Azərbaycan qadınları müsəlman ölkələrinə və bütün dünyaya örnəkdir

0
953

Niderlandın nüfuzlu “Diplomat Magazine” jurnalında Azərbaycan qadınlarına həsr olunmuş məqalə çap olunub.

Trend-in məlumatına görə, dominikanlı siyasi analitik, beynəlxalq məsələlər üzrə məsləhətçi Covanni Visente Romeronun müəllifi olduğu “Azərbaycan qadınları müsəlman ölkələrinə və bütün dünyaya örnəkdir” adlı məqalədə bildirilir: “Bu yaxınlarda Azərbaycanın paytaxtı Bakıda ölkədə ilk dəfə olaraq qadınlar üçün “Global Startup Weekend Women” tədbiri keçirilib. Burada ölkənin sürətlə inkişaf edən startap-ekosisteminin 50 aparıcı qadın sahibkarı iştirak edib. İnsan resursları və iş axtarışı sahəsində “TalentPort” startapını təqdim edən iki qadın yarışmanın qalibi olub və Azərbaycanı Parisdə qadınlar üçün “Global Startup” Həftəsində təmsil edib”.

O qeyd edir ki, “TalentPort”u tələbələrə və fiziki imkanları məhdud olan insanlara bacarıqlarının yaxşılaşdırılması üçün müvəqqəti iş yerləri təqdim etmək və şirkətləri etibarlı və səmərəli əmək mənbəyi ilə təmin etmək məqsədi daşıyan ilk korporativ sosial məsuliyyətli Azərbaycan şirkəti kimi təsvir etmək olar: “Bu şirkət qadın liderlərin Azərbaycanın müasir cəmiyyətinə qadınların hüquq və imkanlarının genişləndirilməsi sahəsində zəngin təcrübəyə malik dəyərli töhfəsinin bariz nümunəsidir”.

Müəllif Azərbaycanda insan kapitalının inkişafına yanaşmanın qonşu ölkələrdən fərqli olmasının səbəbi barədə sual verir: “Azərbaycan Rusiya və İran arasında yerləşən, əhalisinin əksəriyyəti müsəlman olan kiçik bir ölkədir və öz müsəlman qonşularından heç nə ilə fərqlənmir. Lakin 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin mütərəqqi hökuməti qadınların liberal və dünyəvi cəmiyyətin tamhüquqlu üzvü olması üçün hər cür şərait yaratmışdı”.

C.V.Romero qeyd edir ki, hətta polyak-amerikan tarixçisi Tadeuş Svetoxovski özünün “Rusiya Azərbaycanı” (1905-1920) kitabında yazırdı ki, azlıqların və siyasi qrupların proporsional nümayəndəliyini, həmçinin ümumi seçki hüququnu nəzərdə tutan Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının Müəssislər Məclisi haqqında Qanunu faktiki olaraq Azərbaycanı dünyada qadınlara siyasi hüquqlar verən ilk müsəlman ölkəsi etdi: “Azərbaycan qadınları hüquq məsələsində ABŞ və Avropanın bir çox inkişaf etmiş ölkələrindəki həmcinslərindən irəlidə idilər”.

“Həqiqətən, azad insanlar ölkəsi və cəsurların vətəni ABŞ Konstitusiyasına amerikalı qadınlara səs hüququ verən 19-cu düzəlişi yalnız 1920-ci ildə qəbul edib. Azərbaycanda qadınlar 1918-ci ildən tərəqqi simvolu olublar. Bu ənənə XXI əsrdə də davam edir. 2000-ci ilin martında Prezident Heydər Əliyev “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərman imzalayıb və bu sənəd çərçivəsində bərabərlik prinsipləri əsasında hökumətdə qadınların proporsional təmsilçiliyinin təmin edilməsi, həmçinin qadınların biznesdə və iqtisadiyyatda öz layiqli yerlərini tutmasına şəraitin yaradılması və mütəmadi olaraq qadınların cəmiyyətdə inkişafının yoxlanılması tapşırılıb”, – müəllif yazır.

