid. Ah o dəmdən ki, səni Şümri-şərir etdi şəhid, Ey şəhi-Kərbübəla, sibti-Rəsulüs-səqleyn, Seyyidi-əhli-cinan, şəhreyi-əhli-hərəmeyn. Ümumiyyətlə, Nəvvabın yaradıcılığında uzun müddət mühafizəkar “İslam mədəniyyəti”, xüsusilə şiəçilik, imamilik təəssübkeşiliyi mühüm yer tutsa da, onun dünyagörüşündə ilahi sevgi də öz əksini tapmışdır. O, yazır: Əlimdə eşq tuğrası, sərimdə yar sövdası, Nə qəm, məşhər günü, yara, sənin tək dadxahım var. Yaxud da: Yox məlaməti-aşiqi-biçarə gər candan keçə, Bir belə canan yolunda xanimandan keçə, Bu degil halva ki, molla dinü-imandan keçə, Bəlkə bu sövdayi-kamili-gükruxan sövdasıdır. Hesab etmək olar ki, Nəvvabın bu şeirlərindən sufizm iyi gəlir. Çünki Nəvvabı sevdalandıran ilahi bir sevgidir ki, Musaya bu sevgi Turda təcəlla etmişdir. O, yazır: Yar yenə cilvə edib aləmə, Cümleyi-əyadə hüveyda nədir? Ənfəsü afaqa təcəllası var, Turda Musaya təcəlla nədir? Cilvəsi əşyalara gər yetməyib Sərvdə bu qamətü bala nədir? Zülmətü nur içrə nümayan olan, Zərreyi-xurşidə peyda nədir? Nəvvab hesab edirdi ki, bu sevgi elə bir sevgidir, onu hər zahid anlamaz. Zahidin fikri-zikri maddi nemətlərdədir, amma o bilmir ki, hər şeyin sahibi var və əsil sevgi də Ona olmalıdır. Nəvvab yazır: Bir belə canana əgər aşiqi, Canını qurban edə, pərva nədir? Narına yanmağa Səməndər kimi, Şəminə odlanmağa pərvanədir? Zahidi-biçarəni heyrət alıb, Fikri, xəyalı budu, həlva nədir? Kor gəlib, kar qalıb qanmayıb, Aləmi-mənada bu məna nədir?

 

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)

BIR CAVAB BURAXIN