Azərbaycan Tərtər istiqamətində pilotsuz aparat tətbiq edirsə bunun ruslara nə dəxli?

0
657
 

Xəbər verildiyi kimi İsrail mediası Azərbaycan ordusunun iyulun əvvəllərində bu ölkədən yeni alınmış Orbiter-1K pilotsuz döyüş aparatının tətbiqi ilə bağlı qalmaqallı yazı dərc etmişdi. Orada deyilirdi ki, Azərbaycan tərəfi pilotsuz aparatları istehsal edən “Aeronautics Defense Systems” şirkətinin operatorlarından PUA-nı təmas xəttinin şimal istiqamətində real döyüş şəraitində tətbiq etməyi istəyiblər. Lakin şirkətin iki operatoru bundan imtina edib.

Nəticədə şirkətin yüksək vəzifəli menecerlərindən biri məcbur olub ki, PUA-nı erməni hədəfinə özü tuşlasın. Və bu sınaq o qədər də uğurlu olmayıb.Bildirilirdi ki, Azərbaycan Müdafiə Nazirliyi məsələ ilə bağlı İsrail tərəfinə şikayət edib. İsrail Müdafiə Nazirliyi məsələni araşdırır, şirkətin sınaqlardan imtina edən operatorları isə işdən çıxıb.

Virtualaz.org xəbər verir ki, Azərbaycana qarşı vaxtaşırı olaraq sifarişli yazılarla çıxış edən Rusiya qəzeti “Nezavisimaya qazeta” bu qalmaqala absurd reaksiya verib. Qəzet yazır ki, İsrail mətbuatının məlumatlarına əsasən bu ölkənin Müdafiə Nazirliyi “Aeronautics Defense Systems” şirkətinin Azərbaycanda ötən aykı sınaqlarda iştirak edən nümayəndələrinin ifadəsini alır və təhqiqatı bu günlərdə yekunlaşdırmalıdır.

Lakin qəzet iddia edir ki, Azərbaycanın öz suveren ərazilərində həyata keçirdiyi bu PUA sınağı ilə bağlı qalmaqalın iştirakçısı nəyə görəsə Rusiya da ola bilərmiş.

Bəs qəzet bu absurd iddianı nəylə əsaslandırır? Rusiyanın Azərbaycan ordusunun Tərtərdə, yaxud öz ərazisinin hansısa başqa səmtində həyata keçirdiyi sınağa nə dəxli ola bilərdi ki, bu qalmaqalın iştirakçısına çevrilsin?

Qəzetin hərbi əlavəsinin redaktoru Vladimir Qundarev bu absurd tezisini belə əsaslandırmağa çalışır ki, Rusiya Ermənistanla birgə qoşun qruplaşması yaradıb və birgə qoşun qruplaşması artıq fəaliyyətə başlayıb. “Moskva belə görünür ki, kəşfiyyatın münaqişə zonasında təxribatlar barədə xəbərdarlığına ciddi yanaşıb və Azərbaycan-Ermənistan münaqişəsinin kəskinləşməsi təhdidini bu yolla satın alıb. Birgə qoşun qruplaşmasının vəzifəsi dövlət sərhədlərinin qurudan və havadan müdafiəsi, qoşunların və kritik mühüm obyektlərin hava hücumlarından qorunması kimi məsələləri əhatə edir. Beləliklə, İsrail zərbə pilotsuz aparatları ilə erməni obyektlərinə zərbə hipotetik olaraq iri beynəlxalq qalmaqala çevrilə bilər”-müəllif yazır.

“Nezavisimaya qazeta”nın bu məntiqi heç bir tənqidə davam gətirmir və göründüyü kimi başdan ayağa absurddur. Rusiya-Ermənistan birgə qoşun qruplaşması ancaq Ermənistan ərazisində tətbiq edilə bilər və bu, müvafiq sazişdə əksini tapıb. Deməli həmin birgə qoşun qruplaşmasının Tərtərdə erməni mövqelərinə PUA zərbəsi endirilməsinə heç bir dəxli ola bilməzdi. Hansı ki, Azərbaycan ordusu ermənilərin atəş nöqtələrini susdurmaq üçün müxtəlif təyinatlı silahlardan , o cümlədən İsrail istehsalı olan “Spike” raketlərindən və ya Rusiyadan alınan silahlardan istifadə edir. Əgər Azərbaycan Rusiyadan aldığı silahları öz ərazisində necə tətbiq etmək məsələsində sərbəstdirsə (hansı ki, bu belə də olmalıdır) o zaman İsraildən alınan PUA-ları sınaqdan keçirmək üçün nəyə görə ruslardan nəsə soruşmalıydı və Rusiya nə səbəbdən “qalmaqala” qarışmalıydı?

Görünür bu absurd tezislə çıxış etməklə Rusiyada kimlərsə xatırlatmaq istəyir ki, Ermənistan-Rusiya birgə qoşun qruplaşması var və bu qruplaşma Azərbaycanı öz ərazilərini işğaldan hərbi yolla azad etməkdən çəkindirməyə yönəlib…

F.Məmmədov

Virtualaz.org

BIR CAVAB BURAXIN