Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: HƏSƏN BƏY ZƏRDABİ (2.Yazı)

0
971

Bizə elə gəlir ki, Həsən bəy Zərdabinin milli birliklə dini birlik məsələsinə bu cür yanaşmasının nəticəsi olaraq, həmin dövrdə onun çağdaşı olan erməni başbilənləri təşvişə düşmüşlər. 1870-ci illərdə Tiflis¬də çıxan “Mşak” adlı erməni qəzeti Zərdabinin yuxarıdakı məqaləsini, ermənicə öz səhifəsində çap edərək, yazır ki, zəmanəmiz elm zəmanəsi olsa da, müsəlmanların ziyalıları da birlik iddiasına düşüb, Məkkəyə getmək adı ilə bütün islam xalqlarını «ittihadi-islam» ilə birləşdirmək istəyirlər. “Mşak” yazır: “Verin bizə bizim yerləri ki, keçmişdə onları güc ilə zəbt etmisiniz və ondan sonra gedib ittihadi-islamı səhralarda eləyin ki, orada islam bina olub və monqol tayfasını (bu tayfanı Avropa əhli biqabiliyyət hesab edir) birləşdirməyə səy edin”. Deməli, erməniləri islam birliyindən daha çox, “monqol” adlandırdıqları türklərin oyanışı, milli özünüdərki, eyni zamanda, “islam birliyi” adı altında bir türk-islam birliyinin yarana bilməsi təşvişə salmışdır. Zərdabi də yaxşı anlayırdı ki, bu dövrdə Qafqaz-Azərbaycan müsəlmanları ilə müqayisədə, elm, təhsil və başqa sahələrdə daha çox inkişaf etmiş ermənilərin məqsədi nədir. Bu baxımdan Zərdabi ermənilərin bu təlaşına cavab olaraq yazır: “Ey cənab, Arsruni (zikr olunan qəzetin münşisinin adıdır) əgərçi cənabınız doğru buyurursunuz ki, zəmanəmiz elm zəmanəsidir və bu halda ermənilər bizdən artıq elm təhsil etməyə rağibdirlər, amma, neçə yüz ildir ki, biz ermənilər ilə qonşuluq edirik, indi cənabınıza eyib deyilmi ki, bizim aramızda ədavət salırısınz…”. Zərdabi bundan başqa, bir neçə dəfə də müsəlmanların, o cümlədən müsəlman türklərin birləşməsinin, milli cəmiyyət-təşkilat yaratmasının vacibliyini vurğulamışdır. Zərdabiyə görə, Qərb xalqlarında olan birliyin müsəlmanlar arasında olmama¬sı¬nın başlıca səbəbkarı xalq özüdür: “Bəs tavana və kasıbların hər biri üçün lazımdır ki, insan elm öyrənib malik dünya olmağa səy etsin. Və bizim Məşriq-zəminin Avropa əhlindən geri qalmağına bir ümdə səbəb budur ki, tavana və kasıbların arasında bu barədə ittifaq yoxdur”. Zərdabi böyük uzaqgörənliklə Qafqaz-Azərbaycan müsəlmanlarını, yəni türkləri vaxtında birləşməyə çağırırdı. Türklərin qonşuları olan ermənilərin, gürcülərin bu istiqamətdə atdığı addımları vaxtında anlayan Zərdabi, eyni ideyaları öz milləti arasında yaymağa çalışırdı: «Ey müsəlmanlar, vaxt keçməmiş fikrinizi birləşməyə verin ki, dağınıq millət çox tez puç olur». Deməli, Zərdabi «Əkinçi»nin ilk saylarındaca ehtiyatla milli-dini birlik ideyalarını yaymağa başlamış, əsas diqqəti müsəlmanların-türklərin maariflənməsinə və birləşməsinə yönəltmişdir. Zərdabiyə görə, artıq zəmanə dəyişir və dünyanın ağıllı xalqları tərəqqi edirlər, müsəlmanların da arasında inkişafa meyil edənlər var ki, onların qarşısını almaq əvəzinə, kömək etmək lazımdır. Zərdabi müsəlmanların-türklərin (Azərbaycan) anlayan, qabaqcıl şəxslərindən xahiş edir ki, qəzet oxumağa əngəl olmasınlar, əksinə səy göstərsinlər ki, qəzet oxuyanların sayı çox olsun, xalq tərəqqiyə qədəm qoysun: «Onların belə irəli getməyinə mane olmaq, yəni onların keçən zəmanənin qaydası üzrə saxlamaq məsləhət deyil, ona görə ki, bu yolu onlar bizsiz də gedəcəklər. Bəs bizim anlayan və qabaqcıl kəslərə eyni məsləhətdir bu yolu onlar ilə bir yerdə getsinlər, ta ki onların tez tərəqqi etməyinə səbəb