Avropa Kəşfiyyat Mərkəzi Azərbaycana qarşı qəsdin üstünü açdı

0
705

Martın 6-da “European Strategic İntelligence and Security Center” (“Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi”- ESISC) avropalı lobbiçilərin və bəzi qaranlıq dünya güclərinin Azərbaycan hökumətinə qarşı yönəlmiş çoxillik, məkrli səylərini ifşa edən sensasion araşdırma dərc edib. Mənzil-qərargahı Brüsseldə yerləşən, 2002-ci ildən fəaliyyət göstərən bu mərkəzin araşdırması aparıcı erməni lobbi institutları ilə sıx qarşılıqlı əlaqə quran avropalı siyasi texnoloqların çoxgedişli xain kombinasiyasının üstünü açır.

Əvvəlcə bu araşdırmanın müəllifləri haqda. Bunlar dünyada yaxşı tanınan, qərb siyasi istebleşmentində nüfuzu olan araşdırmaçı jurnalistlərdir. Onların şöhrəti və peşəkarlığı şəksizdir. Araşdırmanın müəlliflərindən biri 59 yaşlı Klod Monikedir, o, Fransa kəşfiyyatının, daha doğrusu Fransa Xarici Kəşfiyyat Baş Direksiyasının əməkdaşı olub, jurnalist-araşdırmaçı çətiri altında işləyib. Klod terrorçuluqla mübarizə, casusluq, millətlərarası münaqişələr, mütəşəkkil cinayətkarlıq mövzuları üzrə ixtisaslaşıb. O, bir neçə kitab və araşdırmaların, o cümlədən 2001-ci il 11 sentyabr terror hücumları barədə Qərbdə böyük rezonans doğuran araşdırmanın müəllifidir. K.Monike yuxarıda adı çəkilən mərkəzə rəhbərlik edir.

Araşdırmanın ikinci müəllifi Jenofeva Etyendir, o, 20 ildən çoxdur araşdırma jurnalistikası ilə məşğul olur və bir neçə kitabın müəllifidir. Üçüncü müəllif 57 yaşlı sosioloq, Yaxın Şərq üzrə mütəxəssis Uilyam Rasimoradır.

Klod Monike

Beləliklə, məhz bu görkəmli və peşəkar jurnalistlərdən ibarət qrup “Erməni bağları: AŞPA-dakı gizli qruplaşma və beynəlxalq hüququn pozulması” (The Armenian Connection: How a secret caucus of MPs and NGOs, since 2012, created a network within the Parliamentary Assembly of the Council of Europe to hide violations of international law)adlı irihəcmli, misli görünməmiş araşdırmanı aparıblar. Araşdırmanın tam versiyası ilə aşağıdakı keçiddən tanış olmaq mümkündür.

http://www.esisc.org/upload/publications/analyses/11791/AC%2002.pdf

Qeyd etmək lazımdır ki,  ESISC müstəqil, o cümlədən maliyyə baxımından heç kimdən asılı olmayan, şəffaf qeyri-hökumət təşkilatıdır, transatlantik inteqrasiyanın möhkəmləndirilməsi, demokratiyanın dəstəklənməsi, terrorçuluqla mübarizə və müasir sivilizasiyaya qarşı yönəlmiş digər təhdidlərə qarşı mübarizə istiqamətində çalışır.

Ifşa olunmuş şəbəkə

Bəs araşdırmaçılar öz hesabatlarında hansı nəticələrə gəliblər? Belə məlum olur ki, AŞPA-da qarşılarına Mərkəzi və Şərqi Avropa ölkələrində hakim mövqelər və dominant rol qazanmaq maraqları dayanan avropalı parlamentarilərin və onların himayəçilərinin anqajə olunmuş lobbi qruplaşması fəaliyyət göstərir. Həmin qruplaşmanın diqqət mərkəzində həm də Azərbaycandır. Bu qruplaşma Azərbaycan dövlətinə qarşı adekvat siyasi təzyiq aləti –etnodini münaqişə işləyib hazırlayıb. Gizli qruplaşma Qarabağ münaqişəsinin nəticələri və Azərbaycan torpaqlarının işğalı ilə manipulyasiya edərək Ermənistanın qanunsuz iddialarından rəsmi Bakıya qarşı siyasi təzyiq kimi yararlanır.

