Azərbaycan Avropa üçün enerji sektorunda etibarlı tərəfdaşdır.
“Avropanın aparıcı dövləti olan Almaniyaya bir neçə günlük fasilə ilə Cənubi Qafqazın iki dövlət başçısının səfəri gerçəkləşdi. Əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan, sonra isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev. Ermənistan liderinin səfəri Azərbaycandan ənənəvi şikayətlərlə yadda qaldısa, Azərbaycan Prezidentinin alman iş adamları və şirkət rəhbərləri ilə görüşü ölkəmizin Avropa qitəsi üçün hansı əhəmiyyətə malik iqtisadi tərəfdaş olduğunu bir daha ortaya qoydu. Eyni zamanda, rəsmi Berlinin Azərbaycanla-Ermənistan arasındakı münasibətlərə dair mövqeyinin bir daha səsləndirilməsi nəzərdən qaçmadı.
Azərbaycanla Ermənistanın beynəlxalq aləmdəki çəkiləri müqayisəedilməzdir. Bu, hər iki ölkənin liderlərinin Almaniyaya səfərləri zamanı aşkar görünürdü. Paşinyan “dəyişikliklər”lə öyünsə də, ən azı bir məsələdə əvvəlkilərdən fərqlənmir: dünya birliyini ənənəvi yalanlarla aldatmaqda. Mövzu bəllidir, Laçın yolu, “125 min erməninin blokadası”, “Azərbaycanın aqressiyası”. Ola bilsin bu, ona daxili siyasi vəziyyəti üçün lazımdır, ancaq dünya birliyi təbii ki, yalanlara o qədər də önəm vermir. Ekoloqların aksiyası artıq 100 gündür davam edir, bu müddət ərzində Laçın yolundan 4 minə yaxın avtomobil keçib, hamı hər şeyi gözəl bilir.
Azərbaycanın Avropa qitəsindəki iqtisadi rolu durmadan artır və bunu Prezident cənab İlham Əliyevin alman iş adamları ilə görüşündən görmək olar. “Bu görüşdə iştirak edən şirkətlər var idi ki, illik dövriyyələri Ermənistan büdcəsindən 3 dəfə çoxdur. Onlar Azərbaycana cəlbedici iqtisadi tərəfdaş olaraq baxırlar, ölkəmizə investisiya və yeni texnologiyalar gətirmək istəyirlər. Bəziləri ilə yüksək texnologiyaların Azərbaycanda istehsalı gündəmdədir. İqtisadi maraqlar “yaşıl enerji”dən tutmuş logistikaya qədər böyük sahəni əhatə edir. Söhbət yüzmilyonlarla dollarlardan gedir. Təbii ki, Paşinyanın Almaniyadakı yalanları bütün bunların fonunda çox aciz təəssürat yaradır.
Avropanın bir neçə dövlətinə mavi yanacaq ixrac edən Azərbaycanın bu istiqamətdə Almaniya ilə işbirliyi yaxın gələcəyin məsələsidir: “Görüşlərdə bu məsələnin üzərinə gəlindi. Azərbaycanın ixrac kəmərləri Avropanın mərkəzinə çatır. Almaniya Azərbaycanın mavi yanacaq ehtiyatlarından yararlanmaq istəyir.
Enerji siyasətinin digər mühüm komponenti Avropaya yaşıl enerji ixracı ilə bağlıdır. Azərbaycan Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır. Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı ölkəmizin bu sahədə də həlledici rol oynamasına imkan verir.
Azərbaycan ilə Avropa İttifaqı arasında «Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu»nun” imzalanması ölkəmizin bu mövqeyinə bir daha işıq salır.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova