Azərbaycan-ABŞ münasibətlərində gərginlik

0
420

ABŞ Nümayəndələr Palatasının oktyabrın 30-da qondarma “erməni soyqırımı” haqqında qəbul etdiyi 296 saylı qətnamə qardaş Türkiyədə olduğu kimi, Azərbaycanda da ciddi etirazla qarşılanıb. Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin məsələyə dərhal reaksiya verməsi bu etirazın bariz sübutudur. 

Bu etirazların davamına Azərbaycanın Amerikaya verdiyi notanı əlavə etmək olar. Notanın verilməsinə səbəb isə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin təmsilçisi Masis Mayilyanın ABŞ ərazisinə daxil olmasıdır. O, hətta Konqresdə belə çıxış edib.

Ekspertlər baş verən son hadisələrin Azərbaycan-ABŞ münasibətlərinə ciddi zərbə vura biləcəyini bildirirlər. Hətta rəsmi Vaşinqtonun regionumuzda Azərbaycanın fonunda strateji bir müttəfiqini də itirmək üzrə olduğu vurğulanır.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “erməni soyqırımı”nın tanınmasının gözlənilməz olduğunu qeyd etdi: “Adətən ”erməni soyqırımı” ilə bağlı məsələlər barədə əvvəlcədən məlumat verilir. Bu dəfə isə belə olmadı. Aydındır ki, Konqresin Nümayəndələr Palatası Türkiyənin bölgədə fəal rolundan narahatdır. Türkiyənin Suriyada terrorçu PKK təşkilatının uzantılarına qarşı başladığı hərbi əməliyyat və Rusiya ilə anlaşma imzalaması Amerikadakı siyasi dairələri narahat etdi. Ona görə də konqresmenlər Amerikadakı erməni lobbisi ilə birləşərək Türkiyə əleyhinə qətnamə qəbul etdilər.

Elxan Şahinoğlu ile ilgili görsel sonucu

Elxan Şahinoğlu: “Amerika Konqresi Azərbaycanı da alternativ yollara baş vurmağa məcbur edəcək”

Bu qətnamə yalnız Türkiyə və bu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanın əleyhinə deyil. Konqres bu qətnamə ilə həm də prezident Donald Trampı cəzalandırdı. Tramp Türkiyə ilə yaxşı münasibətlərin tərəfdarıdır. Tramp Ərdoğanı noyabr ayının əvvəllərində Vaşinqtona rəsmi səfərə dəvət edib. Ancaq Nümayəndələr Palatasının qərarından sonra Ərdoğanın Amerikaya səfəri sual altında qaldı. Nə vaxtsa Senat da “erməni qətnaməsini” təsdiq edəcək və hansısa demokrat prezident Türkiyənin əleyhinə həmin “qətnaməyə” imzasını atacaq. Bundan Türkiyə uduzmayacaq, uduzan Amerika olacaq. Amerika onsuz da Avrasiyanın əsas dövlətlərindən birini – keçmiş müttəfiqi Türkiyəni sürətlə itirir. Bu gedişlə Türkiyə Rusiya və Çinə daha çox yaxınlaşacaq. Amerika Türkiyəyə raket satmır, Türkiyə raketi Rusiyadan alır, Amerika Türkiyə ilə imzaladığı anlaşmanın əleyhinə olaraq hərbi təyyarələri satmaq istəmir, Türkiyə oxşar təyyarələri yenə ya Rusiyadan alacaq, ya da bir neçə il sonra özü istehsal edəcək.

