Növbəti 15-20 il ərzində neftin qiymətindən asılı olaraq, Azərbaycan Dövlət Neft Fonduna (DNF) bütün neft-qaz sazişlərindən 100 milyard dollar vəsait daxil ola bilər.
APA-nın xəbərinə görə, bunu Dövlət Neft Fondun icraçı direktoru Şahmar Mövsümov noyabrın 24-də bank forumundakı çıxışında deyib.
Onun bildirməsinə görə, bu günə qədər isə neft-qaz sazişlərindən Fonda 120 milyard dollar daxil olub.
«Azərbaycanda neft bitməyib, hasilat davam edir. Postneft dövrü dedikdə, biz yeni iqtisadi modelə keçidi nəzərdə tuturuq. 2013-cü ildən başlayaraq neftin qiymətinin kəskin düşməsi nəticəsində dövlət öz xərclərini azaltmağa, konsolidasiya etməyə başladı. Bu da özünü Dövlət Neft Fondundan büdcəyə edilən transfertlərdə göstərdi. Əgər 2013-cü ildə Fonddan büdcəyə transfertlər 14.5 milyard dollar təşkil edirdisə, cari ildə bu rəqəm 4.7 milyard dollara düşüb. Növbəti ildə isə 3.5 milyard dollar ətrafında proqnozlaşdırılır», – deyə Ş.Mövsümov qeyd edib.
Hazırda Dövlət Neft Fondunun 35 milyard 822.1 milyon dollar ehtiyata malik olduğu bildirilir.