Azərbaycan Prezidenti İlham Əliyev: “Bu gün iki müstəqil dövlət arasındakı əlaqələr möhkəm təməl üzərində qurulub”

0
596

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 30-da ölkəmizə səfərə gələn Gürcüstanın Baş naziri Mamuka Baxtadze ilə görüşü olub.

Arazinfo.com AzərTac-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri Mamuka Baxtadzeni qarşıladı.

Prezident İlham Əliyev və Baş nazir Mamuka Baxtadze rəsmi foto çəkdirdilər.

Azərbaycanın Prezidenti və Gürcüstanın Baş naziri görüşdə çıxış etdilər.

Gürcüstanın Baş nazirini Azərbaycanda səmimiyyətlə salamlayan Prezident İlham ƏLİYEV Mamuka Baxtadzeni Baş nazir vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi, bu məsuliyyətli vəzifədə ona yeni uğurlar arzuladı. Dövlətimizin başçısı vurğuladı ki, Gürcüstan hökumətinin başçısı təyin olunmasından qısa müddət sonra Mamuka Baxtadzenin Azərbaycana səfər etməsi Azərbaycan-Gürcüstan əlaqələrinin çox yüksək səviyyədə olduğunu bir daha göstərir.

Prezident İlham Əliyev dedi: Əsrlər boyu xalqlarımız dostluq, mehriban qonşuluq şəraitində yaşamışlar. Bu gün iki müstəqil dövlət arasındakı əlaqələr möhkəm təməl üzərində qurulub. Gürcüstan və Azərbaycan birlikdə bir çox önəmli layihələri icra edib. Biz dünyanın enerji xəritəsini birgə səylərlə dəyişdirdik. Nəqliyyat istiqamətində birgə həyata keçirdiyimiz layihələr Avrasiya qitəsi üçün böyük önəm daşıyır. Bütün bu layihələrin icrasında həm Gürcüstan, həm Azərbaycan, həm Türkiyə tərəfi fəal əməkdaşlıq edir. Hesab edirəm ki, indiki dövrdə biz ticarət dövriyyəsinin artırılması ilə bağlı əlavə səylər göstərməliyik. Mən bilirəm ki, Gürcüstanda çox gözəl investisiya iqlimi mövcuddur. Biz çox şadıq ki, Azərbaycan uzun illərdir Gürcüstana xarici sərmayə qoyan ölkələr arasında birinci yerdədir. Biz bu gün bir çox məsələləri müzakirə edəcəyik, o cümlədən regional əməkdaşlıq məsələlərini. Sizi bir daha ürəkdən salamlayıram, Sizə xoş və uğurlu səfər arzulayıram.

X X X

Azərbaycanda səfərdə olmaqdan məmnunluğunu bildirən Gürcüstanın Baş naziri Mamuka BAXTADZE “Gürcüstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin sədri kimi dəfələrlə Bakıda olduğunu xatırlatdı, paytaxtımızda gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat hissi oyatdığını dedi və bunu Azərbaycanın böyük iqtisadi tərəqqisinin göstəricisi kimi qiymətləndirdi.

Mamuka Baxtadze iki ölkə arasında münasibətlərin sürətlə inkişaf etdiyini vurğulayaraq dedi: Gürcüstan və Azərbaycan strateji tərəfdaşdırlar və bu, çox böyük nailiyyətdir. Bizim üçün xalqlar arasında münasibətlər çox önəmlidir. Bizim üçün, eyni zamanda, mehriban qonşuluq, dost və qardaşlıq əlaqələri çox vacibdir. Bizim əcdadlarımız əlaqələrimizin təməlini çox gözəl qoyublar və bu əlaqələr bunun əsasında artıq sürətlə inkişaf edir. Bizim birlikdə həyata keçirdiyimiz regional layihələr beynəlxalq əməkdaşlıq və region üçün həqiqətən çox faydalıdır. Bizim regional əməkdaşlıq çərçivəsində nəqliyyat, energetika və digər sahələrdə böyük uğurlarımız var. Əlbəttə, potensialımız böyükdür və ümid edirəm ki, ikitərəfli əlaqələr nəticəsində və ikitərəfli layihələr həyata keçirməklə bu potensialı biz daha da yaxşı inkişaf etdirə bilərik. Bizim ölkələr arasında ticari dövriyyəsi daha da artmaqdadır. Bu il bu, ola bilsin milyard dollara çatsın, lakin bizim potensialımızın tam istifadəsi demək deyil, daha çox potensialımız mövcuddur. Əminəm ki, ikitərəfli əməkdaşlıq nəticəsində gələn iki il ərzində biz bunu 50-60 faizə qədər artıra bilərik. Sevindirici haldır ki, eyni zamanda, digər sahələrdə, o cümlədən -mədəniyyət, incəsənət, idman sahələrində də əməkdaşlığımız səmərəlidir. Sevindirici haldır ki, Azərbaycan turistləri və investorlar Gürcüstanda özlərini çox rahat hiss edirlər. Əminəm ki, biz birgə səylərimiz nəticəsində daha çox böyük məqsədlərimizə nail ola bilərik. Səmimi qəbulunuz üçün təşəkkür edirəm.

X X X

Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri Mamuka Baxtadze işçi nahar etdilər.

BIR CAVAB BURAXIN