Azərbaycan səhiyyəsi: Hər 5 işçidən 4-ü 200 manatdan az maaş alır

0
775

Həkimlər və tibb bacıları Azərbaycanda sosial baxımdan ən az təmin olunan işçi qüvvəsi sayıla bilər. Dövlət mülkiyyətindəki səhiyyə müəssisələrində çalışanların orta maaşı heç 200 manata da çatmır. Azadlıq Radiosu rəsmi sənədlərə istinad edərək, bu nəticəyə gəlib.

İnflyasiya cüzi maaş artımını «yeyib»

Dövlət Statistika Komitəsi (DSK) əmək bazarının ötənilki durumunu açıqlayıb.Hesabatdan görünür ki, 2015-ci ildə səhiyyə və sosial xidmətlər sahəsində çalışanların orta əməkhaqqı əvvəlki ilə nisbətən 6 manat 40 qəpik artaraq, 204 manat 20 qəpik olub. Orta əməkhaqqının 3,2 faizlik artımı hökumətin qeydə aldığı illik inflyasiyadan da (4 faiz) aşağı sayılır.
Son 5 ildə (2011-2015-ci illərdə) bu sektorda çalışanların maaşı, orta hesabla, vur-tut, 40 manat artırılıb.

4 min 300 tibb işçisi yaşayış minimumundan az maaş alır

Ötən il səhiyyə sektorunda 4 min 300 nəfər minimum əməkhaqqından (105 manatdan) az maaş alıb. Tibb işçilərinin təxminən yarısı 150 manata xidmət edir.
Yeri gəlmişkən, 2015-ci ildə hökumətin işləyən əhaliyə müəyyənləşdirdiyi yaşayış minimumu 140 manat idi. Başqa sözlə, ən zəruri ehtiyacların ödənilməsinə kifayət edən bu məbləğdən az gəliri olan şəxslər yoxsul sayılırlar.

hekimlerin mevacibleriÖzəl klinikalar maaşları kəsib

2005-ci ildən bəri vətəndaşlara səhiyyə və sosial xidmətlər göstərən işçilərin sayı 4 min 900 nəfər çoxalıb. Bu ilin əvvəlinə bu sektorda 133 min 700 nəfərin çalışdığı bildirilir. Onlardan cəmi 9 min 500-ü özəl səhiyyə ocaqlarında işləyir. DSK-ya təqdim olunan məlumatlara görə, ötən il özəl səhiyyə təşkilatlarında orta maaş 6 manat 60 qəpik azalaraq, 310 manat 20 qəpiyə düşüb.
Tibb işçilərinin 4,1 faizi 300-400 manat arasında maaşa qol çəkib. Cəmi 2 faiz həkimin aylıq maaşı ölkə üzrə orta aylıq əməkhaqqı səviyyəsində (400-500 manat) olub. Təxminən 3 min tibb işçisi daha çox maaş alır (500 manat və daha çox).

Pulsuz səhiyyə?

Hökumət tibb işçilərinə yüksək maaş verməsə də, bu sahədə korrupsiya və rüşvətxorluqla ciddi mübarizə apardığına diqqət çəkir. Bununla belə, sağlamlıq problemləri olan vətəndaşlar dövlət xəstəxanalarında pulsuz müalicə və əməliyyat aparılmadığını deyirlər.
Səhiyyə İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsi 3 il öncə öz üzvlərinin sosial müdafiəsi üçün Qusar rayon mərkəzi xəstəxanasının keçmiş binasını özəlləşdirib. Ötən ilin dekabrında burada 4 min nəfərin ilboyu dincələ biləcəyi «Səfa» istirahət mərkəzi qurulub(azadlıq.org).

BIR CAVAB BURAXIN