Ukrayna silahlı qüvvələrinin xüsusi rabitə texnikası ilə təchiz edilməsinə dair elan olunmuş beynəlxalq tender bu ölkədə mübahisələrə səbəb olub. Bu mübahisələrdə Qarabağda ötən ilin aprelində gedən döyüşlərdən də danışılır.
Tenderə əsasən Ukrayna ordusu üçün 32 milyard qriven dəyərində xüsusi rabitə texnikası alınmalıdır və bu müsabiqədə iki aparıcı şirkət-Türkiyənin “Aselsan” və İsrailin “Elbit Systems” şirkəti iştirak edir. Tender komissiyası Türkiyə şirkətini seçməyə hazırlaşır, çünki “Aselsan” rəqibinə nisbətən 25 faiz aşağı qiymət təklif edib.
Lakin iki gün əvvəl Ukrayna Ali Radasının müstəqil deputatı Yuri Derevyanko qalmaqallı bəyanatla çıxış edərək bildirib ki, “Aselsan” şirkətinin xüsusi rabitə texnikasını almaq və Donbassdakı hərbi əməliyyatlar zonasında yerləşdirilmiş qoşun bölmələrini bu texnika ilə təchiz etmək düzgün deyil, hətta təhlükəlidir. Çünki “Aselsan”ın texnikası Rusiyanın radioelektron mübarizə vasitələrinin qarşısında tab gətirə bilmir.
Deputat iddia edib ki, bunu Qarabağda gedən döyüşlər sübut edib. Azərbaycan ordusunun “Aselsan” ratsiyaları Ermənistan ordusunun sərəncamında olan Rusiya istehsalı radioelektron mübarizə sistemləri qarşısında tab gətirməyib.
Deputat bu iddiasının nəyə əsaslandığı haqda danışmayıb, ancaq hökuməti israrla “Aselsan”dan imtina etməyə çağırıb. Bu gün isə Ali Radanın digər deputatı, “Pyotr Poroşenko bloku”undan İvan Vinnik həmkarının əsl məqsədini açıb.
Ukrayna KİV-lərinin məlumatına görə Vinnik özünün Facebook səhifəsində yazıb ki, Yuri Derevyanko və İsrail vətəndaşı, “Elbit” şirkətinin nümayəndəsi, Rusiya FTX-nin agenti Seva Moqileviçin vəkili Vadim Averbux ( Qordon Zeevi) qanunsuz olaraq xüsusi rabitə texnikası nümunələrinin məxfi sınaqlarının keçirildiyi hərbi hissənin ərazisinə daxil olublar.
Deputatın bildirdiyinə görə Derevyanko və Averbux praktiki olaraq sınaqları keçirən hərbi komissiyanın fəaliyyətini iflic ediblər və sınaqların nəticələrinə qanunsuz şəkildə çıxış əldə ediblər. Nəticədə Ukraynanın müdafiə qabiliyyətini riskə atıblar.
“İsraillilər 25 faiz baha qiymət təklif ediblər. Bundan əlavə “Aselsan” Dağlıq Qarabağdakı hərbi münaqişədə özünün effektivliyini sübut edib. “Aselsan”ın xüsusi rabitə texnikası ilə təchiz edilmiş Azərbaycan ordusu qarşı tərəfin silahlandığı Rusiya radioelektron mübarizə sistemlərinə qarşı uğurla davam gətirib”-İvan Vinnik bildirib.
Deputat qeyd edib ki, Derevyankonun Averbuxla birlikdə məxfi sınaqları faktiki olaraq pozması cinayət əməlidir və bir neçə maddə üzrə cəzalandırıla bilər. Derevyanko və Averbux hərbi hissənin ərazisinə daxil olaraq komissiyanı hədələyib, onlardan tələb ediblər ki, “Elbit” şirkətinin texnikasını seçsinlər.
Başqa sözlə, “Aselsan” ratsiyalarının Qarabağda Rusiyanın radioelektron mübarizə sistemlərinə qarşı davamsız olduğunu iddia etməklə deputat Derevyanko əslində öz mənfəətini güdürmüş və “Elbit” şirkətinin maraqlarını təmin etmək yolu ilə belə vəziyyətlərdə olduğu kimi “otkat” almağa ümid edirmiş. Azərbaycan ordusunun xüsusi rabitə sistemlərinə gəldikdə isə qeyd etmək lazımdır ki, bura həm “Aselsan” şirkətinin istehsalı olan texnika, həm İsrail və Rusiya istehsalı olan xüsusi rabitə vasitlələri, o cümlədən ən qabaqcıl texnologiyalara əsaslanan radioelektron mübarizə vasitələri daxildir. Aprel döyüşləri zamanı Azərbaycan ordusu bu vasitələrdən istifadə etdiyi halda ermənilərin döyüş zamanı öz aralarında adi mobil telefonla xəbərləşdikləri, bir çox postlarda rabitə vasitələrinin olmadığı üzə çıxmışdı.
Aprel döyüşlərindən sonra Rusiya Ermənistana bir sıra silahlar, o cümlədən “İnfauna” radioelektron mübarizə sistemləri verib.Virtualaz.org