Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü,tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir

0
1754

44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü,tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir.

 

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə bir neçə istiqamətdə müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə olunmaqla Azərbaycanın yaşayış məntəqələri və hərbi mövqelərimiz atəşə tutuldu. Bu təxribat Azərbaycanın səbr kasasını daşdıran son damla oldu. Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə erməni təxribatlarına birdəfəlik son qoymaq məqsədilə bütün təmas xətti boyunca hərbi əməliyyatlara başladı. Birmənalı şəkildə qeyd olunmalıdır ki, bu qərar artıq yetişmiş tarixi zərurət idi və bütün Cənubi Qafqazın gələcək müqəddəratının müəyyənləşməsi baxımından müstəsna əhəmiyyət kəsb edirdi.

Hakimiyyətdə olduğu illər ərzində Prezident cənab İlham Əliyev Azərbaycanı etibarlı tərəfdaş, regionda və dünyada müstəqil xarici siyasət yürüdən bir aktor kimi tanıtdı, ölkəmizin beynəlxalq əlaqələrini gücləndirdi. Elə bunun məntiqi nəticəsi idi ki, 44 günlük Vətən müharibəsi dövründə də ölkə başçımız bütün siyasi təzyiqlərə və təhdidlərə də sinə gərməyi bacardı. Prezidentimiz cənab  İlham Əliyev prinsipiallıq, yenilməz iradə nümayiş etdirərək Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə etdi, məqsədyönlü, ardıcıl siyasət apardı və bütün bunların nəticəsi olaraq tarixi Qələbə qazandıq. Azərbaycanın döyüş meydanında əldə etdiyi parlaq Qələbə elə gözəl bir nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bir güllə atılmadan, şəhid vermədən Azərbaycana qaytarıldı. İtki vermədən torpaqların geri qaytarılması dünya tarixində az rast gəlinən təcrübədir ki, bu, Prezident cənab İlham Əliyevin praqmatik, düşünülmüş və uzaqgörən siyasəti nəticəsində əldə edilmiş möhtəşəm bir uğurdur.

Vətən müharibəsinin gedişatında reallıqlar hər gün daha da aydın şəkildə gün işığına çıxırdı. Nəticədə isə sübut olundu ki, Müzəffər Ali Baş Komandan cənab  İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu və hər detalı ən incə məqamına qədər hesablayan və diqqətə alan uzaqgörən diplomatiyamız hər hansı bir zəif düşmən üzərində deyil, güclü təşkilatlanmış bir düşmən, eyni zamanda onu himayə edən qərəzli, məkrli qüvvələr üzərində qələbə çaldı. Müharibə bir neçə istiqamətdə qızğın xarakter alır, Azərbaycan isə bütün istiqamətlərdə Ermənistanı və onu himayə edən qüvvələri hər keçən gün bir az daha artıq məhv edirdi.

Beləliklə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən verilmiş antiterror əməliyyatlarına başlanılması barədə qərar 30 illik işğala və iki əsrlik tarixi ədalətsizliyə son qoydu, ölkənin ərazi bütövlüyünü, tarxi ədaləti, beynəlxalq ədaləti bərpa etmişdir. Bu gün Azərbaycan Ordusu sadəcə ölkəmizdə deyil, artıq həm də bütün Cənubi Qafqazda sülhün əsas təminatçısı kimi çıxış edir.

 

Zərdab rayon Çallı kənd tam orta məktəbin direktoru- Babək Mikayılov