Çinlə Myanma arasında anlaşmanın əldə olunmaması ucbatından Azərbaycan neftini daşıyan supertanker Şri-Lanka sahillərində ilişib qalıb.
Virtualaz.org xəbər verir ki, bu haqda “Reuters” bildirir.
Xəbərə görə Myanmadan Çinə uzanan neft kəmərinin çoxdan gözlənilən açılışının növbəti dəfə təxirə salınması nəticəsində Azərbaycan nefti ilə dolu tanker Şri-Lanka sahillərində, açıq dənizdə gözləməkdədir. Belə ki, kəmərlə neft ixracına dair lisenziyanın Çin şirkətinə verilməsi baş tutmayıb.
Myanmadan Çinin cənub-şərqinə 770 kilometrlik neft ixrac kəmərinin çəkilməsi 10 il əvvəl başlayıb. Kəmər Çinə Yaxın Şərq və Avropadan neft idxalı üçün mühüm alternativ əldə etməyə imkan verməliydi. Çünki Malakka və Sinqapur körfəzlərindən gəmi trafiki əddən artıq sıxdır və tankerlərlə neftin Çinə daşınması çətinləşir. Ötən həftə xəbər verillmişdi ki, kəmərin çoxdan gözlənilən açılışı nəhayət bu günlərdə baş tutacaq.
Lakin “Reuters” bildirir ki, həmin kəmərə vurulmaq üçün Azərbaycandan Myanmanın Kyauk-Fyo limanına neft aparan supertanker Şri-Lanka sahillərində dayanmalı olub. Myanma hökumətindəki mənbə deyib ki, neftin sifarişçisi olan “PetroChina” şirkəti ilə Myanma hökuməti arasında sövdələşməni başa çatdırmaq mümkün olmayıb. Nəticədə “PetroChina” şirkətinin tankerləri Myanmanın hərbi-dəniz donanmasından bu ölkənin limanlarına daxil olmaq üçün icazə ala bilməyib.
“Şirkət hərbi-dəniz donanmasından Myanma limanlarına çıxış üçün razılıq almağa çalışır”-mənbə anonimlik şərti ilə bildirib. “PetroChina” şirkəti məsələ ilə bağlı şərh verməkdən imtina edib. Bildirilir ki, Çinin neft nəhəngi Azərbaycan neftini Myanma üzərindən ölkənin Yunyan əyalətindəki (Myanma ilə sərhəddə yerləşir) neftayırma zavodu üçün idxal etməyə hazırlaşırdı.
Myanmadan Çinə neft kəmərinin çəkilməsi ideyası 10 il əvəl irəli sürülüb və kəmərin tikintisi 2014-cü ildə başa çatdırılıb. Myanma ilə Çin arasında həssas münasibətlərin hökm sürdüyü bir vaxtda kəmərin tikintisi 1.5 milyard dollara başa gəlib. Myanma hökumətindəki mənbə deyib ki, kəmərin nə vaxt işə düşəcəyi barədə hazırda informasiya yoxdur.
“Reuters” qeyd edir ki, nefti göndərən şirkət üçün istənilən ləngimə baha başa gəlir. Tankerdə 50 milyon dollarlıq neft var və tankerin gündəlik fraxtə olunması üçün nefti göndərən şirkət 16 min dollar ödəməli olur. Bura hələ yanacaq sərfiyyatı və heyət üzvləri üçün xərclər daxil deyil…
Virtualaz.org