Qeyd olunur ki, yeni fərman Azərbaycanda qadınları yeni yüksəkliklərə aparan yolu möhkəmləndirdi. Hazırda Azərbaycanda Nazirlər Kabinetinin üzvləri arasında qadın da var. Bundan başqa, Azərbaycan parlamentinin – Milli Məclisin 125 deputatının 16 faizini qadınlar təşkil edir. BMT Komitəsinin qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə Azərbaycana dair hesabatına əsasən qadınlar arasında yoxsulluğun səviyyəsi əvvəlki illərdəki 49 faizdən 2014-cü ildə 5,9 faizə enib ki, bu da öz növbəsində, ölkənin qadınların bərabərhüquqlu şəkildə iştirak etdiyi ümumi iqtisadi inkişafı ilə, həmçinin ölkə qadınları üçün mənfəətlə əlaqələndiriləcək statistikadır.

Məqalədə deyilir ki, Azərbaycan cəmiyyətində təhsilə qiymət verirlər, belə ki, qadınların 90 faizi orta məktəbi bitirir. 2000-ci ildə “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərmanın imzalamasından etibarən 2015-ci ildə Azərbaycan sahibkarlarının 18 faizini zərif cinsin nümayəndələri təşkil edib. Bundan başqa, Azərbaycan qadınları – təqribən 1000 qadın kişilərlə birlikdə Silahlı Qüvvələrdə xidmət edir. Qadınlar üçün imkanların genişləndirilməsi siyasəti Azərbaycandakı azlıqlara da şamil olunur. Məsələn, Azərbaycan Ali Məhkəməsinin hakimi vəzifəsində çalışan qadınlardan birinin – Tatyana Aleksandrovna Qoldmanın yəhudi icmasının nümayəndəsi olması dövlət rəhbərliyinin etnik azlıqlara və qadınlara göstərdiyi xüsusi diqqətin bariz nümunəsidir.

Bildirilir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva müasir Azərbaycan qadınının ilham mənbəyidir. Birinci xanım, həmçinin YUNESKO və İSESKO-nun xoşməramlı səfiridir, onun xeyriyyəçilik fəaliyyəti isə Azərbaycanın hüdudlarını aşıb. Mehriban Əliyevanın 2004-cü ildən, yəni təsis olunduğu vaxtdan rəhbərlik etdiyi Heydər Əliyev Fondu mədəni və iqtisadi inkişafın möhkəmlənməsinə, xüsusən, gənc qadınların rolunun artırılmasına mühüm töhfə verib.

Heydər Əliyev Fondunun səyləri nəticəsində Azərbaycanda və digər ölkələrdə, o cümlədən, Misir, Rumıniya, Rusiya, Niderland, Pakistan və Gürcüstanda yeni xəstəxanalar, muzeylər, məktəblər inşa olunub. Birinci xanım Mehriban Əliyeva 2017-ci ildə ölkənin Birinci vitse-prezidenti təyin edilməsi ilə Azərbaycan tarixində ən yüksək vəzifəli qadın oldu.

Müəllif yazır ki, Azərbaycan nümunəsi qadınlara münasibətdə stereotipləri necə aradan qaldırmağı, bərabərliyi necə təmin etməyi və ən başlıcası, dünyada bərabəriyi necə bərqərar etməyi nümayiş etdirir. Qadınlar hakimiyyətin yüksək mövqelərində öz töhfələrini verirlər, çünki dövlət siyasəti və siyasi diskussiyanın inkişafı üçün zəruri olan bilik və təcrübəyə sahibdirlər. Qadınlar siyasi sistemdən irəli gələn qərarların reprezentativliyini yaxşılaşdırır, Yer kürəsində daha da kök salmış bir çox münaqişələri həll edir və bəşəriyyəti gələcəyə aparırlar. Azərbaycanın gələcəyi ayrılmaz hissəsini qadın səsi təşkil edən səslər xoru ilə yazılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

BIR CAVAB BURAXIN