Mərkəz araşdırma nəticəsində müəyyən edib ki, vahid antiazərbaycan (və mahiyyətcə erməniyönümlü) lobbi şəbəkəsi 2012-ci ildən, “tanınmış şəxsin” (Mərkəz aprel ayında yeni hesabat açıqlayıb həmin şəxsin adını açıqlayacağını vəd edir) Avropa Şurası sistemində rəhbər vəzifələrdən birinə təyin olunmasından etibarən formalaşıb.

Avropa Şurasındakı antiazərbaycan qruplaşmasının beyin mərkəzi “European Stability İnitiative” (“Avropa stabillik təşəbbüsü”) adlı qeyri-hökumət təşkilatıdır. Məhz həmin mərkəz 2012-ci ildə “Kürü diplomatiyası” adlı qalmaqallı məruzə ilə çıxış edib, məqsəd rəsmi Bakını və AŞPA-dakı Azərbaycan nümayəndə heyətini nüfuzdan salmaq idi. Hesabatda Azərbaycan nümayəndə heyətinin üzvləri avropalı parlamentariləri ələ almaqda ittiham olunurdu.

Həmin təşkilatın da mənzil-qərargahı Brüsseldə yerləşir, ancaq Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi müəyyən edib ki, “Kürü diplomatiyası” hesabatının müəllifi postsovet məkanında hamının yaxşı tanıdığı, “rəngli” inqilabların sponsoru və ilhamvericisi Corc Sorosdur. Məlum olduğu kmi Soros və onun institutu üçüncü sektorun çiçəklənməsinin əsasını qoyaraq “rəngli inqilablar” nəzəriyyəsinin həyata keçirilməsində əsas rol oynayırlar. Hesabatda Sorosun fəaliyyətinin yeni, indiyə qədər məlum olmayan tərəfləri, o cümlədən onun ABŞ-dakı erməni diaspor institutları ilə tərəfdaşlığı və əlaqələri ortaya çıxıb. Belə ki, hesabatda Sorosun Ümumerməni xeyriyyə ittifaqının rəhbəri Berq Setrakyanla əməkdaşlığından bəhs olunur. Soros Setrakyanın və onun Nyu-Yorkda yerləşən ittifaqının tədbirlərində tez-tez iştirak edir. Amerikalı milyarder erməni xeyriyyəçinin “Artsax”ın dəstəklənməsinə yönəlmiş ümumerməni dəstəyinin gücləndirilməsinin vacibliyi barədə nitqlərinə qulaq asır.

Soros Berq Setrakyanın çıxışını dinləyir

Bütün bunları bir kənara qoyub AŞPA-dakı lobbi qruplaşmasının beyin mərkəzinə-Berlində fəaliyyət göstərən QHT-yə, onun rəhbəri Gerald Knausa qayıdaq.  Əlbətdə, Sorosun layihəsində yer alan nüfuz agentlərinin və informasiya mənbələrinin arasında “Azərbaycan inqilabı işinin əyilməz vicdanı” Xədicə İsmayılova da yer alır. Knaus “beşinci kalon”un digər nümayəndəsi, tanınmış “qrantyeyən” Anar Məmmədli ilə də fəal əməkdaşlıq edib. Hansı ki, həmin Məmmədli qrant korrupsiyasında ittiham olunaraq mühakimə olunmuşdu.

Lakin Knausun əsas mənbəsi, onun özü qədər etibar edib inandığı, AŞPA-nın Azərbaycanda siyasi məhbuslar məsələsi üzrə baş tutmayan hesabatının müəllifi, hazırda Almaniya ombudsmanı olan Kristof Ştrasserdir. Bu məruzəçi uzun müddət Azərbaycandan gələn tənqidlər yığını altında gözlərini döyüb, özünü fərdi azadlıqlar uğrunda dönməz mübariz-qloballaşma tərəfdarı kimi qələmə verib. Sosial-demokrat qonu geymiş liberal İrəvanda “erməni genosidinin 100 illiyi” adlı teatral səhnədə iştirakla öz missiyasının əsl məqsədini açıb. Ştrasser rəsmi Berlinin İrəvanda keçirilən həmin tədbirə qatılan, avtoritar Sərkisyana başsağlığı verən yeganə təmsilçisi idi. İrəvanda o, heç Sərkisyanın dörd divar arasına saldığı erməni siyasi məhbusları da yada salmadı. Ştrasser üçün bunlar sadəcə uğursuz  kriminalın təzahürü idi, siyasi kontekst yox idi və o, cəbhənin ancaq bir tərəfində-düşmən Bakıya qarşı iştirak edirdi.

