Azərbaycan ilə Gürcüstan arasında sarsılmaz dostluq və qardaşlıq əlaqələrinin tarixi çox qədimdir. Bu münasibətlər zəngin ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində inkişaf edir. İki ölkənin münasibətlərinin tarixinə nəzər salsaq bu fikri böyük əminliklə qeyd edə bilərik ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin və Gürcüstanın keçmiş Prezidenti Eduard Şevardnadzenin hakimiyyətə gəlməsi əməkdaşlıqda yeni səhifə açdı. Hər iki liderin Azərbaycanla Gürcüstan arasında əlaqələrin yüksələn xətlə inkişafında rolu böyükdür. Təbii ki, burada onların şəxsi nüfuzu, eyni zamanda, bir-birlərinə yaxın dost münasibətləri də əhəmiyyətli rol oynadı. Eyni regionda, mürəkkəb coğrafi ərazidə yerləşən hər iki ölkənin əsrlərə söykənən qonşuluq, dostluq əlaqələri müstəqillik illərində daha da genişləndi, iştirak etdikləri qlobal infrastruktur layihələrinin həlli ilə dünyanın enerji xəritəsinin dəyişməsinə təsir göstərdilər. Bu baxımdan tam əminliklə söyləmək olar ki, möhkəm iradə, etibarlı təməl üzərində formalaşan münasibətlər bu gün artıq dövlətlərarası tərəfdaşlığı gücləndirən amil kimi diqqəti cəlb edir. Bu gün Gürcüstan və Azərbaycan bütün sahələrdə çox uğurla əməkdaşlıq edir, siyasi, iqtisadi münasibətlər, hər iki xalq arasında əsrlərdən bəri davam edən mehriban qonşuluq əlaqələri getdikcə möhkəmlənir. Dövlət başçısı İlham Əliyevin oktyabrın 24-də Gürcüstana işgüzar səfəri çərçivəsində liderlərin mətbuata birgə bəyanatları zamanı Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu məqama xüsusi diqqət yönəldərək bildirdi: “Mən Sizin atanızdan, ölkənizin Ümummilli Liderindən sitat gətirmək istəyirəm. Onun xatirəsinə bizim dərin ehtiramımız var. O, vaxtilə Gürcüstanda Tbilisidə olanda demişdi, Azərbaycan və gürcü xalqları xoşbəxtdirlər ki, onlar qonşu xalqlardır. Bizim əcdadlarımız həmin təmasları yaradıb və bu gün bizim vəzifəmiz odur ki, həmin əməkdaşlığı irəli aparaq və gələcək nəsillərə ötürək.” O da qeyd edildi ki, ölkələrimiz arasında mehriban qonşuluq münasibətləri və strateji tərəfdaşlıq, o cümlədən əməkdaşlığın gündəliyi səfərin əhəmiyyətini açıqlayır. Azərbaycanla Gürcüstanın bu qədər yaxın olmasına dövlət başçısı İlham Əliyevin töhfələrinin böyüklüyü Gürcüstanın Baş naziri tərəfindən xüsusi vurğulandı.
Bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur: “Ötən 30 il münasibətlərimizin strateji tərəfdaşlıqdan müttəfiqliyə doğru inkişafına bələdçilik edir. Onu da qeyd edək ki, 1995-ci ildə Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ildə isə Tbilisidə Azərbaycan səfirliyinin açılması ikitərəfli əlaqələrin inkişafına əlavə stimul verdi. Gürcüstanla Azərbaycanı biri-birlərinə daha sıx tellərlə bağlayan eyni zamanda, qlobal enerji və nəqliyyat layihələridir. İkitərəfli layihələr təkcə iki ölkə və region üçün deyil, ümumilikdə Avropa üçün önəmlidir.”
“Beynəlxalq əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizindən öncə regional əməkdaşlığın inkişafına yönələn Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, eyni zamanda, iqtisadi və siyasi əhəmiyyətinə görə adları çəkilən layihələrdən heç də geri qalmayan Bakı-Tbilisi-Qars dəmir yolu xətti artıq reallığa çevrilib.
Nailə Əliyeva – Zərdab Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin müdiri