Avstriyada yerli millətə qaynayıb-qarışmayan gəlmələri cəzalandıracaqlar

0
586

Avstriyanın yeni hökuməti “öz mədəniyyətlərinə bağlılığını saxlayan və Avstriya cəmiyyətinə inteqrasiya olunmaq istəməyən” mühacirlərə qarşı “maliyyə sanksiyaları” tətbiq etməyə hazırlaşır.

“Independent” yazır ki, mühafizəkar Xalq Partiyası – OVP və ifrat sağçı Azadlıq Partiyası FPO-nun koalisiyası olan hökumət ölkədəki miqrantların həyatını daha da çətinləşdirəcək bu tədbirlər barədə ötən həftəsonu razılığa gəliblər.

İki partiyanın qəbul etdiyi “siyasət proqramına” görə sanksiyalar, “bilərəkdən və qəsdən Avstriya cəmiyyətinə qaynayıb-qarışmaq istəməyənlərə” tətbiq olunacaq.

Sanksiyalardan birində yerli xalqa inteqrasiya olunmayan miqrantlara yalnız minimum müavinət verilməsi nəzərədə tutulur. Əksinə, belə inadkar miqrantlardan kəsilən pullardan daha asanlıqla avstriyalaşan gəlmələrin ailələrinə “inteqrasiya mükafatları” verilə bilər.

Lakin bu proqramda daha sərt tədbirlər də var. Məsələn, yeni siyasət proqramı sığınacaq istəyənlərin daha sürətlə deportasiya edilməsini təmin etməlidir. Proqramın müddəalarında deyilir ki, “sənədsiz qaçqınların” sığınacaq sorğularına, ümumiyyətlə baxılmayacaq.

Avstriyada hökumət nazirlikləri də iki partiya arasında bölüşdürülüb və ən mühüm güc nazirlikləri – müdafiə və vətəndaşlıq məsələlərinə baxan daxili işlər nazirlikləri ifrat sağçı FPO-nun payına düşür. Xarici işlər və təhlükəsizlik nazirləri də bu partiyanı təmsil edəcəklər.

Mühafizəkarların nəzarətində ədliyyə, maliyyə və təhsil sahələri olacaq.

Proqram sənədində deyilir: “Biz öz vətənimiz Avstriyanı onun bütün mədəni sərvətləri ilə birlikdə qoruyub saxlamaq istəyirik. Biz ölkəmizə kimin mühacirət edə biləcəyi məsələsini də özümüz həll etməli, qanunsuz miqrasiyaya son qoymalıyıq”.

İfrat sağçı FPO partiyasının əsası keçmiş nasist zabitlər tərəfindən qoyulub. “The Independent” yazır ki, gənc kansler Sebastian Kurz-un OVP partiyası da miqrasiya və mədəniyyət barədə sağçıların bir sıra şüar və siyasətlərini qəbul etməli olub.

Kurz ölkənin yeni kansleri kimi ötən bazar ertəsi Vyananın Hofburq sarayında and içib. OVP-nin lideri Heinz-Christian Strache isə onun vise-kansleri postuna gətirilib.

İnaqurasiya mərasimi zamanı Hofburq sarayının qarşısında minlərlə insan yeni hökumətə etiraz bildirirdi.

Sözü gedən sərt siyasət proqramını imzalayandan sonra cənab Strache deyib ki, o bu müddəaların tətbiqi zamanı “obyektivliyin təminatı üçün optimallaşdırmanı” özü aparacaq.

2000-ci ildə FPO hökumətə daxil olanda Avropa İttifaqı Avstriya üzərinə bir sıra diplomatik sanksiyalar qoymuşdu, lakin bu sanksiyalar əks-nəticə verməsin deyə az müddətdən sonra qaldırılmışdı.

Yeni hökuməti alqışlayan Britaniya ifrat sağçısı Nigel Farage deyib: “2000-ci ildə FPO-ya görə Avstriyaya qarşı sanksiyalar müzakirə ediləndə, mən Avropa Parlamentində oturmuşdum. İndi 2017-ci ildə yenə də həmin vəziyyətdir, amma bu dəfə heç kim dinmir. Çünki indi avroskeptikləri normal partiyalar kimi qəbul edirlər”.bbc.com

BIR CAVAB BURAXIN