Azərbaycan Qarabağa əbədi qayıdır

0
1769

Bu gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edən hər kəs, o cümlədən beynəlxalq təşkilatların və xarici ölkələrin təmsilçiləri Ermənistanın işğalı və təcavüzünün nəticələrini öz gözləri ilə görürlər. İkinci Qarabağ müharibəsi başa çatandan sonra keçən müddət ərzində minlərlə əcnəbi qonaq, jurnalist, siyasətçi, vətəndaş cəmiyyəti nümayəndələri bu dəhşətli faciənin ağır izlərini aşkar şəkildə müşahidə ediblər. O cümlədən oktyabr ayının 5-də Ağdamda, daha doğrusu, Prezident İlham Əliyevin dediyi kimi, bir zamanlar bu şəhərin yerləşdiyi ərazidə təşkil olunmuş Azərbaycan Milli Şəhərsalma Forumunun 40-dan artıq xarici ölkəni təmsil edən iştirakçıları da erməni barbarlığı və vandalizminin acı nəticələrini görmək imkanı əldə etdilər. Təsadüfi deyil ki, ərazilər işğaldan azad edildikdən sonra buraya gələn xarici ekspertlər, jurnalistlər Ağdamı “urbisid qurbanı”, “ruhlar şəhəri” və yaxud da “Qafqazın Xirosiması” kimi adlandırmışdılar. Vaxt gələcək və yenidən qurulan Ağdam artıq bu bənzətmələrlə qətiyyən uyğunlaşmayacaq. Lakin bu adlar erməni faşizminin xislətini səciyyələndirən damğa kimi əbədi olaraq yaddaşlarda qalacaqdır.

28 il davam edən danışıqlar prosesinin heç bir nəticə verməmiş və yalnız Azərbaycanın Vətən müharibəsində tarixi Qələbəsindən sonra bütün məsələlər öz həllini tapmışdır. 28 il ərzində Ermənistan ölkəmizə qarşı işğalçılıq siyasətini davam etdirdi. Bütün bu müddət ərzində gedən danışıqlar faktiki olaraq heç bir nəticə vermədi. Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxış edən Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, BMT, ATƏT kimi aparıcı beynəlxalq təşkilatların və digərlərinin Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamə və qərarlar qəbul etməsinə, xüsusilə BMT Təhlükəsizlik Şurasının 30 il ərzində kağız üzərində qalan 4 qətnaməsinə və Azərbaycanın Ermənistana qarşı müvafiq sanksiyalar tətbiq etməklə bağlı bütün müraciətlərinə baxmayaraq rəsmi İrəvan öz işğalçı siyasətindən əl çəkmədi. Bütün bu illər ərzində ən çox təəssüf doğuran hallardan biri də bu idi ki, ATƏT-dən mandatı olan Minsk Qrupu adlandırılan struktur və onun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfərlər edib, bütün şəhər və kəndlərin qəddarcasına dağıdılmasının, ermənilərin torpaqlarımızda qanunsuz məskunlaşdırılmasının şahidi olublar, lakin Ermənistanı qınamayıblar. Bu gün isə Azərbaycanın artıq hər hansı vasitəçiyə ehtiyacı qalmayıb. Bununla belə, dövlət başçımızın dediyi kimi, 10 min kvadratkilometrdən çox ərazinin Ermənistan tərəfindən dağıdılmasına baxmayaraq, insanlarımızın çəkdiyi zülmlərə baxmayaraq, Azərbaycan Ermənistana sülh təklif etdi və sülh müqaviləsi üçün əsas olan beynəlxalq hüququn beş əsas prinsipini irəli sürdü: ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınması, gələcəkdə ərazi iddialarından çəkinmək, güc tətbiq etməmək və ya güc tətbiq etmək hədəsindən çəkinmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması. Ermənistanın yeganə yolu da bu prinsiplər əsasında sülh müqaviləsinin hazırlanması və imzalanması yönümündə ciddi səy göstərməkdir.

Bu gün Azərbaycan Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların öz dədə-baba yurdlarına geri qayıtması dövrünü yaşayır. Bu günədək Azərbaycanda 300 mindən çox məcburi köçkün vətəndaşlarımız üçün yeni ev və mənzillər inşa olunmuşdur. Buna baxmayaraq artıq Azərbaycan öz torpaqlarını işğaldan azad edib və indi Böyük Qayıdış proqramının icrasına başlanılıb. Prezident İlham Əliyevin də öz çıxışında qeyd etdiyi kimi, keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıtması ilə bağlı keçirilmiş sorğuya görə əksəriyyət insanların həmin torpaqları görmədiklərinə baxmayaraq, bu torpaqlara geri qayıtmaq istəyini bildirməsi son dərəcə qürurverici və azərbaycanlıların öz torpaqlarına bağlılığını nümayiş etdirən bir haldır.

 

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri