Avropa İttifaqı ölkələri bizim əsas ticarət tərəfdaşlarımızdır

0
2100

Azərbaycanın oktyabrın 6-da Çex Respublikasının paytaxtı Praqada təşkil olunmuş “Avropa siyasi birliyi” Zirvə Toplantısına dəvət olunması da ölkəmizin Aİ ölkələri ilə əməkdaşlıq perspektivlərinin getdikcə genişləndiyindən xəbər verir. Hazırda bu əməkdaşlıq bir sıra istiqamətlər üzrə uğurla davam etdirilir. Təbii ki, mövcud geosiyasi vəziyyətdə Azərbaycan – Avropa İttifaqı əməkdaşlığının əsas istiqaməti enerji sahəsidir. Bunun ən bariz təzahürlərindən biri iyul ayında Avropa İttifaqı ilə imzalanmış Anlaşma Memorandumudur. Bu sənədə əsasən növbəti illərdə ölkəmiz Avropaya qaz ixracatını ən azı iki dəfə artırmağı planlaşdırır. Prezidentimiz cənab  İlham Əliyevin Praqaya səfəri zamanı Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə keçirdiyi görüşlər Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması baxımından xüsusi əhəmiyyət kəsb edir. Ölkə Prezidenti cənab İlham Əliyev öz müsahibəsində Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına doğru ciddi addımlar atıldığını da qeyd edib. Dövlətimizin başçısı bildirib ki, biz sülhə yavaş-yavaş yaxınlaşırıq. Brüsseldə bir neçə dəfə üçtərəfli görüş keçirilib və hər bir görüş də irəliyə doğru bir addım olub. Praqada keçirilən dördtərəfli görüş Şarl Mişel və Emmanuel Makron tərəfindən təşkil edilmişdir və bu görüş zamanı da önəmli məsələlər müzakirə olunub. Bu görüşlərin yeganə məqsədi tezliklə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına nail olmaqdır. Təmaslar davam edir. Sülh prosesinə artıq təkan verilib

Son aylar ərzində Avropa İttifaqı ilə Azərbaycan arasında həm təmasların sayı kəskin artıb, eyni zamanda, mahiyyət də yeni müstəviyə çıxıb və qarşılıqlı etimad artıb.Azərbaycan son illərdə Prezidentimiz cənab  İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsində böyük inkişaf yolu keçib. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı,ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin, bütövlükdə milli gücünün artmasını təmin edib. Ulu Öndərin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində inamlı islahatlar aparan
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu
yaradılmasına nail olmuşdur. Cənab Prezidentin vurğuladığı kimi, Silahlı Qüvvələrimiz dünya miqyasında ən güclü ordular sırasında yer alır və 44 günlük Vətən müharibəsində əldə edilən parlaq  qələbə bunun bariz nümunəsidir.

Praqa görüşünün nəticələri onu deməyə əsas verir ki, Azərbaycan öz məqsədlərinə doğru inamla addımlayır.Azərbaycanın irəli sürdüyü 5 prinsip əsasında sülh müqaviləsi artıq demək olar ki, hazırlanır. Avropa, Rusiya, ABŞ da bunu dəstəkləyir. Cənab Prezident irəli sürdüyü prinsiplərin yerinə yetirilməsi üçün qətiyyətli mövqe ortaya qoyur və nəticələr əldə edir. Güman edirəm ki, münasibətlər bu templə davam etsə, ilin sonuna qədər sülh müqaviləsi imzalana bilər.

 

Zərdab rayon Əlibəyli kənd tam orta məktəbin müəllimi-Aliya Rüstəmova