Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: HƏSƏN BƏY ZƏRDABİ

0
996
XIX əsrin ikinci yarısında milli fəlsəfi və ictimai fikrin inkişafında Həsən bəy Məlikzadə-Zərdabi (1837-1907) və onun «Əkinçi» qəzetinin müstəsna rolu olmuşdur. 1837-ci il Bakı quberniyası Göyçay qəzasının Zərdab kəndində zadəgan ailəsində dünyaya gələn Zərdabi ilk təhsilini mədrəsədə almış, doğma türk dili (Azərbaycan) ilə yanaşı ərəb, fars və rus dillərini mükəmməl mənimsəmişdir. 1850-ci illərdə Şamaxıda təhsilini davam etdirən Zərdabi daha sonra 1-ci Tiflis gimnaziyasında 5-ci sinfə qəbul edilmişdir. 1861-1865-ci illlərdə Moskva Universitetində fizika-riyaziyyat fakültəsində ali təhsil alan Zərdabi buranı bitirdikdən sonra, Tiflisə qayıdaraq dövlət məmuru kimi, məhkəmə işlərində (Tiflis Mərz Palata İdarəsində) çalışmışdır. Ancaq o, burada uzun müddət işləyə bilməmiş, süründürməçiliyə, rüşvətxorluğa etiraz olaraq tutduğu vəzifəsindən istefa vermişdir. Həmin dövrdə çarizm Qafqazada mirovoy (sülh) və okurjnoy (dairə) məhkəmələri təsis edirdi ki, Zərdabi bu dəfə Quba şəhərinə məhkəmə katibi vəzifəsinə təyin olunsa da, 1869-cu ildə buradan da uzaqlaşmalı oldu.
1870-ci illərdə Bakı gimnazisiyasnda müəllim kimi işləmiş Zərdabi 1872-ci ildə yoxsul şagirdlərə yardım etmək və əhalini maarifləndirmək məqsədilə Xeyiryyə Cəmiyyəti təşkil etmişdir. Həmin Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı ilə 1873-cü ilin martında M.F.Axundzadənin “Hacı Qara” dramı Zərdabi və N.b.Vəzirovun rəhbərliyi altında səhnədə nümayiş etdirilmiş, bununla da Azərbaycan milli teatrının əsası qoyulmuşdur. Ancaq Zərdabinin xalqı qarşısında ən böyük xidməti 1875-ci ilin iyulunda “Əkinçi” qəzetinin (1875-1877) nəşrinə başlamaqla milli mətbuatın təməlini qoyması oldu. Dörd il fasiləsiz olaraq Qafqazda türk dilində qəzet nəşr etməyə çalışan və axırda istəyinə nail olan Zərdabinin təkcə bu əməli, nəinki Azərbaycan, bütün Türk dünyası üçün mühüm əhəmiyyət daşımışdır. Bütün çar Rusiyasında, o cümlədən Qafqazda ilk türk qəzeti olan «Əkin¬çi»nin yaranması ilə (1875) Azərbaycan türkləri yeni bir mərhələ¬yə qədəm qoymuş oldular. “Əkinçi” qəzetinin nəşri üçün bütün varlığını ortaya qoyan, eyni zamanda onu demək olar ki, təkbaşına ərsəyə gətirən Zərdabinin bütün fədakarlıqlarına baxmayaraq çarizm çox keçmədən bu qəzeti bağlatdırmış və onun özünü də doğulduğu Zərdab kəndinə sürgünə göndərmişdir. Təxminən 20 ilə yaxın Zərdab kəndində müəllimlik və elmlə məşğul olan Zərdabi, 1896-cı ildə yenidən Bakıya qayıdaraq ömrünün axırna¬dək “Kaspi” qəzetində fəaliyyət göstərmişdir. Çox keçmədən Bakı Şəhər Dumasının da üzvü seçilən Zərdabi, eyni zamanda Azərbaycan müəllimləri qurultayına da sədrlik etmişdir.
Yeri gəlmişkən, «Əkinçi» qəzetinin fəal yazarları arasında Əhsənül-Qəvaid adlı bir imzaya da rast gəlirik ki, bəzi tədqiqatçıların fikrincə, Ə.Qəvaid Həsən bəy Zərdabi ya da Hacı Məhəmməd Sadığın təxəllüsü olmuşdur. Məsələn, Firudin bəy Köçərlinin «Azərbaycan türklərinin ədəbiyyatı» kitabının ikinci cildinin izah və qeydlər bölümündə yazılır ki, Əhsənül-Qəvaid maarifçi və jurnalist, gəncəli Hacı Məhəmməd Sadığın təxəllüsüdür. M.Sadıq həmin dövrdə Rəştdə yaşamış və oradan «Əkinçi»yə məqalələr göndərmişdir. İzah və qeydlərin tərtibçisi fkrini əsaslandırmaq üçün Feyzulla Qasımzadənin «XIX əsr Azərbaycan ədəbiyyatı tarixi»nə, 1960-cı illərdə nəşr olunmuş, üç cildlik «Azərbaycan ədəbiyyatı tarixi»nə istinad edir. Digər tədqiqatçılar, məsələn Salman Mümtazla  Heydər Hüseynova görə isə Əhsənül-Qəvaid imzalı müəllif Həsən bəy Zərdabinin özüdür. Doğrudur, Zərdabi «Əkinçi»nin saylarının birində yazmışdır ki, onu Əhsənül-Qəvaid hesab edənlər yanılırlar: «Quba şəhərində Hacı Nəcəfqulu və Məşədi Məhəmməd adından Əhsənül-Qəvaidə yazılıb, bizim adımıza göndərilən həcv kağızını yazana bəyan edirəm ki, cənab Əhsənül-Qəvaid bu halda İrana səfərə gedib. Çünki cənab molla bizi Əhsənül-Qəvaid hesab edib, ona binaən biz Əhsənül-Qəvaidin əvəzində ol cənaba ərz edirik ki: Əgər yarasanın gözü gündüzlər görmürsə, günəşin günahı nədir?». Hesab edirik ki, Zərdabu bu sözləri məcburiyyətdən yazmışdır və “Əhsənül-Qəvaid” imzası ona məxus olmuşdur. Çünki Zərdabi ilə “Əhsənül-Qəvaid” imzalı müəllifin bütün fikirləri tamamilə eynidir.
Dini və ictimai-maarifçi görüşləri. Zərdabinin dünyagörüşündə dini və ictimai-maarifçi məsələlər mühüm yer tuturr. Onun çağdaşlarından başlıca üstünlüyü dini və ictimai-maarifçi ideyaları ortaya qoymaq üçün daha əlverişli bir vasitəni – mətbuatı seçməsi idi. Mətbuat xalqın kütləvi şəkildə maariflənməsi, Azərbaycan türklərinin oyanışı, milli-dini birlik ideyasının yayılması baxımından çox önəmli idi. Ən vacib məqam odur ki, «Əkinçi»nin dövründə köhnəpərəstlərə (lokal-sxolastik-gerilkçi islamçılara) qarşı bütöv bir yenipərəstlər (dünyəvi-yenilkçi islamçılarla türkçülər) cəbhəsi yarandı. Artıq Azərbaycan Türk ziyalıları tək-tək deyil, xüsusilə Zərdabinin və onun “Əkinçi”si ətrafında toplananların simasında sxolastik fəlsəfi dünyagörüşə və mühafizəkarlığa qarşı, müəyyən mənada vahid cəbhədən mübarizə aparmağa başladılar.
