“AZƏRBAYCAN MÜFTİSİ” RƏFSƏNCANİNİN CANGÜDƏNİNƏ NİYƏ TƏPİNDİ? –Mübhəm görüşdə İranın sabiq prezidentinə ciddi təklif

0
438

Əziz Rzazadə

Strateq.az

Necə vaxtdır kitab qurdu kimi, İranın sabiq prezidenti mərhum Haşimi Rəfsəncaninin xatirələrində eşələnirəm və Azərbaycanla bağlı nə varsa üzə çıxarıram. Düzü, “Xatirat”da “Ayətullah Haşimi Rəfsəncaninin Səudiyyə Ərəbistanına 10 günlük səfəri / Üçüncü gün / Azərbaycan müftisi” bölməsini oxuyanda, çaşıb qaldım, söhbətin kimdən getdiyini əvvəlcə anlamadım. “Azərbaycan müftisi”? Əbdülməcid Paşa kimdir?

Yaxşı ki, sonda o görüşü əks etdirən foto vardı və məhz həmin təsvir bütün suallarıma cavab oldu.

Son sözü deməzdən öncə mətni olduğu kimi çatdırıram:

Azərbaycan müftisinin ziyarəti

Görüşün maraqlı məqamlarından biri söhbət zamanı Ayətullah Haşimi Rəfsəncaninin bir türkdilli cangüdəninin tərcüməçi olması idi və Əbdülməcid Paşanın özü də bir neçə dəfə “Mətləbi tam tərcümə etmədi” deyərək dilmanclıq edən cangüdənə, bir növ, etdiraz edib və sonda özü də farsca danışmağa başlayıb.

İslam Dialoq Konfransında iştirak etmək üçün Səudiyyə Ərəbistanına səfər edən Azərbaycan müftisi və Qafqaz Müsəlmanları Məclisinin (İdarəsinin – Ə.R.) sədri Əbdülməcid Paşa konfransın iclası zamanı özü Ayətullah Haşimi Rəfsəncaniyə müraciət edərək onunla görüşmək istədiyini bildirib.

Məsləhət Şurasının başçısı da xahişi qəbul edib və Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirinin də qatıldığı görüş 2008-ci il mayın 21-də (hicri-şəmsi 15 xordad 1387-ci il), Çərşənbə axşamı, saat 6.05-də Ayətullah Haşimi Rəfsəncaninin “Qasr əl-Ziyafə”dəki iqamətgahında baş tutub.

Haşimi Rəfsəncani: – Xoş gəlmisiniz.

Qonaq: – Çox sağ olun.

– Ərəbistana nə vaxt gəlmisiz?

– İki gün əvvəl.

– Konfrans, sizcə, necə keçir?

– Qonaqlar baxımından, ölkəsində xüsusi yeri olan çox hörmətli şəxsiyyətlər iştirak etmir. Bilmirəm, özləri gəlməyiblər, ya dəvət olunmayıblar. Kəmiyyət baxımından çox yaxşı idi. Müsəlman dünyasından 800 üləmanın olması, həqiqətən, dönüş nöqtəsi idi. Mühazirəçi baxımından, Siz, Zati-aliləri, üzə tərif demək kimi çıxmasın, konfransa xüsusi rövnəq verdiniz. Həqiqətən, həzz aldım. Əslində, söhbət etdiyim insanların çoxu da eyni rəyi söylədi.

– Lütfkarlığınıza minnətdaram. Mən beynəlxalq birlik, İslam dünyası və bölgə üçün adi və lazımlı sözləri söylədim.

– O (məruzə – Ə.R.) həqiqətən, yaxşı idi.

– Azərbaycanda nə var, nə yox?

– Xüsusi bir yenilik yoxdur. Əvvəlki kimidir. Səfərinizi gözləyirik.

– Azərbaycana ilk səfərim sovet dövründə olub. Moskvadan Bakıya getdim və Bakı məscidində insanlarla söhbət etdim. O günlər Azərbaycan xalqının mübarizəsinin zirvəyə çatdığı çağ idi və Sovet İttifaqı da ciddi təhlükəyə məruz qalmışdı. Bakıda olduğum qısa müddətdə insanların problemlərinə toxundum və xalqın kommunizmin dəmir divarlarından, həqiqətən, bezdiyini gördüm. Həmçinin, xalqın mədəniyyətinin İslam keçmişinə sədaqətini.

– O yadımdadır. Həmin səfəriniz bizə çox kömək etdi. O günlər qüdrətli idik və yanınızda olmağınıza ehtiyac duyurduq. Həqiqətən, tək idik. Xalqımız, həqiqətən, hər mənada pərişan durumda idi. Yadımdadır ki, bizə un göndərmişdiniz. O böhranlı vəziyyətdə göndərdiyiniz mallar bizim və xalqın, həqiqətən, çox çətin zamanına təsadüf edirdi. Köməyiniz bizim üçün həqiqətən, xoş idi.

– Bizim üçün də çox xoş idi ki, ehtiyacı olanlara, xüsusən ehtiyaclı müsəlmanlara yardım edirdik. İllər əvvəl Qəzvin və Rudbarda zəlzələ baş verdikdə, azərbaycanlılar da eyni işi görmüş, yardım karvanları yollamışdılar.

– Özüm 12 yük maşını ilə gəlmişdim.

– Düzdür. Vəziyyət elə oldu ki, köməyə ehtiyac duyduq. İndi xalqın vəziyyəti necədir?

– Əlhəmdulillah, yaxşıdır. Cənab Heydər Əliyev yaxşı işlər gördü.

– Düzdür. O xeyli zəhmət çəkdi. Övladları necədir?

– Əlhəmdulillah, ataları kimi işləyirlər. Amma bəzi problemlər yaranıb.

– Qafqazın problemləri məgər həll olunmayıb?

– Xeyr.

– O zamanlar da bəzən çox gərgin olurdu.

– İndi də eyni vəziyyətdir. Xarici təhriklər gücləndikdə, işlər daha da pisləşir.

– İnşallah, bütün İslam dünyasının problemləri yaxşı və xoşluqla həll ediləcək.

– İnşallah, bu səfəri başa vurub Azərbaycana qayıtdıqda açıq mühazirədə görüşümüzdən danışmaq, xalqıma və hökumətə salamlarınızı çatdırmağım üçün icazənizi istəyirəm.

– Bu, mənim xahişimdir.

– Bir xahişim də var.

– Buyurun.

– Həqiqətən də Siz, Zati-alinin Azərbaycana səfərini gözləyirik. İcazə verin səfərin müqəddiməsini təqdim edək.

– Azərbaycana gəlib xalqı görmək ürəyimdən keçir.

– O zaman münasib bildiyiniz şəkildə hərəkət edərik.

– İnşallah, münasib fürsətdə gələrəm.

– Münasib fürsət, yəni necə deyərlər, sözümüz sözdür. Dəvətimiz ciddidir.

– İnşallah”.

Yəqin ki, orijinal mətndə yanlışlıqla “Azərbaycan müftisi Əbdülməcid Paşa” kimi təqdim olunan şəxsin kimliyini artıq başa düşdünüz – Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə…