Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ƏLI BƏY HÜSEYNZADƏ (TURANİ) 4.Yazı

0
645

Birincisi, Əli bəy Hüseynzadənin bu fikirlərindən belə bir nəticə çıxartmaq olar ki, Türklərin, Türk aydınlarının “İran”a olan sevgisi “İran”ın şimalının türk-müsəlman, cənubunun (farsdillilərin) isə müsəlman olmasına görədir. Əgər farsdillilər nə zamansa islamlıqdan imtina edərək zərdüştlüyə dönərlərsə, türklər birmənalı şəkildə onlardan ayrılacaqlar. Başqa sözlə, Hüseynzadə “İran mədəniyyəti” adı altında zərdüştlük maskasına bürünmüş fars şovinistlərinə demək istəyirdi ki, farslarla türkləri bir arada tutan “ortaq vətən” ya da fars mədəniyyət, fars dini (zərdüştlük), fars dili deyil, əsas İslam dini və İslam mədəniyyətidir. Əgər farslar türklərlə onları birləşdirən əsas bağdan – İslam dini və İslam mədəniyyətindən uzaqlaşıb zərdüştlüyə, fars mədəniyyətinə üz tutmaq niyyətindədirlərsə Türklər onların yoluyla getməyəcəkdir, çünki türklərin öz yolu vardır. “Atəşi-Zərdüştü heç bir vaxt təqdis edəmiyəcəyiz. Biz Zərdüştə Budda və Konfusi ilə bərabər ancaq hörmət edə biləriz” deyən Hüseynzadə şiəlik-cəfərilik məzhəbinin də “İran”ın, fars mədəniy-yətinin adına çıxılmasına qəti etiraz edirdi. O, yazırdı: “Şimdi, şiə məzhəbini burada zikr etməməkdən istidlal edə bilərəm ki, onu İran ixtiraatından ədd ediyorsan! Lakin yanılyorsan, zikr etdiyin dörd məzhəb (hənəfilik, şafilik, hənbəlilik, maliklik – F.Ə.) ixtiraatdan mədud olamayacağı kimi, şiəlik də nə ixtiradır və nə də İran ixtirasıdır. Haqq bildiyimiz bu beş məzhəbin beşi də islamiyyətin ibtidayi-zühuruna qərib zamanlarda ya çox az sonra övsuq və o vaxt əldə bulunan mənbələrə istinadən ictihad yoluyla təşəkkül etmiş məzhəblərdir. Ona görə də, ixtira deyil, ictihaddır! Onların cümləsi zahirən cüzi ixtilafat ilə bərabər, batinən eyni məqsədə xidmət edirlər. Həblülmətin – İslamdan ayrılmazlar”. İkincisi, Hüseynzadə farslara xəbərdarlıq edirdi ki, indi “İran” adlanan ərazi əsasən iki hissədən ibarətdir, onun da yalnız cənubunda farslıq, fars dili, fars mədəniyyəti hakimdir. “İran”ın böyük bir hissəsində, o cümlədən Azərbaycanda, Xorasanda isə türklük, Türk dili, Türk mədəniyyəti mövcuddur ki, bu da, Baykaldan başlayıb Afrika səhralarına qədər geniş bir ərazidə hökm sürən Türk aləminin (Turanın) ayrılmaz bir hissəsidir. O, yazırdı: “Qövmiyyət bəhsinə gəlincə məlumdur ki, Rusiya əhalisinin bir qismi türklərdən ibarət olduğu kimi, İranın da bütün cəhəti-şimaliyyəsi bilxassə Azərbaycan qitəsi türkdür. İranın əyaləti-cənubiyyəsinə gəlincə burada sakin olan farsların adət, əxlaq və hətta lisanca türklərdən o qədər fərqləri yoxdur, hətta lisanca diyoruz, çünki hər iki dil müsəlmanlaşdığı üçün bir-birlərinə o qədər təqərrüb etmişdir ki, cüzi bir himmətlə fars türkün, türk farsın lisanını anlaya bilir, çünk fərq lüğətlərdə olmayıb ancaq qəvaiddədir… İran farslarının qanı türk və fars qanlarından ibarət olduğu kibi İran türklərinin də qanı eyni-ənasirdən mürəkkəbdir”. Bizcə, Hüseynzadə “ortaq din”dən sonra müəyyən qədər “ortaq yurd”, ortaq “dil”, “ortaq qan” məsələsi baxımından türklərlə farslar arasında bərabərlik işarəsi qoyması da təsadüfi deuildi. Başqa sözlə, “İran” adlandırılan bu ölkəyə farslardan çox türklərin haqlarının olduğunu, ancaq qaynayıb qarışma nəticəsində “iranlı” adını almış hər iki xalqın “İran”da artıq eyni hüquqlara malik olmasına işarə edirdi. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Qacarlar süquta uğrayana qədər “İran” nə qədər farslara aid anlayış idisə, Turan da bir o qədər türklərin idi. Üstəlik, ötən min il ərzində də Türklər yalnız Turan da deyil, farsdillilərin yaşadığı kiçik “Farsistan”da da hakim qüvvə idilər. Artıq burada dövlət dili, rəsmi yazı nə qədər önəmli olursa olsun, bütün hallarda idarəetmə Türklərin əlində olmuşdu. Bir Türk dövləti zamanı gələndə gedər, digər Türk dövləti onun sülaləsinin yerində Turanda, o cümlədən kiçik “Farsistan”da hakim olurdu. Bunu, artıq Türk olmayan bütün millətlər, etnoslar o cümlədən farsdillilər də təbii hal kimi qəbul etmişdilər. Beləliklə, Hüseynzadənin siyasi-fəlsəfi ideyaları dörd xəttdə yekunlaşmışdır. O, yazırdı: “Biz İnsanız: Binaənəleyh hər şeydən əqdəm bütün duma ilə bərabər bilafərq məzhəb və qövmiyyət insanlığı, insanlıq hüququnu müdafiə ediniz. Məzlum olan sinifləri zalım siniflərin təcavüzatından azad etməyə çalışınız, müsavati-tammə istəyiniz. Yeriz, yurdsuz əkinçilərimizə, kəndlilərimiz yer-torpaq tələb edin, füqərayi-kasibəmizin şəraiti-təəyyüşünü təshihə çalışınız. Biz Qafqazlıyız: Qafqaz əhlinin öz ümuri-idarəsinə özü baxa bilmək üçün lazım gələn muxtariyyət tələb ediniz. O, yazırdı ki, bütün Qafqaz xalqları, o cümlədən türklər əsarəti sevməyən, qul olmaqdansa köç edib azadlığa üstünlük verənlər, hətta əsir düşdükləri halda ağa olmağa bacaranlardırlar. Ancaq onların arasında Qafqaz türklərinin yeri ayrıdır: “Bəncə Qafqaz türkləri türklərin ən hürriyyətpərəstidir”. Biz Müsəlmanız: Ona görə öz əqayidi-diniyyəmizdə hürriyyəti-vicdanımıza hər nə lazımsa onu istəyiniz, onu tələb ediniz. Biz Türküz: Dilimizin, lisanımızın tərəqqisinə mane olan hər növ sədlərin, divarların yıxılmasına, rəf olunmasına qeyrət ediniz!..”. Hüseynzadənin Türk xalqlarına çatdırmaq istədiyi digər bir fikir isə ondan ibarət idi ki, islamçılıq və türkçülüklə yanaşı, bu ideyaların mahiyyəti ilə ziddiyyət təşkil etməyən Avropa mədəniyyətinin təbliği də vacibdir. Ancaq Qərb mədəniyyətini mənimsəmək heç də müsəlmanların, türklərin avropalaşması, avropalıları təqlid etməsi anlamına gəlməməlidir: “Türkün irtidad edib firəngləşməsi firənglərin ya mürtədlərin tərəqqisi deməkdir, yoxsa türk, ya müsəlman tərəqqisi demək deyildir!”. Yeri gəlmişkən, Hüseynzadə təzadlı görünsə də, bir müddət Osmanlı sultanı II Əbdülhəmidi müstəbid, despot adlandırıb ona qarşı müxalif olan “Yeni türkləri” (Gənc türkləri) müdafiə etməklə yanaşı, ancaq sonuncuların həddən ziyadə ingilis “sevdası”nı da doğru saymamışdır: “Sultan Həmid isə az qalır ki, yeni türklərin fərqadi-canxəraşından bizar olub, ingilis kralının nəzdinə qaçsın. Yeni türklər isə zatən fələyin əlindən həp ingilis ölkəsinə qaçıyorlar… həp ingilis, ingilis, ingilis! Bir deyən yoxdur ki, canım, bu nə ingilisbazlıqdır? Aləmi-islamın qoca bir bir nisfini qanlı bir biftek kimi bəl edən bu ingilislərin nə olduqları halə anlaşılmadımı?”. O, yazırdı: “Şimdi bizə diyorlar ki, madam ki, ingilislər, firənglər, filanlar böylə imişlər, nə üçün siz də Səid paşalar, Salarüddövlələr kimi “Füyuzat”ınızda ingilislərə, firənglərə müraciət ediyorsunuz. Ortaya gah Hötenin “Faust”unu, gah Şekspirin “Yuli Sezarı”nı, gah nə bilim hankı avropalının hankı əsərini çıxarıyorsunuz! “Avropalılaşalım”, “firəngləşəlim” deyirsiniz?! Lakin ey qare, müraciətdən müraciətə fərq vardır. Biz avropalıların ədəbiyyatlarına, sənayelərinə, ülum və maariflərinə, kəşfiyyat və ixtiraatlarına müraciət etmək istəyiriz, özlərinə deyil. Biz istəyiriz ki, İslam ölkəsinə onların beyinləri, dimağları girsin, boğazları, mədələri girməsin. Biz istəriz ki, ölkəmiz onların beyinlərini həzm etsin. Yoxsa, mədələrində həzm olunmasın”. O, yazırdı ki, bir gün qərblilərin mədəniyyət adı altında şərqlilərin başına açıdğı oyunlara görə cavab verəcəklərinə, yəni M.Ə.Talıbovun da yazdığı kimi, şərqlilər sürətlə tərəqqiyə başlayıb avropalıların özlərindən öyrəndiyi texnologiya sayəsində onları məğlub duruma gətirəcəklərinə heç də az ümid etmir: “Ah, o günlər! O günləri Şərq aləmi qəribən görəcəkmidir? Görərsə, əminəm ki, o cəhənnəm kənarına gətirə bildikləri hərifləri hər halda əfv edər. Heç bir vaxt cəhənnəmə atmaz. Bəlkə özlərini də, onları da cəhənəm əzabından xilas ilə bütün aləmə həqiqi bir sülh və asayiş təmin edər. İttihad etməliyiz, ittihad. İttihada doğru tərəqqi etməliyiz! İttihad və tərəqqi edərsək, o günləri də görəriz. Avropanın kisveyi-mədəniyyətinə bürünən bir tağım vəhşi həriflərinə “Qələt etdim”, “Tövbə etdim, bir daha yapmam” da dedirtdiriz! Lakin o günlər gəlincəyə qədər həriflərin mədəniyyət naminə etmədikləri qəddarlıq qalmayacaqdır. Çünki haqq qüvətlinindir”. O, yazırdı: “…islam arasında təfriqə salmaq üçün avropalıların əlində daha bir vasitə qalıyor ki, o da Şərq bürokratiyası ilə hökuməti-mütləqələridir. Avropa diplomatları Şərqdə mütləqiyyətin bəqasını arzu ediyorlar. Çünki əvvəla, bir qaç kişidən