Azərbaycan Silahlı Qüvvələri 2020-ci ilin oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlamışdır

0
1792

Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Rayon işğal edilərkən 1 şəhər, 5 qəsəbə və 79 kənddən ibarət idi. 27 illik işğal nəticəsində Zəngilanın sərvətləri düşmən tərəfindən tar-mar edilib, infrastruktur sıradan çıxarılıb, yaşayış məntəqələri vandalizimə məruz qalıb. Rayon ərazisində olan evlər, tarixi abidələr tamamilə dağıdılıb, ağaclar məhv edilib. Zəfər tarixinə düşən hər gün Azərbaycan xalqının yaddaşında əbədiləşib və bu günlər unudulmazdır. Bu baxımdan, düz iki il bundan əvvəl Zəngilanın azad edilməsi və bununla bağlı 20 oktyabr tarixi də şanlı zəfər tariximizin silinməz salnamələrindəndir. Zəngilan rayonunun işğaldan azad edilməsinin həm tarixi, həm siyasi, həm də iqtisadi əhəmiyyəti isə, sözsüz ki, danılmazdır. Gələcək nəsillər üçün bu gün, digər zəfər tarixləri kimi vətənpərvərlik, cəsurluq, mərdlik nümunəsi tarixi olacaq. Bundan sonra illər ötsə də Azərbaycan xalqı bu şanlı zəfərlər barədə faktları, tarixi hadisələri nəsillərdən-nəsillərə ötürəcək, xatirəsini əbədiləşdirəcək. Heç şübhəsiz ki, bu tarix bir örnəyə çevriləcək. İşğal altında olan ərazilərimizin, eləcə də Zəngilan torpağının işğaldan azad edilməsində cəsurluq göstərən, döyüşən, əzm və iradə nümayiş etdirənlər hər bir Azərbaycan vətəndaşı, bu xalqın hər nümayəndəsi üçün bundan sonra nümunə sayılacaq və bu günün bir tarixi əhəmiyyəti də məhz bundan ibarətdir.

2020-ci ilin 27 sentyabrından başlanan Qarabağ döyüşlərində şanlı qələbəmizdən biri də Zəngilan qələbəsidir. Oktyabrın 20-də qəhrəman ordumuz tərəfindən Zəngilan şəhəri işğaldan azad olundu. Zəngilan döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu Arazboyu əməliyyatlarından biridir. Şəhərin və ətraf kəndlərinin azad olunması ilə Azərbaycan-İran sərhəddinin müəyyən hissəsi Ermənistanın işğalından qurtulmuş oldu. Bununla da, Azərbaycan-İran sərhəddimiz tam olaraq Azərbaycanın nəzarəti altına keçdi. Artıq burada nə Ermənistan, nə də onun silah dostu İranın heç bir söz öhdəliyi yoxdur. Baxmayaraq ki, hazırda İran Zəngilanla sərhəddə qoşun yığıb və hərbi təlimlər keçir, düşünməsin ki, bu təlimlərin Azərbaycan ordusuna və ya Azərbaycan dövlətinə bir təsiri ola. Bölgədə yaranan yeni reallıqları nə İran, nə də bir başqa dövlət dəyişə bilməyəcək. Bu elə bir reallıqdır ki, dəyişdirilməsi mümkünsüzdür. Zəngilanın timsalında döyüş zonalarını qoyub qaçmaları da təsdiq etdi ki, bu torpaqlar Azərbaycan torpaqlarıdır və ermənilərə heç aidiyyatı yoxdur. Çünki, torpaq uğrunda bu torpağın yalnız sahibləri belə vuruşa, mübarizə apara bilərlər və torpaqları qoyub qaçanlar ərazilərin sahibi ola bilməzlər. Bunu bütün dünya ictimaiyyəti də bir daha gördü və həqiqətlərin, reallıqların şahidi oldu. Şahidi oldu ki, həqiqətən də Zəngilanın timsalında, işğal altında olan torpaqların, ərazilərin sahibi azərbaycanlılardır, ermənilər deyil və məhz buna görə də Azərbaycan əsgəri canını fəda edərək döyüşlərdə iştirak edir, cəsurluq göstərir, bir qarış torpaqdan belə geri çəkilmir. Bu həm də ona işarədir ki, bundan sonra da Azərbaycan dövləti, Azərbaycan xalqı bir qarış torpağının belə əldən getməsinə izn verməyəcək və Azərbaycan öz torpaqlarını, ərazi bütövlüyünü qorumaq əzmindədir.

 

Zərdab rayon Şıxbağı kənd tam orta məktəbinin müəllimi – İlahə Mustafayeva