olsunlar və buna görə gələcəkdə həmçinin onlara pişrov olsunlar». Zərdabinin başlıca məqsədi Qafqaz müsəlmanlarını savadlandırmaq yolu ilə qədim bir millət olduqlarını, ancaq son əsrlərdə böhranlar yaşamaqla inkişaf etmiş millətlərin sırasından geri qaldıqlarını anlatmaq idi. Bunun üçün, müsəlman türklər maariflənməli, elm öyrənməli, təhsil almalı və məktəblərə getməli, qəzet oxumalı, milli cəmiyyətlər yaratmalı və bu kimi işlərlə məşğul olmalı idilər. Bu baxmdan Zərdabi həmişə zəmanədən şikayətlənərək köhnə bayatını oxuyan gerilikçi müsəlmanlara üzünü tutub, onlara zəmanədən şikayət etmək əvəzinə iş görməyi, tərəqqi etməyi məsləhət görür. O, qeyd edir ki, bunun əsası isə ancaq ağıldır və ağıl elə bir şeydir işləndikcə tərəqqi edər, yəni insanın elmi atdıqca ağlı da artar: «Bizim zəmanəmiz dəyişilib, biz elm sahiblərinə rast gəlmişik. Bizim ilə zindəganlıq cəngi edən millətlər elm təhsil edirlər. Ona görə gərək biz də elm təhsil edək ki, onlara zindəganlıq cəngində qalib olmasaq da, onların bərabərində dayanıb duraq, yoxsa dövlət və xoşgüzəranlıq onların əlinə gedəcəkdir və bizlər mürür ilə zindəganlıq cəngində məğlub olub tələf olacayıq». Zərdabi onu da qeyd edir ki, son illərdə (1870-ci illərdə) Rusiyanın hər yerində, o cümlədən Qafqazda da məktəblər açılır və oxuyanların sayı çoxalır. Qafqazın məktəblərinin çoxunda, o cümlədən yeganə Bakı gimnaziyasında oxuyanların sayı 500 nəfərdir ki, onlardan 250-si rus, 150-si erməni və 100-ü isə müsəlmandır. Halbuki 100 min nəfər əhalisi olan Bakıda yaşayanların böyük əksəriyyətini müsəlmanlar təşkil edir. Lakin müsəlmanlar təhsilə, elmə ciddi fikir vermirlər: «Bəs bizim məktəbxanalarımızda oxuyanlar rus, erməni və qeyri-millətlərdir. Biz müsəlmanlar elmdən vəba naxoşluğundan qaçan kimi qaçırıq, hətta padşahlıq xərci ilə də oxumaq istəmirik… Belə olan surətdə biz müsəlmanlar elm təshil etməkdən, yəni zindəganlıq cənginin əsasını ələ gətirməkdən qaçmaqlığa görə o cəngdə məğlub olub mürür ilə tələf olacayıq». Zərdabinin müsəlmanların təhsil almayacaqları təqdirdə məhv olacaqları haqqında söylədiyi fikir heç də təsadüfi deyildi. O başa düşürdü ki, əgər Qafqaz, o cümlədən Quzey Azərbaycan türkləri elm, maarif yolunu tutmasalar inkişaf etməkdə olan qeyri-millətlər türklərin mədəniyyətinə də, tarixinə də və ən əsası torpaqlarına da gələcəkdə sahib çıxacaqlar. Bu baxım¬dan türklərdə milli hissləri oyatmağa çalışan Zərdabi qeyd edirdi ki, biz necə tələf olmayaq ki, bizim qonşular bizlərdən birə əlli artıq elm, təhsil almağa səy göstərirlər. Ona görə də, elmi səviyyə baxımından onların biri əlli müsəlmana bərabərdir. O yazır: «Ey müsəlmanlar, heç mürvvətdirmi ki, tamam dünya bizim qonşularımız ilə belə elm təhsil etməyə səy etsinlər ki, zindəganlıq cəngində düşmənə faiq (üstün) gəlsinlər, amma bizlər Allahdan buyruq, ağzımıza quyruq deyib duraq? Ey müsəlmanların millət təəssübü çəkən kəsləri, bir açın gözünüzü, dünyaya tamaşa edin». Bununla da “din təəssübü” ilə yanaşı “millət təəssübü” uğrunda da mübarizə aparan Zərdabi qeyd edir ki, bu yazıları yazmaqda məqsədi nə Qafqaz, nə də bir qanda və məzhəbdə olduqları Qacarlar və Osmanlı müsəlmanlarını pisləmək, onlarla düşmən olmaq deyildir. Burada başlıca məqsəd bütün müsəlmanların inkişafına, birliyinə nail olmaqdır, ancaq bu işdə isə ona ikiüzlü ruhanilər, hacılar əngəl olurlar: «Müsəlmanların düşməni mən deyiləm, məzkur hacı kimi adamlardır