Azərbaycan dilinə qadağa… – Təbrizli deputatlar naziri “yıxdı-sürüdü”

0
496

İran təhsil nazirinin məktəblərdə fars dilinin tədrisini “qırmız xətt” adlandıraraq qeyri-fars dillərində dərs keçməyin qadağan olduğunu vurğulaması ciddi etirazlara səbəb olub.

Məsələyə Təbrizin millət vəkilləri Məhəmməd İsmail Səidi, Zəhra Sai və Məhəmməd Hüseyn Fərhəngi münasibət bildirərək, nazirin açıqlamasını əsassız adlandırıb, türk dilinin tədrisinə başlanılmasını tələb ediblər.

“Bizim ölkəmizdə müxtəlif xalqlar yaşayır. Onlar əsrlər boyu birlikdə yaşayıblar. Lakin bu birlik o zamanadək davam edə bilər ki, bütün qövmlərin kimliyi qorunub saxlanılsın. Bu zəmində hər hansı yanlışlığa yol vermək olmaz. Bu sözlərin təhsil nazirinə aid olmadığına ümid edirəm. Bizim ondan başqa gözləntimiz var. Amma nazir bu sözləri deyibsə, o zaman sözünü geri almalıdır. Şübhəsiz ki, digər millət vəkilləri də bu məsələyə münasibət bildirəcəklər. Bu işlər belə davam edə bilməz”, – deyə Təbriz, Azərşəhr və Üskünün İran parlamentindəki millət vəkili Məhəmməd İsmail Səidi deyib.

Təbrizin digər millət vəkili Zəhra Sai də oxşar açıqlama ilə çıxış edib. Millət vəkili nazirin sözlərini “çiy və düşünülməmiş açıqlama” adlandırıb:

“Əhalinin əsas tələblərindən biri ana dilinin tədris olunmasıdır. Biz bunu dəfələrlə gündəmə gətirmişik. Bu məsələ ölkə konstitusiyasının 15 və 19-cu maddələrində də öz əksini tapıb. Hər millətin kimliyi onun ana dili ilə formalaşır. Kimsə bunu əhəmiyyətsiz bir məsələ kimi qələmə verə bilməz. Ölkədə yaşayan bütün qövmlər bizim zənginliyimizdir, bu qövmlərin dərin mədəniyyətləri var. Türk dili olduqca zəngin və fəsahətli dildir, bu dil mütləq qorunub saxlanılmalıdır. Hesab edirəm ki, cənab Bəthayinin “qırmızı xətti” heç bir əhəmiyyət kəsb etmir. Bizim qırmızı xəttimiz ölkə konstitusiyasıdır. Lakin görünür ki, hörmətli naziri bu çiy sözləri ilə konstitusiyanı da görməzdən gəlir”.

Azərbaycanlı millət vəkili onu da bildirib ki, təhsil naziri türk dilinin tədrisi üçün şərait yaratmasa, nazirə parlamentdə sual ünvanlanacaq, o millət vəkillərinin qarşısında cavabdehlik daşıyacaq.

Təhsil nazirinin qeyri-fars dillərinə qarşı açıqlamasına etiraz edən millət vəkillərindən biri də millət vəkili Məhəmməd Hüseyn Fərhəngidir. O, məktəblərdə türk dilinin tədris olunmasının ölkə konstitusiyasına uyğun olduğunu deyib.

“Təhsil Nazirliyi ana dilinin məktəblərdə tədris olunmasına qadağa qoya bilməz. Ona görə ki, bu qərar konstitusiyanın 15-ci maddəsinə zidd olar. Türk dilinin məktəblərdə tədris olunması və türk dili və ədəbiyyatı mədəniyyət evinin yaradılması əhalinin əsas tələblərindən biridir. Prezident Həsən Ruhani də bu iki tələbin təmin edilməsi haqda vəd verib, lakin təəssüflər olsun ki, 6 ildir verilən vəd yerinə yetirilmir”, – deyə Məhəmməd Hüseyn Fərhəngi qeyd edib.

Qeyd edək ki, İranın Təhsil naziri Məhəmməd Bəthayi şagirdlərə qeyri-fars dillərində dərs keçməyin qadağan olduğunu vurğulayaraq məktəblərdə fars dilinin tədris olunması məsələsini “sistemin qırmızı xətti” adlandırıb. (teleqraf.com)

BIR CAVAB BURAXIN