Azərbaycanın Sərsəng su anbarı 25 ildir Ermənistan ordusunun işğalı altındadır. Lakin bu illər ərzində işğalçı ölkə tərəfindən su anbarı üzərində beton bərkitmə və konustruksiya işləri aparılmayıb. Getdikcə su anbarının drenaj mühafizə sistemi, qoruyucu avadanlıqları erroziyaya məruz qalır. Bu da Azərbaycan üçün təhlükə deməkdir.
Arazinfo.com-un verdiyi xəbərə görə, bunu Teleqraf.com-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloq qeyd edib ki, Sərsəng su anbarında yaranmış qəzalı vəziyyətə görə, Tərtər və Bərdə rayonları su basma təhlükəsi qarşısındadır:
“Qeyd edim ki, AŞPA-nın Sərsəng su anbarı ilə bağlı qətnaməsi var. Bu qətnamə Ermənistan Silahlı Qüvvələrinin Sərsəng bölgəsindən dərhal geri çəkilməsini, Ermənistan hakimiyyətinin su ehtiyatlarından münaqişə tərəflərinin yalnız birinin xeyrinə siyasi təsir, yaxud təzyiq vasitəsi kimi istifadə etməsini dayandırmağı tələb edir.
Göründüyü kimi, AŞPA da Sərsəng su anbarının təhlükəli vəziyyətindən narahatdır. Buna görə də, beynəlxalq səviyyədə Ermənistandan bu su anbarının ətrafını boşaltmaq tələb edilir. AŞPA-nın bu qətnaməsi hüquqi sənəd olaraq, mötəbərliyini qoruyub saxlayır. Bu, Azərbaycana hüquqi əsas verir ki, istənilən vaxt Sərsəng su anbarını işğalçılardan təmizləsin və bəndin təhlükəsizliyini təmin etsin”.
Məhəmməd Əsədullazadə təklif edir ki, real vəziyyəti nəzərə alaraq, Azərbaycan ordusu əməliyyatlara başlayıb su anbarını nəzarətə götürməlidir: “Bundan sonra bəndin beton bərkitmə işləri həyata keçirməlidir. Nəzərə almaq lazımdır ki, bu su anbarı Ermənistanın əlində Azərbaycana qarşı təzyiq rıçağıdır və bununla ölkəmizi hədələyə bilər. Əgər ordumuz bu anbarı nəzarətə götürərsə, heç bir xarici dövlət buna etiraz etməyəcək. Sərsəngin nəzarətə götürülməsi, Xankəndinə nəzarət deməkdir”.