mürəkkəb idareyi-keyfiyyə heyətini hər zaman qolaylıqla əldə etmək və çaldıqları düdüklə istədikləri kimi oynatmaq mümkündür. Saniyən, idareyi-mütləqədə millət ilə hökumət yekdigərindən təbaüd etdiyindən açıq qalan məsafə hər növ fitnə və fəsada müsaid bir meydan oluyor”. Bilgəmizə görə, İslam aləmi tərəqqi edəndə də, etməyəndə də, müsəlman arasında birlik olanda da, olmayanda da Avropa tərəfindən daim tənqid olunub: “İttihad və ittifaq istəsək də, şikayət edərlər, nifaq və şiqaqa düçar olsaq da, şikayət edərlər! İttifaqımız bunlar üçün bir təhlükə, nifaqımız yenə təhlükə. İttifaq etsək “panislamizm” adı qoyarlar”. Belə anlaşılır ki, avropalıların xoşuna getmək üçün ya məhv olmaq, ya da onların köləsi olmaq lazımdır. O, yazırdı: “Nə etməli? Ya boynumuza bir zənciri-əsarət salmalı! Zəncirin bir ucunu da əllərinə verməli, yaxud məhvü nabüd olmalı, vəssalam!.. Üç-dörd yüz milyon xalq ya əsarətdə, ya məhviyyətdə!.. Başqa heç nə!..”. Bununla da, Hüseynzadə avropalaşmaq dedikdə, onun elm və texnologiyasını qəbulu etsə də, əxlaqi-mənəvi mahiyyətini qəbul etməmişdir. Başqa sözlə, o, yeniləşməyi zahirən Qərb mədəniyyəti, mahiyyət baxımdan İslam-Türk dəyərləri çərçivəsində görmüşdür. Hər halda, Hüseynzadə Qərb mədəniyyətini mənimsəməyi tövsiyə etməklə yanaşı, onların əsil niyyətlərini yaxşı bilirdi. Xüsusilə də, avropalıların aşkar və gizlində dəstəklədiyi mütərəqqi hadisə kimi görünən, «əlifba islahatı» (ilk baxışda mütərəqqi mahiyyət daşıyan ərəb əlifbasında ya dəyişikliklərin edilməsi, ya da latın əlifbasına keçirilməsi türk xalqlarını parçalamağa yönəlmişdir), «din islahatı» ideyaları altında əslində əsasən İslam və Türk xalqlarını parçalamağa yönəlmişdir. Bu səbəbdəndir ki, M.F.Axundzadənin, M.A.Şahtaxtlının «əlifba və din islahatları», Mirzə Kazım bəyin «dil islahatı» Avropa-Rusiya alimləri tərəfindən rəğbətlə qarşılanmış, onlara lazımı dəstəklər verilmişdir. Hüseynzadə bu «islahatlar»ın antislam, antitürk mahiyyətini görərək bildirmişdir ki, «əlifba islahatı»nın (Buna «din islahatı»nı da əlavə etmək lazımdır. Sadəcə, o dövrdə Axundzadənin antislam ruhlu «Kəmalüdövlə məktubları» hamı kimi ona da məlum deyildi) tərəfdarlarının (Axundzadə, Şahtaxtlı) Tiflisdən bunu bəyan etmələri çox düşündürücüdür: «Üç yüz milyon İslamın əlifbasının altmış-yetmiş milyon türkün imlasını bir hökmi-qaraquşilə türkün, İslamın mərkəzindən uzaq olan yuvalarından birdən dəyişmək istəyirlər! Halbuki, böylə mühüm bir əmr üçün kəndilərində lazım gələn məlumatdan əsər belə yox! Türkün imlasını islahı üçün deyil, sərf və nəhvi mükəmməl bilmək, bəlkə bütün türklərin tarixinə, ədəbiyyatına, etnoqrafiyasına, fonologiyasına haqqı ilə aşina bulunmaq tələb edər».


AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)

Arazınfo.com