Mən həmişə demişəm, yenə də deyirəm, bu paxıllıq bizi yıxacaq. Ay tövbə, bu paxıllıq qoymaz biri artsın, o saat badalaq vurub yıxır. Balam, nöş yıxılsın? Bu fağırın günahı nədir?
Bilmirəm, tanıyırsınız, ya yox, “Qəbələ”nin qapıçısı Dmitri Bezotosnını deyirəm e… Bu günlərdə onu da paxıllıqla yıxdılar. Bu kişi düz 9 oyun idi ki, öz qapısını quru saxlayırdı, başqa sözlə desək, qapısından qol buraxmırdı. Qapısına yaxın düşənləri də ədəb-ərkanla yola salırdı. Elə bu səbəbdən kişi olmuşdu futbolumuzun qəhrəmanı. Bütün futbol azarkeşləri də elə hey ondan danışırdılar. Hətta adına dastan-filan qoşmuşdular e… Heyif ki, yaddaşım pis olduğundan həmin qoşmaları sizə təqdim edə bilməyəcəyəm. Gərək buna görə məni bağışlayasınız. Amma ötən şənbə “İnter”-”Qəbələ” matçında – VIII turun ilk oyun günündə kişinin bu quru seriyasına son qoydular. Yəni Dmitri Bezotosnının iştahına soğan doğradılar. Soğan doğradılar deyəndə… “Qəbələ”nin ukraynalı qolkiperini “İnter”in futbolçusu Ağabala Ramazanov məyus etdi. Yəni gənc hücumçu 48-ci dəqiqədə hesabı açmaqla onun 915 dəqiqəlik quru seriyasının fatihəsini verdi. Bununla da Dmitri ardıcıl 9 quru oyundan sonra topu öz qapısında gördü. Daha bilmirəm qapıçı vurulan qolun, Ağabalanın dalınca nələr dedi, demədi. Bircə müşahidə etdiyim bu oldu ki, Dmitri dodaqaltı nələrsə mızıldadı. Heç şübhəsiz ki, yaxşı şeylər mızıldamadı. Çünki kimsə yaxşı şeylərə görə əsla mızıldanmaz. Deyəsən, mənim bu mızıldanmaq söhbətim qaşınmayan yerdən qan çıxarmağa oxşayır axı. Allah özün keç günahımdan.
Amma mən burada Ağabalanın dalınca açıq-aydın, özü də uca səslə danışacağam. Qoy gedib lap qulağına çatsın. Qoy buna görə lap hiddətlənsin, özündən çıxsın. İstəsə, buna görə lap məni topa tutsun. Məni lap quru yuyub yaş sərsin. Qorxum yoxdur. Nədən ki mənim Dmitridən fərqli olaraq, heç quru seriyam da yoxdur. Yəni islanmışın yağışdan nə qorxusu!Digər tərəfdən, onsuz da hər gəlib gedən məni sulayır. Qoy buna görə lap qapıma qol vursun. Danışacağam ki, bu hərəkətinə görə heç olmasa bir balaca utansın, xəcalət çəksin. Niyə? Balam, bunun niyəsi olmasa da deyim ki, elə ona görə. Bu yerdə məşhur “Bəxt üzüyü”ndəki bir epizod yadıma düşdü. Deməli belə, “A Moşum, ay” deyib həyat yoldaşının dalınca çimərliyə – dənizə tərəf yüyürən Söylü dar bir yerdə iki sərxoşun arasından keçərkən onların əllərdəki araq şüşəsi divara dəyib çilik-çilik olur. Bu zaman onlardan biri həyəcanla deyir ki, neylədin, alə, arağın tapılmayan vaxtında. İndi onun sözü olmasın, Ay Ağabala, sən heç bilirsənmi kişinin quru seriyasını sulamaqla nə etdin? Axı sən niyə başa düşmək istəmədin ki, biz onun bu quru seriyası ilə fəxr edirdik, futbol tariximizin yeni səhifəsini yazırdıq. Elə bu səhifə ilə dünyaya çıxırdıq. Məgər sən bilmirdin ki, bizdə ondan başqa belə quru seriyalı yox idi? Vallah-billah, bilirdin. Bəs niyə belə bir şeyə imza atdın? Mənə elə gəlir ki, içindəki paxıllıq imkan vermədi ki, Dmitrinin quru seriyasındakı dəqiqələrinin sayını artırsın. Əlinə imkan düşən kimi onu əməlli-başlı çilədin. Sözün düzü, bunu heç səndən gözləməzdim. Ayıb olsun sənə. Başına dönüm, nə qədər ki gec deyil, tök ətəyindən paxıllığın daşını, bir də belə şey etmə.
Dad-aman sənin əlində a paxıllıq. Müsəlmanın belini qırdın. Ay tövbə, qoymaz biri artsın, badalaq vurub yıxar. Diri-diri qəbrə qoydu bizi bu paxıllıq.