Azərbaycan ilə Rusiyanı dostluq, əməkdaşlıq ənənələri bağlayır

0
634

Azərbaycanın xarici siyasət prioritetləri sırasında qonşu ölkələrlə qarşılıqlı faydalı münasibətlərin qurulması xüsusi yer tutur. Bu mənada ölkəmizin Rusiya ilə uzun illərdir mövcud olan və daha da möhkəmlənən, inkişaf edən əlaqələrini vurğulamaq lazımdır. Azərbaycan ilə Rusiyanı dostluq, əməkdaşlıq ənənələri bağlayır. Ölkələrimiz arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Rusiya Azərbaycanın tarixi dostu və tərəfdaşıdır. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya rəsmi səfəri zamanı hər iki dövlət başçısının bəyanatlarında bu mühüm məqamlar xüsusi olaraq vurğulanıb, prezidentlərin iştirakı ilə gələcək əlaqələrin daha da möhkəmləndirilməsinə hesablanan sənədlər imzalanıb.

Arazinfo.com-un verdiyi xəbərə görə, bu fikirləri AZƏRTAC-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, ölkələrimiz arasında əldə olunan razılaşmalar, imzalanan sənədlər uğurlu əməkdaşlıq üçün yeni imkanlar açır. O deyib: “Rusiya və Azərbaycan hökumətləri arasında 2024-cü ilə qədər əməkdaşlıq proqramını, Rusiya-Azərbaycan əməkdaşlığının əsas istiqamətlərinin inkişafı üzrə fəaliyyət planını, bununla yanaşı, turizm, idman, rəqəmsal nəqliyyat sistemləri, malların hava nəqliyyatı ilə daşınması üçün gömrük hüquqpozmalarına qarşı mübarizəni, Azərbaycanda “QAZ” ticari avtomobillərinin yığım istehsalının inkişafını, neft-qaz, eləcə də digər mühüm sahələri əhatə edən sənədlərin imzalanmasını məxsusi olaraq qeyd etmək lazımdır. Bununla ölkələrimiz arasında iqtisadi əməkdaşlığa dair yol xəritələrinə uyğun əmtəə dövriyyəsi daha da artacaq. Birgə nəqliyyat layihələri çoxsaylı ölkələri əhatə edəcək, tranzit imkanları artacaq, minlərlə yeni iş yeri açılacaq. Göründüyü kimi, Azərbaycan Prezidentinin Rusiyaya budəfəki rəsmi səfəri də kifayət qədər mühüm məqamlarla zəngindir və böyük əhəmiyyətə malikdir”.

“İki sahil” qəzetinin baş redaktoru əlavə edib ki, bu gün ölkələrimiz arasındakı münasibətlərdə xüsusi dinamizm müşahidə edilir. “Ölkələrimiz arasında tamdəyərli tərəfdaşlıq, dostluq, mehriban qonşuluq münasibətləri var. Mehriban dostlar və qonşular arasında münasibətlər belə də olmalıdır”,- deyən Prezident İlham Əliyev vurğulayıb ki, Rusiya idxala görə Azərbaycan üçün bir nömrəli tərəfdaşdır, qeyri-neft sahəsi ixracatçılarımız üçün birinci yerdədir. Doğrudan da Azərbaycan-Rusiya iqtisadi əlaqələri çox fəaldır. Rusiya Prezidentinin səsləndirdiyi fikirlər, açıqladığı rəqəmlər bir daha bunu sübut edir. Ötən il ölkələrimiz arasında əmtəə dövriyyəsi 2,5 milyard dollara çatıb. Rusiyanın ölkəmizə birbaşa kapital qoyuluşu 1,5 milyard dollar təşkil edib. Bizim bazarımızda təxminən 700 birgə müəssisə var və onlardan da üçdə biri 100 faizlik Rusiya kapitalı ilə fəaliyyət göstərir. Rusiya-Azərbaycan İşgüzar Şurası təkcə ötən il ümumi dəyəri 450 milyon dollar olan 42 birgə layihəyə dəstək göstərib. Bütün bunlarla yanaşı, neft-qaz sahəsində də əməkdaşlığımız uğurla davam edir.

Vüqar Rəhimzadə vurğulayıb ki, səfər zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb, dövlətimizin başçısı ümidvar olduğunu bildirib ki, münaqişənin nizamlanmasında Rusiyanın səyləri davam edəcək. Öz növbəsində, Prezident Vladimir Putin ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın bu münaqişənin sülh yolu ilə nizamlanmasına bütün mümkün köməyi göstərməkdə davam edəcəyini bildirib.

BIR CAVAB BURAXIN