Həmin Knaus

Daha bir maraqlı detal: Ştrasserin Knausun dəstəyi ilə keçirdiyi bütün dinləmələr həmin milyarder Soros tərəfindən səhnələşdirilmişdi və maliyyələşdirilmişdi. Epizodik olaraq “Hermitage Capital Management” investisiya fondunun baş direktoru və həmtəsisçisi, məşhur “Maqnitski işi”nin müəllifi, “Maqnitksi aktı”nın Azərbaycan da daxil olmaqla başqa bir sıra ölkələrə qarşı da tətbiqinə nail olmağa çalışan  Bill Brouder də peyda olur.

Lobbiçilərin dünya şər güclərinin barmaqları ilə hörülmüş zəhərli hörümçək toru ilə irəliləyirik. Və Ştrasserdən başqa Azərbaycanın daha bir yorulmaz tənqidçisinə-AŞPA-nın və Budestaqın deputatı Frank Şvabenin adına rast gəlirik. Axı məhz Şvabe Bundestaqda erməni “soyqırımı”nın tanınmasına nail olmaq üçün can atırdı və Gerald Knausun beyin mərkəzi də məhz həmin deputata istinad edir.

Ştrasser və Şvabe

Üstəlik Azərbaycan hökumətini tənqid edən və onu avroparlamentariləri  korrupsiya yoluyla ələ almaqda günahlandıran Knaus daha bir avropalı deputatın-hollandiyalı Piter Omtzixtin alovlu nitqinə istinad etməyi çox xoşlayır.

Knausun yeni antiazərbaycan traktatı (“Kürü diplomatiyası-2” Omtzixtin antiazərbaycan ritorikası ilə doludur. Bəs bu Omtzixt, Azərbaycan hakimiyyətinin qatı tənqidçisi kimdir? Mərkəz müəyyən edib ki, o, Hollandiyada “erməni soyqırımı”nın tanınmasının fəal lobbiçilərindən biridir, narıncı ölkənin parlamentinə ancaq erməni diasporunun dəstəyi sayəsində keçə bilib.

Burada Bill Brauder də ortaya çıxır

Omtzixtin Azərbaycan torpaqlarının işğalını leqallaşdırmaq naminə yorulmaz səyləri boşa getməyib. Yeri gəlmişkən həmin hollandiyalı deputat təkcə erməni diasporu ilə ayrılmaz tellərlə bağlı deyil, eləcə də Ermənistanın özü ilə sıx bağlıdır. Bu avroparlamentar erməni diasporunun Amsterdamdan tutmuş Almelodaya qədər tədirlərində tez-tez iştirak edir, Erməni Milli Komitəsinin ofisində tez-tez qonaq olur, “genosid qurbanları”nın anılması üçün bütün tədbirlərə qatılır. O, hər il İrəvana gəlir və azərbaycan xalqı ilə döyüşlərdə ölən erməni əsgərlərinin məzarları qarşısında baş əyir, yolüstü “DQR”in tanınmasına da çağırır, parlamentdə Qarabağ dinləmələri təşkil edir, Hollandiyadakı erməni təşkilatları Federasiyasının maraqları üçün açıq lobbiçilik edir, Ermənistanla bağlı bütün tədbirlərdə başda yer alır.

Doğrudanmı bu Omtzixtin fəaliyyəti ancaq ümumerməni maraqlarnın, Ermənistanın və Dağlıq Qarabağ ermənilərinin maraqlarının lobbiçiliyindən ibarətdir?! Qətiyyən yox, bu deputat Azərbaycanda insan haqlarının pozulmasının əsas tənqidçilərindən biri rolunda çıxış edir, reket-jurnalistlərin (o cümlədən özünü həqiqət aşiqləri kimi qələmə verən MTN agentlərinin) həbsini pisləyir, Xədicə İsmayılın azadlıqlarının məhdudlaşdırılması barədə hay-həşir salır. O, elə qəribə mənzərə cızır ki, sanki Azərbaycan zülmətdir, Ermənistan isə parlayır.

