Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlamışdır

0
1628

20-ci əsrin sonu xalqımızın tarixinə faciələrlə dolu bir dövr kimi yazıldı. Mənfur qonşularımızın əzəli və əbədi torpaqlarımıza göz tikməsi nəticəsində ərazi bütövlüyümüz pozulmuş, şəhərlərimiz, kəndlərimiz işğal olunmuşdur. İşğalın nəticələri milyonlarla azərbaycanlının taleyinə ciddi təsir göstərmiş, kütləvi qırğınlara, didərginlik və köçkünlük həyati yaşamağa vadar etmişdir. Düşmən hücumuna məruz qalan ərazilərimizdən biri də Zəngilan rayonu olmuşdur. Zəngilan müharibə alovunu 1992-ci ilin əvvəllərindən hiss etməyə başlamışdır. Ermənilərin xarici havadarlarının köməyi ilə mükəmməl silahlanmış qüvvələri rayonu və kəndlərini güllə yağışına tutmuş, 1993-cü ilin oktyabr ayında işğal başa çatmışdır. Beləliklə, Zəngilan düşmənə sinə gərən, qəhrəmancasına mübarizə aparıb işğal olunan sonuncu rayonumuz oldu. İşğaladək 1 şəhər və 83 kənddən ibarət olan Zəngilanın bütün mədəni və ictimai binaları, infrastrukturu dağıdılmış, Avropanın ən böyük cinar ağaclarına  malik olan meşələri düşmən tərəfindən kəsilib doğranmışdır. Nəhayər, 27 il davam edən işğala, ağrı-acıya son qoyuldu. 2020-ci ilin sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı nəticəsində başlayan müharibədə sərkərdənin prinsipial və qətiyyətli mövqeyi, ordumuzun rəşadəti və şücaəti sayəsində  işğal olunmuş torpaqlarımız  44 gündə düşməndən azad olundu. Artıq, Zəngilan  düşməndən azad olunmuş şəhərlərimizin sırasındadır. 27 ildən sonra oktyabın 20-də  Zəfər salnaməmizdə  yeni bir səhifə açıldı. Daha uzun illər doğma yurdundan didərgin düşmüş zəngilanlıların öz torpaqlarına qayıtması üçün heç bir maneə qalmadı. İnanırıq ki, tezliklə bütün Qarabağ torpağı abadlaşacaq və həyat yenidən öz axarına düşəcək.

 

Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbin müəllimi Asim Xəlilov