AZƏRBAYCAN İTALİYALI DEPUTATA 2,4 MİLYON AVRO RÜŞVƏT VERİB? – Qalmaqal

0
698

Azərbaycan hökumətinin italiyalı deputat Luka Volonteyə rüşvət verməsini hansı əsasla yazırlar? Kimsə Azərbaycanın marağını müdafiə edirsə, ölkəmizin xeyrinə söz deyirsə, dərhal erməni lobbisinə işləyənlər onu şantaj edirlər. Burada da məqsəd həmin insanların Azərbaycanın haqq işinə verdiyi dəstəyi əngəlləməkdir”. Bunu “Report”a açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
S.Novruzov qeyd edib ki, K.Volontenin Azərbaycana məhəbbəti olduğundan ölkəni müdafiə edib: “Onun ölkəmizlə əlaqələri də ola bilər. Bu şəxs Azərbaycanı sevir və müdafiə edir. Bunun üçün mütləq rüşvət almalıdır?! Bu, hansı məntiqə sığır?! Bütün bu iddialar yalandır”.

YAP rəsmisinin sözlərinə görə, Azərbaycanın daxilində də yalan məlumat yayanlar var: “Bəzi mətbu orqanlar iddia edirdi ki, ukraynalı deputatlar İlqar Məmmədovun azadlığa çıxmasını tələb edirlər. Bu, tamamilə yanlış informasiyadır. Onlar İlqar Məmmədovu tanımırlar. Azərbaycandan qrant oğurluğuna, vergidən yayındığına görə qaçan bir qrup adam lövhələr hazırlayıblar.Avropa İttifaqının binası qarşısından keçən deputatlara da deyirlər, şəkil çəkdirin, deputat da bilmir ki, şəkildəki kimdir. Sonra da deyirlər, filan ölkənin deputatları İlqar Məmmədovu müdafiə etdilər. Bunlar bu qədər saxta və iyrənc əməllərlə məşğuldurlar. Bu işdə onlara Əli Kərimli və Milli Şura kimi dərnəklər də dəstək verirlər”.

Qeyd edək ki, İtaliyanın “İl Fatto” qəzetində dərc edilən yazıda iddia edilir ki, İtaliyanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətində təmsil olunan deputat Luka Volonte 2013-cü ildə Azərbaycan hökumətindən 2 milyon 390 min avro həcmində rüşvət alıb.

«2013- cü il yanvar ayının 23-də Avropa Şurasının Parlament Assambleyası Almaniyadan olan deputat Strässer-in «Azərbaycanda 85 siyasi məhbus»la bağlı hesabatını 79 lehinə, 128 əleyhinə səslə qəbul etmədi. Prokurorların ittihamına görə, bu qərar o zamanlar İtaliya deputat heyətinin nümayəndəsi kimi Parlament Assambleyasının sədr müavini olan Luka Volonte-nin «xarici dövlətin siyasi maraqlarını qorumaq» məqsədilə 2 milyon 390 min avro rüşvət alması hesabına təmin edilib», – qəzetdə yazılır.

Məqalədə yazılanlara görə, bundan əlavə, prokurorların ittihamında deyilir ki, bu rüşvət Azərbaycandakı «Baktelekom» MMC adlı telekommunikasiya şirkətinin kassasından mədaxil edilib. Pul köçürmələrində Britaniyanın «Polux Management LP» və Estoniyanın «Danske Bank»ı iştirak edib.

Məqalədə həmçinin iddia olunur ki, Luka Volonte-yə pulların təhvil verilməsində Azərbaycandan olan deputat Elxan Süleymanov və onun Müslüm Məmmədov kimi həmkarları vasitəçilik edib.

Meydan-TV-nin saytı isə adı rüşvət qalmaqalında hallanan İtalyan deputat Luka Volonte-nin vəkillərinin mövqeyini təqdim edib. Məsələni şərh edən vəkillər Alessandro Pistocchini və Domenico Pulitano cinayət işinin əsassız olduğunu bildiriblər.
Onların deməsinə görə, «bu istintaq işi hüquqi baxımdan əsassız olmasından əlavə, qanuni həyata keçirilmiş siyasi əlaqələrin son dərəcə düzənsiz izahı üzərində qurulub».
Vəkillər istintaqla bağlı hüquqi cavab hazırladıqlarını, «gərəksiz araşdırma»nın dayandırılacağına ümidvar olduqlarını bildiriblər.

Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Avropa Xalq Partiyasının sədri Luka Volonte bir-neçə dəfə Bakıda səfərdə olub.

BIR CAVAB BURAXIN