Azərbaycan Ordusunun generalı ATƏT-i və Minsk qrupu həmsədrlərini ittiham edib

0
497

“Təcavüzkar Ermənistana qarşı heç bir əməli tədbirin görülməməsi ATƏT-in nüfuzuna xələl gətirməklə bərabər, onun tərkibində yaradılan Minsk qrupuna olan ümidləri də azaldır”.

Bunu Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi, general-leytenant Heydər Piriyev deyib.

O bildirib ki, hər bir beynəlxalq təşkilatın produktiv fəaliyyət göstərməsi üçün onun təsiretmə mexanizmi mövcud olmalıdır: “ATƏT-in Minsk qrupunun BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini (822, 853, 874, 884 saylı) yerinə yetirmək üçün hazırladığı “Təxirəsalınmaz tədbirlər cədvəli” heç bir təsir gücünə malik deyildi. ATƏT-in müqaviləni yerinə yetirməkdən imtina edən tərəfə qarşı sanksiya qəbul etmə mexanizmi yoxdur. Minsk qrupu tərəfindən qəbul edilən sənədlər yalnız məsləhət və tövsiyə xarakteri daşıyır. ATƏT-də tətbiq olunan qarşılıqlı güzəşt prinsipi müqaviləni pozan tərəfə öz əməllərinə görə məsuliyyət daşımamaq imkanı verir. Bu isə nəticə etibarilə işğalçı ilə işğala məruz qalan tərəf arasında fərq qoyulmamasına gətirib çıxarır, qəsbkarı cəzasız qoymaqla güzəştə getməməyə təşviq edir.

Ermənistanın işğalına məruz qaldıqdan sonra da Azərbaycan bütün vasitəçilik missiyalarından imtina etməyərək, problemin ATƏT prinsipləri çərçivəsində həllinə tərəfdar olduğunu bir daha nümayiş etdirdi. Münaqişənin dinc vasitələrlə nizama salınması üçün yaradılmış Minsk qrupu çərçivəsində aparılan danışıqlarda tərəflər arasında ziddiyyətlərin qalması, xüsusilə, Ermənistanın qeyri-konstruktiv mövqe tutması ilə yanaşı, qrupun üzvü olan böyük dövlətlərin mövqeyində də yekdil fikrin olmaması sülh prosesinin ləngidilməsinə və münaqişənin dondurulmuş vəziyyətdə qalmasına gətirib çıxartdı”.

H.Piriyev vurğulayıb ki, ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsi və problemin dinc vasitələrlə nizama salınması ümummilli lider Heydər Əliyevin xarici siyasət fəaliyyətində mühüm yer tutub: “1993-2003-cü illər ərzində Azərbaycanın dövlət başçısı Heydər Əliyev Ermənistan prezidenti ilə 23, ATƏT-in rəhbərliyi və Minsk qrupunun nümayəndələri ilə 140-a qədər görüş keçirib”.

General-leytenant qeyd edib ki, Azərbaycan çox ağır və çətin keçən danışıqlarda öz haqlı mövqeyini müdafiə edərkən bir sıra çətinliklərlə qarşılaşır: “Çünki münaqişə başlayandan keçən dövr ərzində aparılan danışıqlarda təcavüzkar Ermənistan qeyri-konstruktiv mövqedən çıxış edərək işğalçılıq siyasətindən əl çəkmir. Digər tərəfdən dünya birliyinin “ikili standartlar” prinsipindən çıxış etməsi, BMT və ATƏT kimi beynəlxalq təşkilatların öz təklif və qətnamələrini həyata keçirmək üçün konkret fəaliyyət göstərməməsi danışıqlar prosesində irəliləyişin əldə olunmasına maneə törədir. Buna baxmayaraq Azərbaycan dövləti beynəlxalq təşkilatların, xüsusilə də münaqişəni dinc vasitələrlə nizama salmaq üçün fəaliyyət göstərən ATƏT-in sülhyaratma təkliflərinə hörmətlə yanaşır. ATƏT-in Minsk qrupunun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, suverenliyinin bərpasının zəruriliyi bildirilsə də, indiyə qədər bu qurumun fəaliyyəti sülh prosesində arzu olunan nəticəni verməyib. Minsk qrupu və bu qrupa həmsədrlik edən ABŞ, Fransa və Rusiya kimi böyük dövlətlər münaqişənin dondurulmuş şəkildə qalmasında məsuliyyət daşımamış və təcavüzkara qarşı heç bir təzyiq göstərməmişlər”.