Azərbaycan türklərinin yenidən təmərküzləşməsi və milli-dini birliyin yaranması Zərdabinin yaradıcılığında vəhdət təşkil etmişdir ki, onun «müsəlman», «müsəlman milləti» ifadələri ilə «türk», «Qafqaz türkləri», «türk milləti» anlayışları bir-birinin sinonimi anlamında idi. Başqa sözlə, ana dilinin və millətinin «türk» olduğunu yaxşı dərk etdiyi üçün «Əkinçi»də tez-tez doğma dilini “türk dili” adlandırmaqla yanaşı Zərdabinin “Qafqaz müsəlmanları”, “müsəlman”, “islam milləti” anlayışlarından istifadə etməsi də təbii idi. Zərdabi «Əkinçi»yə yazdığı məqalələrinin birində bu məsələyə müəyyən qədər aydınlıq gətirməyə çalışmışdır. Onun fikrinə görə, qədim dövrlərdə Qafqaz Asiya ilə Av¬ro¬pa arasında körpü rolunu oynamışdır. Asiya qitəsində əhali çoxaldıqca Qafqazdan köçüb Avropaya gedirmiş. An¬caq bununla yanaşı, həmin tayfalardan bəziləri Qafqazda məskunlaşmışlar. Zərdabiyə görə, sonra Qafqaza ərəblər gəlib və buranın əksər əhalisini islamlaşdırmışdır. Lakin Qafqaz millətlərinin əksəriyyəti islamı qəbul etsələr də, etnik tərkibin rəngarəngliyi onların bir millət kimi birləşməsinə əngəl olmuşdur. Bu baxımdan Zərdabi Qafqazda yaşayan xalqların etnik müxtəlifliyini nəzərə alaraq, daha çox «müsəlman» anlayışından istifadə etmişdir. Eyni zamanda XIX əsrdə, «müsəlman», «islam milləti» anlayışının Türk xalqları arasında hökm sürdüyü bir zamanda, Zərdabinin yalnız “türk” kimliyini önə çəkməsi çox zor idi. Bu baxımdan Zərdabi müsəlman kimliyini də gözardı etmədən, yenidən Azərbaycan türklüyünü oyandırmağı qarşısına əsas məqsəd kimi qoymuşdur. Məhz bu əqidəyə görə də Zərdabi «Əkinçi»nin ilk sayındaca rus dilində olan hökumət qərarlarının, fərmanlarının doğma türk dilinə tərcümə ediləcəyini bildirmişdir: «Məzkur qərardadı biz öz türk dilimizə tərcümə etmişik».
Ümumiyyətlə, Zərdabi bütün məqalələrində və yazılarında xalqının dilini türk dili kimi göstərmişdir: «Qəzet çap edən gərək bəistilahi-türk cümləqayğı olsun», yaxud da «beistilahi-türk qəzet çıxardanların növğanıdır». Zərdabi məqalələrinin birində Türkiyə türkcəsi ilə Azərbaycan türkcəsi arasında bağlılığı göstərməklə yanaşı, oxunuşundakı çətinliyi də qeyd etmişdir. O bildirirdi ki, Osmanlı Türkiyəsində yeni məktəblər açılıb, orada elmi kitablardan dərs deyilir, yaxşı olardı həmin kitablar Azərbaycan türkcəsinə uyğunlaşırılıb şair kitablarının əvəzinə məktəblərdə oxunsun. Çünki Türkiyə və Azərbaycan türklərinin dilləri demək olar ki, oxşardır və cüzi fərq var. Halbuki çar Rusiyasının Azərbaycanda apardığı siyasətə görə, iki türk xalqının dillərinin yaxınlaşdırlması deyil, tam əksinə uzaqlaşdırlması vacib idi. Necə ki, Axundzadə çarizmin bu siyasətinə əməl edərək, Türkiyə türkcəsi ilə Azərbaycan türkcəsini az qala yad dillər kimi qələmə vermişdi. Ancaq Zərdabi çarizmin bu siyasətinin əleyhinə çıxaraq Türkiyə türkləri ilə Azərbaycan türklərinin dil və etnik mənşə birliyini ortaya qoyurdu.
Ümumiyyətlə, Zərdabi bütün yaradıcılığında Türk xalqlarına münasibətdə daim dil və adət-ənənə birliyini, müsəlman xalqlarına münasibətdə isə din birliyini önə çəkmişdir. Türk xalqlarının əksəriyyəti də müsəlman dinində olduğu üçün, hər iki məsələnin birlikdə həyata keçirilməsi Zərdabi üçün daha məqsədəuyğun olmuşdur. Başqa sözlə, Zərdabinin görüşlərində ayrı-ayrılıqda türk birliyi və islam birliyi, eyni zamanda ikisi bir yerdə türk-islam birliyinin ilk cizgilərini görmək mümkündür. Ancaq Zərdabinin yaşadığı dövrdə islam dini ya da müsəlman kilmliyi ağır basdığı üçün o, “İslam birliyi” çərçivəsində Türk-İslam birliyini ifadə etməyə çalışmışdır.
Bu mənada Zərdabinin “Əkinçi” qəzetində milli-dini birlik mənasında anlaşılan «İslam birliyi»– «İttihadi-islam» ideyasını irəli sürməsi təsadüfi olmamışdır. Zərdabi bunu, ümumilikdə bütün mü¬səl-manların bir-birilə daha yaxından tanış olması, bir-biri¬nin dərdlərini, problemlərini öyrənməsi və çıxış yollarını birlikdə axtarması baxımından irəli sürsə də, əsas diqqəti müsəlman türk xalqlarının, o cümlədən çar Rusiyasının əsarəti altındakı türklərin maariflənməsinə, oyanışına və birliyinə yönəltmişdir. Başqa sözlə, o, bir tərəfdən bütün müsəlmanların bir-birləri ilə anlaşmasını vacib saydığı kimi, eyni zamanda müsəlman türk xalqlarının bu məsələdə öncüllüyünü əsas tutmuşdur. Məsələn, onun fikrinə görə, İslam dünyasında mühüm yeri olan Qurban bayramının mənası heç də o demək deyildir ki, müsəlmanlar qurban kəsib kef-damaqla yesinlər, onlar həm də bu bayramdan istifadə edərək problemlərini birlikdə müzakirə etməlidirlər: «Qurban günü tavana müsəlmanlar Məkkəyə cəm olub, bir yerdə ziyarət edib, bir-birinə öz dərd qəmlərindən xəbər verirlər. Yəni Qurban bayramının artacaq şərafətli olmağına səbəb odur ki, bu bayramda olan ziyarət ittihadi-islama baisdir. Məkkəyə getməkdən murad bir bu deyil ki, gedib ziyarət edib qayıdasan. Lazımdır ki, oraya cəm olan müsəlmanları görüb əhvalpürsan olub öz qardaşlarını tanıya bilsin». Onun fikrincə, Məkkəyə gedən müsəlmanlar bu baxımdan ziyarətlə kifayətlənməməli, bir-birlərinin dərdlərindən hali olmalı, öz din qardaşlarını yaxından tanımalıdırlar, ancaq Məkkəyə gedən¬lərdən heç kəs buna əməl etmir: «Biz elə avam olmuşuq ki, nə ki, qeyri tayfaları, hətta öz qardaşlarımızı tanıyıb bilməyə qadir deyilik. Qardaşlar, məktəbxanalar bina edib oxuyun ki, heç olmasa öz qardaşlarınızın dilini öyrənib, müsəlmanlığın ittihadına əməl edə biləsiniz, yoxsa bizim gözəl Qurban bayramı və Məkkə səfəri ölünün əyninə geyilən faxir libasa oxşayır».
Gördüyümüz kimi, Zərdabi əvvəlcə Məkkəyə gedən bütün müsəlmanların burada əsas məqsədlərinin nə ola biləcəyini anladır, daha sonra da milli məktəblər açmaq yoluyla bunun gerçəkləşə biləcəyinə işarə vurur. Bizcə, Zərdabi də burada Əfqani kimi, “İslam birliyi”nin tərəfdarı olmaqla yanaşı, hər bir müsəlman xalqının milli birliyi başa düşdükdən sonra bunun gerçəkləş biləcəyinə inanmışdır. Yəni hər hansı müsəlman xalqı öz milli ruhundan uzaq qalıbsa o zaman, dini ruhu da yetərincə olmayacaqdır. Bu anlamda milli ruhla dini ruh eyni dərəcədə inkişaf etdirilməli və bir-birini tamamlamalıdır.
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)
ARAZİNFO.COM