Azərbaycan-Gürcüstan münasibətlərinin əsasını təşkil edən enerji və nəqliyyat layihələri əməkdaşlığın təməl daşıdır

0
1644

Göründüyü kimi, Azərbaycan-Gürcüstan əlaqələrinin yeni mərhələsi olan enerji və nəqliyyat layihələri tərəfdaşlığın daha mühüm istiqamət üzrə inkişafını şərtləndirdi. Dövlət başçısı İlham Əliyevin və  Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin bəyanatlarında qeyd olunduğu kimi, əməkdaşlığın əsas hissəsinin energetika sektoruna aid olması birgə səyin bəhrəsi, ölkələrimizin iqtisadi inkişafını yüksəldən başlıca amildir. Xəzər, Qara və Aralıq dənizlərini neft-qaz kəmərləri ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələrinin reallaşmasında birgə səy göstərən Azərbaycan, Gürcüstan və Türkiyə beynəlxalq ictimaiyyətə qarşılıqlı əməkdaşlıq təcrübəsini nümunə kimi göstərdilər. XXI əsrin tarixi hadisəsi adlandırılan  Cənub Qaz Dəhlizinin, onun əsas seqmentləri olan TANAP və TAP-ın  uğurlu icrası təkcə bölgənin deyil, bütövlükdə dünyanın ən böyük infrastruktur layihəsi kimi dəyərləndirilir.  Əgər bu layihələrin icrasına başlanılarkən üç ölkə əməkdaşlıq edirdisə, bu gün belə dövlətlərin sayı daha da artır və yeni tərəfdaşlar sözügedən layihələrə cəlb edilir. Cənub Qaz Dəhlizi  layihəsində Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliyanın birgə iştirakı ilə yaradılan geniş beynəlxalq əməkdaşlıq formatı Azərbaycanın bölgədə nüfuzunu daha da artırır.

Azərbaycan-Gürcüstan münasibətlərinin əsasını təşkil edən enerji və nəqliyyat layihələri əməkdaşlığın təməl daşıdır. İnfrastruktur layihələri bütün dünya xalqları üçün önəmlidir. Asiyanı, Çini və Avropanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun reallaşmasında iştirak edən hər üç ölkənin əməkdaşlıq formatı sabitlik nümunəsidir. Enerji və nəqliyyat sahəsində  yeni layihələri, həmçinin  Avropa İttifaqı ölkələrinə qaz ixracının genişləndirilməsini və  2027-ci ildə 20 milyard kubmetrə  çatdırılmasını, elektrik enerjisi  ixracının artırılmasını, işğaldan azad edilmiş ərazilərdə  bərpa olunan enerji gücünün  10 gvt, Xəzərdə isə 157 gvt təşkil etməsini, Bakı-Tbilisi-Qars  dəmir yolu vasitəsilə yük daşımalarının  5 milyon tona  kimi yüksəldilməsini də xüsusi qeyd etməliyik.  Asiyadan Qərbə və əksinə, yükdaşımalarının artması  yeni reallıq yaradır.  Azərbaycan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini 15 milyon tondan 25 milyon tona  çatdırmağı planlaşdırır. Ümymiləşdirilmiş şəkildə qeyd etsək, dünyada enerjiyə  tələbatın artdığı  zamanda Azərbaycan-Gürcüstan  əlaqələrinin daha da genişlənməsi iki ölkənin bir cəbhədə dayanaraq öz maraqlarını təmin etməsinə imkan verir.”

Qarşılıqlı səfərlər ikitərəfli əməkdaşlığın gündəliyinin təhlilində və ona yeni əlavələrin edilməsində əhəmiyyətli rol oynayır. Günümüzün əsas müzakirə mövzularından biri də bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin yaradılmasıdır. Tarixi Zəfərimizin  yaratdığı  reallıqlar yeni əməkdaşlıq formatlarının həyata vəsiqə almasına yol açır. Bu da öz növbəsində Azərbaycanın Ermənistana təklif etdiyi 5 prinsip əsasında sülh müqaviləsinin qısa zamanda imzalanmasını bir tələbə çevirir.  Dövlət başçısı İlham Əliyevin  Gürcüstan səfəri zamanı bu məsələ də əsas müzakirə mövzusu oldu. Prezident İlham Əliyev ümid etdiyini bildirdi  ki,  Ermənistan tərəfi də siyasi iradə göstərərək beynəlxalq birlik tərəfindən tanınan  əsas təməl prinsiplər əsasında Azərbaycanla sülh müqaviləsini imzalayacaq. Əgər belə olarsa, Cənubi Qafqaza sülh gələcək və eyni zamanda, əməkdaşlıq üçün imkanlar yaranacaq. Səfər çərçivəsində  Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinə başlanılması haqqında fikir mübadiləsinin aparılması da bunun təsdiqidir.

 

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri