1988-1994-cü illər Qarabağ hadisələri zamanı Azərbaycan BMT nizamnamələri çərçivəsində tanınmış torpaqlarının 20 %-ni itirdi. 1994-cü il Bişkek protokoluna uyğun olaraq təmas xətti saxlanılmaqla diplomatik danışıqlara getmişdir. Lissabon sammitdən sonra ATƏT tərəfindən Azərbaycanın ərazi bütövlüyü tanınmış, münaqişənin həllində Minsk qrupu yaradılmışdır. Minsk qrupunun 25 ildən artıq fəaliyyəti öz bəhrəsini verməmiş, Azərbaycan torpaqları bu müddətdə erməni işğalı altında qalmışdır. Azərbaycan tərəfi daim ədalətli sülhün tərəfdarı olmuşdur. Uzun illər müxtəlif formada aparılan danışıqlar heç bir nəticə verməmişdir. Azərbaycan BMT-nin nizamnaməsinin 51-ci maddəsini əsas tutaraq öz torpaqlarını hərbi yolla azad edə biləcəyini dəfələrlə qarşı tərəfə bəyan etmişdir. Ermənistan rejimi BMT-nin Dağlıq Qarabağ haqqında çıxardığı qətnamələrə heç bir reaksiya verməyib işğalı davam etdirmişdir.
2020-ci ilin Tovuz hadisələri zamanı Azərbaycan generalı Polad Həşimovun şəhid olması Azərbaycan xalqının və Azərbaycan hakimiyyətinin səbr kasasını daşdırmışdı. 2020-ci ilin 27 sentyabrında Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdikləri təxribatın qarşısı almaqla yanaşı, əks-hücüm əməliyyatına da başladı. ”Dəmir yumruq” əməliyyatı adı almış hərbi əməliyyatlar nəticəsində işğal edilmiş Azərbaycan torpaqları işğaldan azad edildi. Hərbi əməliyyatlardan sonrakı dövrdə Qarabağ münaqişəsinin yeni diplomatik mərhələsi başladı. Azərbaycan Minsk qrupunun fəaliyyətindən imtina etdi. Bu gün Azərbaycan dövlətinin inkişafını, tərəqqi etməsini və regionda ədalətli sülhün tərəfdarı olmasını bütün dünya görür və yüksək qiymətləndirir.
Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbin direktoru- Kəmalə Əliyeva