ki, bizi millətlər arasında gülüş yeri edib elmdən və dünyadan bixəbər qoyub sərgərdan və payimal ediblər». Ümumiyyətlə, Zərdabi də, Axundzadə kimi xalqda «millət təəssübünün» unudulmasının başlıca günahkarını İslam dini adından çıxış edən riyakar ruhanilərdə görürdü. Ancaq Axundzadədən fərqli olaraq Zərdabi bu problemin kökünü islamın əsaslarında deyil, ruhanilərin ikiüzlü əməllərində və onların islam qanunlarına olduğu kimi əməl etməmələrində axtarırdı. Bu məsələdə islamın deyil, bu dinin təmsilçilərinin və təbliğatçılarının daha çox günahkar olmasını sübut etmək üçün Zərdabi dini və dünyəvi elmlərlə bağlı müzakirənin başlanmasına özü qəsdən şərait yaratmışdır. Belə ki, Heydəri adlı bir müəllif Dağıstandan-Petrovskidən “Əkinçi”yə yazırdı ki, şəhər əhlindən bilikli bir adam ondan bir məsələyə aydınlıq gətirməsini istəyib: “..sizin peyğəmbər Məhəmmədü Mustafa buyurmuş: elmlər iki növdür: bədənlərə aid olan elm və dinlərə aid olan elm. Ağıl da iki növdür: məişətə aid olan ağıl və axirətə aid olan ağıl. Mənə bəyan elə görüm ki, o həzrətin mənzuru bu kəlamda nə imiş. Mən öz qüvvəm qədər əqli və nəqli sözlərdən o qədər ki, bilirdim o şəxsin cavabında dedim. O şəxs mötəbər dəlillər ilə mənim sözlərimi rədd edib dedi ki, müsəlman din və məad elmi behşt və huri qılman ümudi ilə yaxşı bilirlər, amma məaşi-əqli və bədən elmi ki, onlardan ləfzən və mənən sibqəti var, bilmərrə əllərindən verib və heç bir şey. Bu iki lazım olan zaddan bilmirlər. Çün mən maleysə ləkə bihi elmün (sənin ondan xəbərin yoxdur) babətindən məəttəl qalıb və mülzəm oldum buna görə “Əkinçi” qəzetinin inşa edəndən iltimas edirəm ki, öz qəzetində isteanət üçün bizim milləti qardaşlarmızdan xahişi-cavab eləsin ki, elmi-əbdan və əqli-məaş şərhində bir müəyyən cavab yazsınlar ki, mən o şəxsi sakit edib cavabını verim”. Əslində Zərdabinin burada başlıca məqsədi həmin dövr¬də dini elmlərlə yanaşı, dünyəvi elmlərin də öyrənilməsinin vacibliyini göstərmək və millətini cəhalət yuxusundan oyatmaq olmuşdur. Zərdabi bu məsələni gündəmə gətirmək üçün özü də müsəlman alimlərinə sual edirdi ki, bəs, bu dünyəvi və dini elmləri kimdən və necə öyrənmək lazımdır: «Çünki bizim peyğəmbərimiz müsəlmanlara elmül-əbdanı (dünyəvi elmlər – F.Ə.) təhsil etməyə hökm edib və ona görə də bizlərə vacibdir ki, o elmləri təhsil edək, onları kimdən öyrənək? Və əgər bir xaricə elmül-əbdandan xəbərdar ola, ondan o elmləri öyrənmək olurmu ya elmül-ədyan (dini elmlər – F.Ə.) oxudan gərək bizlərə elmül-əbdanı da oxutsun?». Təkcə «Əkinçi» qəzetində başlayan dünyəvi elmlər və dini elmlər problemi, öz miqyasına görə milli fəlsəfəmizin yenidən təşəkkülü prosesində çox mühüm bir hadisə idi. Qafqaz müsəlmanları ilk dəfə millət və onun inkişafı ilə bağlı olan bir məsələnin açıq müzakirəsinə başlamışdı, bir-birinə həcv, nəzirə, mədhiyyə yazanlar şeir-qəzəl məclislərindən kənara çıxmışdılar. Bu baxımdan «Əkinçi»də millətin oyanışı və inkişafı naminə dini və dünyəvi elmlərdən hansının vacibliyi məsələsini meydana çıxması təsadüfi deyil, əksinə zərurətdən irəli gəlmişdi. Bu mübahisədə iştirak edən ziyalılar – H.Zərdabi, Əhməd Hüseynzadə, Ə.Heydəri, M.F.Axundzadə, S.Ə.Şirvani, M.M.Nəvvab və başqaları millətin inkişafında daha çox dünyəvi elmlərin vacibliyini irəli sürsələr də, müəyyən qədər dini elmlərin rolunu qeyd edənlər də az deyildi.

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)

ARAZİNFO.COM