Bütün bunlar müvafiq faktlarla və fotosübutlarla birlikdə “ı”nın üzərinə nöqtəni qoyur.

Məsələn, hesabatın müəllifləri italyan jurnalisti Milena Qabanellinin, İtaliyanın “RAİ 3” telekanalında efirə getmiş qalmaqallı “Report” proqramının aparıcısının xain və məkrli fəaliyyətinin üstünü açır. Həmin jurnalist AŞPA-nın bəzi deputatlarının guya Azərbaycanla korrupsiya əlaqələrini ifşa etmişdi. Bəs ESISC nə aşkara çıxarıb? Belə məlum olur ki, Qabanellinin verilişi Knausun beyin mərkəzinin “Kürü diplomatiyası-2” adlı ikinci hesabatının əsasını təşkil edir. Diqqət yetirin, “Report”da çıxış edənlər kimlərdir? Yaxşı tanıdığımız Ştrasser. Ondan dərhal sonra isə Ermənistan parlamentinin deputatı Samvel Farmanyan çıxış edir.

Omtzixtin arxasında erməni bayrağı asılıb

Yenə Omtzixt, yenə erməni bayrağı

İndi növbəti sual-Knausun ikinci hesabatını kim maliyyələşdirib? Həmin Soros! Və burada Brüssel araşdırmaçıları daha bir mühüm detalı aşakara çıxarıblar: Qarabağ müharibəsi dövründə M.Qabanelli dəfələrlə Ermənistan-Azərbaycan münaqişəsi mövzusunda yaradıcılığını sınayıb,  Azərbaycanı Qarabağ ermənilərinin öz müqəddəratını təyin etmə hüququnu pozmaqda günahlandırıb.

Bu da Omtzixtdir

Rəsmi Bakını tənqid etmək üçün canfəşanlıq edən digər iki siyasətçi-AŞPA deputatları Rene Ruke və Fransua Roşbulana gəldikdə isə onlar barədə heç xüsusi araşdırma aparmağa da ehtiyac yoxdur. Axı onlar ermənipərəst mövqelərini heç gizlətmirlər də. Ruke Fransa-Qarabağ dostluq qrupunun həmsədridir, Roşbulan Fransa-Ermənistan parlament dostluq qrupunun başçısıdır. Necə deyərlər, şərh yersizdir. Bu deputatlar öz səyləri ilə Azərbaycanın açıq düşmənləri sırasında öz yerlərini alıblar və bu günlərdə Qarabağın mərkəzində növbəti dəfə peyda olublar, oradan öz təbliğat kampaniyalarını davam etdiriblər.

Ştrasser çıxış edir…

Ardınca da Farmanyan

Mərkəzin analitikləri və araşdırmaçıları Azərbaycan üçün olduqca acınacaqlı görünən nəticəyə gəlirlər: həmin lobbi qruplaşmasının səylərində aydın ifadə olunan erməni strategiyasının konsolidə olunmuş məqsədi-Azərbaycanda daxili siyasi vəziyyətin destablizasiyasıdır. Məqsəd siyasi etirazları alovlandırmaq, vətəndaş qarşıdurması yaratmaq, ölkəni başdan ayağa çevirmək, cəmiyyətin və hakimiyyətin diqqətini əsas məsələdən-ərazilərin işğaldan azad edilməsindən yayındırmaqdır.

Ruke və Roşbulan səngərdə, erməni əsgərləri ilə

Və budur, ilk hesabatın açıqlanmasndan sonra anlaşılmazlıq içərisində olan ekspert cameəsi rəsmi Bakıya qarşı vahid cəbhənin sensasion təfərrüatlarının ikinci hissəsini gözləməkdədir. Yəqin ki, yeni faktlar nəinki Avropa Şurasının nüfuzunu və təsirini təşkilat olaraq şübhə altına alacaq, eləcə də Azərbaycanın həmin Şuranın institutlarında iştirakının nə dərəcədə məqsədyönümlü olduğunu gündəmə gətirəcək.

Eynulla Fətullayev

BIR CAVAB BURAXIN