Azərbaycan NATO ilə hərbi təlimlər keçirə bilər

0
703

Ötən gün Qəbələdə Azərbaycan, Türkiyə Gürcüstan müdafiə nazirlərinin görüşündə iştirak edən Gürcüstan müdafiə naziri Tinatin Xidaşeli Azərbaycan və Türkiyəni ölkəsində NATO-nun dəstəyi ilə keçirilən proqram və layihələr çərçivəsində əməkdaşlıq etməyə dəvət edib.

“Münaqişələr sülh yolu ilə həll edilməlidir”

ANS PRESS-in “İnterfaks” agentliyinə istinadla verdiyi məlumata görə, söhbət 3 tərəfli hərbi təlimlərdən gedir.” Gürcüstan NATO ilə əməkdaşlığın yaratdığı imkanları nəzərə alaraq 2017-ci ildə bir neçə təlim keçirmək istədiyini bildirib. Hesab edirəm ki, biz yüksək səviyyəli təlimlərin təşkilində Türkiyə tərəfinə layiqli əməkdaşlıq təklif edə bilərik. Razılıq əldə olundu və biz 2017-ci ilin yazında təlimlər keçirməyə hazırlaşacağıq”, – deyə Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti Tinatin Xidaşelinin sözlərindən sitat gətirir.

Məlumata görə, nazirlər növbəti görüşünü bu ilin yayında Batumidə keçirəcəklər.

İsmət Yılmaz, Zakir Həsənov və Tinatin Xidaşeli

İsmət Yılmaz, Zakir Həsənov və Tinatin Xidaşeli

Mayın 15-də Qəbələdə müdafiə naziri general-polkovnik Zakir Həsənov, Gürcüstanın Müdafiə naziri xanım Tinatin Xidaşeli və Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmaz arasında üçtərəfli formatda görüş keçirilib.

Görüşdə nazirlər regionda cərəyan edən hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıb və hərbi sahədə əməkdaşlıq üzrə bir sıra qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli Anlaşma Memorandumu imzalanıb.

Görüş zamanı 3 ölkənin Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılması və qarşılıqlı əməliyyat uyarlılığının əldə edilməsi məqsədilə üçtərəfli birgə təlimlərin keçirilməsi, hərbi təlim-təhsil sahəsində əməkdaşlığın üçtərəfli formatda təşkil edilməsi, Kiber təhlükəsizlik sahəsi üzrə əməkdaşlığın inkişaf etdirilməsi, o cümlədən neft və qaz boru kəmərlərinin mühafizəsi üzrə üçtərəfli təlimlərin daha da təkmilləşdirilməsi məqsədəuyğun hesab olunub.

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşünün nəticəsi olaraq 3 ölkə arasında müdafiə sahəsində Anlaşma Memorandumu imzalanıb. Zakir Həsənovun sözlərinə görə, üçtərəfli Anlaşma Memorandumunun imzalanması əməkdaşlığın hüquqi bazasının əsasını təşkil edəcək, üçtərəfli fəaliyyətlərin yeni mərhələyə keçməsinə zəmin yaradacaq.

Hazırda Gürcüstanda Noble Partner hərbi təlimləri keçirilir. Mayın 11-dən 26-na qədər davam edəcək təlimlərdə 1,3 min hərbi qulluqçu, o cümlədən 650 amerikalı, 150 britaniyalı və 500 gürcü müddətdən artıq hərbi xidmətdə olanlar iştirak edəcək. Təlimlərdə bir neçə Amerika C-130 hərbi-nəqliyyat təyyarəsi, M1A2 tankları və M2 Bredley hərbi maşınlarından istifadə olunacaq.

Təlimlərdə iştirak etmək üçün Amerika ağır zirehli texnikasının Gürcüstana gətirilməsi haqda mayın 5-də məlum olub.

Rusiya Gürcüstanda keçirilən bu təlimlərdən narahatlığını bildirib.

BIR CAVAB BURAXIN