Azərbaycanın ürəyi dağlandı … – Deputatlardan sərt etiraz

0
649


 

Keşkə Şərqi Azərbaycana da digər vilayətlər kimi baxardılar.

Axar.az Gamac.info-ya istinadən xəbər verir ki, bunu Güney Azərbaycanın Şəbistər şəhərindən olan millət vəkili Məsumə Ağapur söyləyib.

“Ötən il də Şəbistər bölgəsində oxşar təbii fəlakət baş verdi. Hadisə nəticəsində çoxları evsiz qaldı, bir çox əkinçi isə müflis oldu. Lakin hadisədən 10 ay keçməsinə baxmayaraq, hələ də təbii fəlakətdən zərərçəkənlərə heç bir yardım edilməyib. Keşkə Şərqi Azərbaycan vilayəti də məsul şəxslərin gözündə Xuzistan, Xorasan və ya Rəşt kimi olardı. Onlara ən kiçik təbii fəlakət zamanı yetəri qədər yardım edilir və lazımi tədbirlər alınır, lakin Şərqi Azərbaycan sanki bir istisnadır”, – deyə Şəbistərin millət vəkili qeyd edib.

Baş verən hadisəyə görə hakimiyyət nümayəndələrini tənqid edən deputatlardan biri də Qoşaçayın millət vəkili Cahanbəxş Mohebbi Niyadır. O, İran Teleradio Şirkətini sərt tənqid edib:

“Ötən gün hadisə ilə bağlı iki ekspert danışırdı. Onlar elə söhbət edirdi ki, sanki günahkar hadisə nəticəsində həyatını itirənlərdir. Xeyr, bu belə deyil. Əsas məsələ yanlış idarəçilik məsələsidir. Ötən yayda Çitçiyanın yanında dedim ki, bölgədəki çayların vəziyyəti heç yaxşı deyil. Əgər müəyyən tədbirlər alınmasa, yazda daşqınlarla üzləşəcəyik. Elə dediyim kimi də oldu”.

Urmiyənin millət vəkili Hadi Bahaduri də baş verən təbii fəlakətlə bağlı rəsmilərin fəaliyətini tənqid edib:

“Təəssüflər olsun ki, bu dəfə də sel Azərbaycanın ürəyini dağladı. Onlarla insan həyatını itirdi, bir neçə nəfər hələ də itkindir. Sel-daşqın suları Urmiyə, Sulduz, Azərşəhr, Üşnəviyyə, Əcəbşir və Təbriz şəhərlərini bürüdü, bölgə əhalisinə çoxlu ziyan dəydi. Mən təbii fəlakət nəticəsində faciə ilə üzləşən bütün ailələrə başsağlığı verir və Böhran Müdiriyyəti Təşkilatından var gücü ilə bölgə əhalisinə yardım etməyi gözləyirəm. Milli Hidrometeorologiya isə hava şəraitinə dair vaxtında proqnoz verib və hər kəsi məlumatlandırmalı idi. Bu şəkildə itkilərin və dəyən ziyanın həcmini azaltmaq mümkün olardı. Baş verən hadisənin Teleradio Şirkəti və kütləvi informasiya vasitələrində daha geniş şəkildə işıqlandırılmasını gözləyirəm”.

 

BIR CAVAB BURAXIN