Avstraliyalı müsəlman millət vəkilinin məzəli mübarizə forması

0
683

Avstraliyanın ilk müsəlman qadın millət vəkili Dr. Mehreen Faruqi/

Avstraliyanın ilk müsəlman qadın millət vəkili Dr. Mehreen Faruqi/

Avstraliyanın ilk müsəlman qadın millət vəkili sosial mediada onu irqçi və seksist təhqirlərlə bombardman edən trollarla savaşır.

Doktor Mehreen Faruqi Yeni Cənubi Uels ştatı parlamentinin yuxarı palatasının üzvüdür. O, Avstraliya Yaşıllar Partiyasını təmsil edir. Faruqi keçmiş ətraf mühit mühəndisidir. O, hələ 1992-ci ildə əri və körpə oğlu ilə birlikdə “Pakistanın zülmkar rejimindən” qaçıb.

“MEHREEN-Ə SEVGİ MƏKTUBLARI”

“Avstraliyada irqçiliklə seksizmin iyrənc qarışığı mövcuddur. O mənim, bəlkə dərimin rənginə, bəlkə də dinimə görə bu ölkəyə aid olmadığımı düşünənlərdən gəlir. Bu, məyusedicidir”, – doktor Faruqi BBC-yə deyib.

Faruqi 2013-cü ilin iyunundan bəri Avstraliyanın ən çox əhalisi olan ştatının millət vəkilidir.

“Mən Facebookda bir layihə başlamaq qərarına gəldim. Adını “Mehreenə sevgi məktubları” qoydum. Hər bir neçə həftədən bir xüsusilə nifrət saçan mesajı seçib ona məzəli formada cavab verirəm. …Düşünürəm ki, insanlar bizim bu məsələləri ifa etməyimizi bəyənirlər”, – o deyir.

Doktor Faruqi internetdə anonim trolların amansız hücumlarına məruz qalıb. Bəziləri çox kobud tərzdə sual veriblər ki, müsəlman “Avstraliya siyasətinə necə buraxılıb”.

 

Mehreen Faruqi hesab edir ki, bu antimüsəlman baxışlar yeni deyil.

“SİSTEMDƏ İNFEKSİYA”

Avstraliyanın ən tanınmış feminist yazıçılarından olan Eva Cox özünün yeni vətənində, az qala, yeddi il qeyri-bərabərliklə mübarizə aparıb. O, Sidneyə 1940-cı illərin sonlarında, 10 yaşında, qaçqın kimi gəlib. Onu “iyrənc yəhudi” adlandırdığına görə başqa bir uşağa yumruq vurub.

Hitlerin Avstriyanı tutmasına üç həftə qalmış Vyanada doğulan Cox İngiltərədə böyüyüb. Atası Britaniya ordusuna qoşulub, daha sonra Birləşmiş Millətlərdə çalışmağa başlayıb. Orada qaçqınları yerləşdirməklə məşğul olub.

Xanım Cox tez-tez “Twitter”də hücumlara məruz qalır. O hesab edir ki, Avstraliya və digər yerlərdə internet hücumları get-gedə daha zəhərli və qorxuducu olur.

 

Onun sözlərinə görə, “sistemdə infeksiya” var. O, baş verənlərlə 1920-ci – 1930-cu illərin Almaniyası arasında oxşarlıq görür.

“İNAMI İTİRİBLƏR”

“İnsanlar demokratik prosesə inamlarını itiriblər və qəzəblənirlər. Biz çoxlu aqressiv davranışa yol açan cəmiyyətdə yaşayırıq. Narazı insanlar son dərəcə iyrənc olmağa hazırdırlar.

İnternetdə baş verənlər müəyyən növ önyarğılardan qaynaqlanır və biz onlarla məşğul olmalıyıq. Bu, yuxarıdan aşağı baxılma, sayılmama, sevilməmə hissindən qaynaqlanır”, – deyə yazıçı bildirib.

“Biz bunu ciddi qəbul etməliyik. Çünki əks halda biz bütün bu narazılığı elə bir şeyə çevirəcəyik ki, Nasist Partiyası da ona arxalanmışdı. O, Birinci Dünya müharibəsinin sonunda baş verənlərdən son dərəcə narazı olanlara arxalanırdı. Onlar Almaniyaya çox təzyiq göstərdilər və bir gün kimsə gəlib dedi: “Biz Almaniyanı böyük edəcəyik” və görün nə baş verdi”, – yazıçı söyləyib.

“İRQÇİ QRUPLAR VAR”

Əhalisinin dörddə-birindən çoxu xaricdə doğulmuş müasir Avstraliyada irq məsələsi mürəkkəb və mübahisəlidir. Bir çox aborigen liderlər 1788-ci ildə avropalıların gəlməsinə irqçi işğalı kimi baxırlar.

XIX əsrdə qızıl mədənlərində çinlilərə qarşı üsyanlar olub. Avstraliyanın ağdərili siyasəti XX əsrin birinci yarısında ağ olmayan mühacirlərin ölkəyə gəlişini qadağan etmişdi.

Bu yaxınlarda sosial mediada ictimai nəqliyyatda açıq fanatizm nümunəsi olan videolar paylaşılıb.

“Avstraliya irqçi gələcəyinin olmamasına çalışan irqçi ölkədir. Avstraliyada irqi zəmində insanlara ziyan vurmaqdan həzz alan mütəşəkkil irqçi qruplar var”, – Sidney Texnologiya Universitetinin sosiologiya üzrə professoru Andrew Jakubowiczdeyir.

İRQÇİLİK YOX, ETNOKRATİYA

Professor Jakubowicz hesab edir ki, Avstraliyanın müstəmləkə keçmişi hələ də “hakim elitanın qoca, ağdərili avropalı, yaxud britaniyalı kişilərdən ibarət olduğu” dövlətə güclü təsir göstərməkdədir.

“Elita hələ də öz baxışlarını və orientasiyasını paylaşmayan insanları güclü vəzifələrə qəbul etməyə çətinlik çəkir. Bunu irqçilikdən çox, etnokratiya adlandırıram”, – deyə o əlavə edib.

“All Together Now” (“İndi Birlikdə”) adlı qeyri-hökumət təşkilatının məlumatına görə, Avstraliya məktəblərində hər gün hər beşinci şagird irqçiliklə üzləşir. Hər üçüncü insansa iş yerində irqi zəmində hücuma məruz qalır.

“Avstraliyada daim sistem irqçiliyi mövcud olub. Gəlin unutmayaq ki, Avstraliyanın ilk əhalisi hələ də ayrıseçkilik və irqçiliyin ən pis növləri ilə üzləşir. Biz heç vaxt bu durumla razılaşmamalıyıq”, – millət vəkili doktor Mehreen Faruqi deyir.

BIR CAVAB BURAXIN