“Azərbaycan Ermənistana düşünmək üçün 1 ay vaxt verib”

0
835

“Prezidentlərin Vyana görüşü ilə bağlı erməni tərəfi kifayət qədər əsası olmayan pafoslu çıxışlar etməyə başladı. Vyana görüşü önəmli görüş oldu, Azərbaycanın orada mövqeyi tam olaraq masaya yatırıldı, dinlənildi və qəbul edildi”.

Bu sözləri Modern.az-a açıqlamasında ATƏT-in Parlament Assambleyasının Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini, Milli Məclisin deputatı Azay Quliyev deyib. O Vyana görüşünün əsas 3 məqamını qeyd etməyi vacib bilib.

<p”>

“Azərbaycan dəfələrlə qeyd edib ki, bura sadəcə görüş xətrinə getməyib və şərt irəli sürüb ki, əgər doğurdan da danışıqlar konkret nəticələrə söykənəcəksə, nəticəsi olacaqsa, biz bu danışıqlara başlayaq. Yoxsa əvvəlki kimi imitasiya xarakteri daşıyacaqsa, danışıqların, görüşün heç bir mənası yoxdur. Məhz buna görə uzun müddət danışıqlar aparıldı və Azərbaycan prezidenti görüşə razılıq verdi.

Görüşdə ən vacib məqamlardan biri odur ki, Azərbaycan Ermənistana düşünmək üçün 1 ay vaxt verdi. Nəzərə alsaq ki, aprel döyüşlərindən sonra Azərbaycanın mövqeyi kifayət qədər möhkəmlənib, Azərbaycan daha qətiyyətli və inamlı təəssürat, inam yaradırdı və bunun üçün də əsas da var idi.

O baxımdan Azərbaycan danışıqlar zamanı konkret olaraq qeyd edib ki, Ermənistan həqiqətən səmimidirsə və danışıqlarda konstruktivlik nümayiş etdirmək istəyirsə, onda vaxt çərçivəsində bunu müəyyənləşdirək.

Bir ay müddətində Ermənistana düşünmək üçün vaxt verildi və iyun görüşlərində ümid edirik ki, Ermənistan tərəfindən konkret addımlar atılacaq”. <p”>Deputat bildirib ki, əgər Ermənistan doğrudan da onlara təklif olunan həll planını qəbul edəcəksə və ona uyğun problemin həlli istiqamətində müəyyən addım atacaqsa, onda atəşkəsin, insidentlərin araşdırılması məsələsi avtomatik öz həllini tapacaq.<p”>

“Çünki mətbuat üzərindən böyük pafosla qeyd olunur ki, tərəflər atəşkəs rejiminin  möhkəmləndirilməsinə və insidentin araşdırılmasına dair razılıq əldə ediblər.

Əslində bu bizim strateji hədəfimiz deyil. Bizim hədəfimiz odur ki, problem həll olunsun. İkinci tərəf ondan ibarətdir ki, tərəflər problemin mərhələli həlli üçün razılığa gəliblər. Bu gorüşün əsas təşkilatçılarından olan Rusiyanın xarici işlər naziri Lavrov açıq bəyanat verdi və bildirdi ki, iyun ayında keçirilən görüşdə tərəflər mərhələli şəkildə problemi həll etməyə çalışmalıdır və bu formatda məsələ həllini tapmalıdır.

İlkin mərhələdə Azərbaycanın 7 rayonu işğaldan azad olunur və ikinci mərhələdə Azərbaycan məcburi köçkünləri həmin rayonlara qayıdır və kommunikasiyaya açıq əlaqələr qurulur. Üçüncü mərhələdə isə Dağlıq Qarabağın razılaşdırılmış statusu müəyyənləşdirilir.

Yəni Azərbaycan və Ermənistan həmin statusu birgə müzakirə etməlidirlər. Məhz görüş zamanı ATƏT-in hazırkı sədri, Almaniyanın xarici işlər naziri Ştaynmayer bəyanat yaydı və bildirdi ki, bu günki status-kvo çox təhlükəlidir və perspektivi yoxdur.

Status-kvonun dəyişdirilməsini artıq ATƏT səviyyəsində bir daha bəyan etdilər. Azərbaycan prezidenti İlham Əliyev davamlı şəkildə dəfələrlə status-kvonun qəbuledilməz olduğunu bildirib. Bu o deməkdir ki, status-kvo dəyişilərsə, artıq Ermənistanın Silahlı Qüvvələri Azərbaycan torpağından çıxmalıdır. Hesab edirəm ki, Vyana görüşünün əsas mühüm məqamlarından da biri budur”.<p”>

A.Quliyev qeyd edib ki, Ermənistan tərəfi daha çox insidenti araşdırmağa, atəşkəsin qorunması ilə bağlı məqamlara üstünlük verir.

“Hesab edirəm ki, biz buna fikir verməməliyik. Əgər Ermənistan prezidenti Serj Sarkisyan bununla bağlı özünə təskinlik tapacaqsa, qoy etsin. Bizim üçün əsas məqam ondan ibarətdir ki, Ermənistanın düşünməsi üçün konkret vaxt qoyulub.

Ümid edirik ki, iyun ayında keçiriləcək görüşdə tərəflər ATƏT-in Minsk qrupunun həmsədr ölkələri məhz verdikləri bəyanatın arxasında duracaqlar və mərhələli şəkildə prinsipial olaraq təklif olunan həll planına tərəfdar çıxaraq konstruktiv mövqe nümayiş etdirmək üçün addımlar atacaq. Lazım olsa açıq şəkildə bəyan edəcəklər ki, işğalçı qüvvələr Azərbaycan torpaqlarından çıxarılsın”. <p”>

BIR CAVAB BURAXIN