Bu azmış kimi ermənipərəst Konqresə erməni separatçılarının “xarici işlər naziri” də dəvət olunub. Əlbəttə, Türkiyədən fərqli olaraq Azərbaycanın Birləşmiş Ştatlarla münasibətləri soyuq deyil. Ancaq bu gedişlə Amerika Konqresi Azərbaycanı da alternativ yollara baş vurmağa məcbur edəcək. Amerika Konqresi dünyanın yeganə parlamentidir ki, Dağlıq Qarabağ separatçılarına hər il maliyyə yardımı ayırır. Azərbaycan Dağlıq Qarabağ separatçılarıyla bağlı son 10 gün ərzində 3 həmsədr ölkəyə – Rusiyaya, Fransaya və Amerikaya nota verib. Təəssüf ki, münaqişənin həllinə cavabdeh olan bu 3 ölkə Dağlıq Qarabağ mövzusuna həssas yanaşmır. Əvvəllər də belə hallar olub. Bu o deməkdir ki, erməni separatçılarının təxribatları bundan sonra da davam edəcək. Yəni kimlərsə Dağlıq Qarabağa gedəcək, separatçılarla qanunsuz sazişlər imzalanacaq və ya separatçıların lideri müxtəlif ölkələrə dəvət olunacaq, parlament binalarında görüşləri təşkil ediləcək. Əlbəttə, bütün bu hallara qarşı mübarizə aparmalıyıq. Ancaq bu kifayət etmir. Adıçəkilən dövlətlər Azərbaycan Xarici İşlər Nazirliyinin davamlı notalarını və bəyanatlarını diqqətə almayaraq yalnız bizi rahatlatmalı olan cavaba üstünlük verirlər: “Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik və heç bir rəsmi qurum Dağlıq Qarabağla təmaslar saxlamır”. Məsələ burasındadır ki, erməni separatçılarının nümayəndələrinin Amerika Konqresində qəbulu və onlara hər il ayrılan yardımlar elə separatçılara dəstək kimi qəbul edilir. Bütün bu problemlərdən qurtulmağın yeganə yolu bəllidir. İşğala son qoymaqla məsələ bitəcək. Həmin günə qədər isə bu kimi təxribatlar davam edəcək”.

Elçin Mirzəbəyli ile ilgili görsel sonucu

Elçin Mirzəbəyli: “Baş verənlər Azərbaycandan da yan ötüşməyəcək”

Politoloq Elçin Mirzəbəyli: “ABŞ Konqresinin Nümayəndələr Palatasının qondarma erməni soyqırımının tanınmasını təşviq edən qanun layihəsini qəbul etməsi, Senat tərəfindən qəbul ediləcəyi və prezidentin veto qoymayacağı təqdirdə hüquqi status alacaq. Belə olacağı təqdirdə şübhəsiz Türkiyə-ABŞ münasibətlərində ciddi çat yaranacaq və baş verənlər Azərbaycandan da yan ötüşməyəcək. Öncə qeyd edim ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının qondarma erməni soyqırımının tanınmasını təşviq edən qanun layihəsinin məhz oktyabrın 29-da – Türkiyə Cümhuriyyətinin elan olunmasının 96-cı ildönümü günü qəbul edilməsi, ardınca Türkiyəyə qarşı ”Sülh çeşməsi” hərəkatına görə sanksiyaların tətbiqini nəzərdə tutan layihənin qəbul edilməsi həm zamanlama, həm də Türkiyəyə emosional təsir baxımından düşünülmüş, məqsədyönlü bir davranışdır, siyasi provokasiyadır. Azərbaycan dövlətinin bu məsələyə sərt reaksiya verməsi təbii qəbul olunmalıdır. Hətta 1915-ci ildə baş vermiş tarixi hadisələrin təhrif olunması faktını bir kənara qoysaq, azərbaycanlıları 100 ildən çox bir zaman ərzində dəfələrlə soyqırıma, etnik təmizləməyə məruz qoyan, ərazilərimizin işğalı zamanı insanlıq əleyhinə cinayətlərə əl atan, Xocalıda dəhşətli soyqırım cinayətləri törədən bir xalqın guya soyqırımına məruz qalmasını iddia etmək rəzalətdir, insanlıq simasının itirilməsidir. Birləşmiş Ştatlar əvvəlki kimi hegemon güc deyil. Qondarma erməni soyqırımı ilə bağlı qərar isə təkcə Türkiyənin deyil, bütövlükdə Türk Dünyasının, həmçinin ABŞ-ın uzun illər boyu ikili siyasətindən cana doymuş bütün xalqların ciddi nəticələr çıxarmasına zəmin yarada bilər. Bu isə nəinki yeni iqtisadi-siyasi əməkdaşlıq modellərinin, hətta yeni hərbi ittifaqların da yaranmasına yol aça bilər. Bu qərar indiki halda Birləşmiş Ştatların maraqlarına da uyğun deyil və çox güman ki, Senatın qərarı, yaxud prezident Trampın veto hüququndan istifadə edilməsi nəticəsində nə zamansa yenidən gündəmə gətirilməsi üçün bir kənara atılacaq”.C
“Yeni Müsavat”