Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biri olaraq qalır. Dünyanın alıcılıq qabiliyyətinin yüksək olduğu bazarlarından hesab edilən Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycan üçün qeyri-neft ixracının artırılması və iqtisadiyyatın şaxələndirilməsi baxımından da vacibdir. İxrac istiqamətlərinin şaxələnməsi valyuta daxil olmalarında risklərin minimumlaşdırılmasını təmin edir. Cari ildə Azərbaycanın idxalında ən böyük paya malik olan ölkələr Almaniya, İtaliya, Fransa, Polşa və Rumıniyadır. Azərbaycandan ən çox məhsul isə İtaliya, Xorvatiya, Almaniya, Portuqaliya və İspaniyaya ixrac edilir. Bura həm neft, həm də qeyri-neft məhsulları daxildir. Azərbaycandakı əlverişli investisiya və biznes mühiti Avropa şirkətlərinin ölkəmizə marağını getdikcə artırır. Yuxarıda bəhs olunan sənəddə vurğulanır ki, Avropa şirkətlərinin 80 faizi öz biznes əməliyyatları üçün yenidən Azərbaycanı seçməyə hazırdırlar. Hesabatın hazırlanması üçün sorğuya cəlb olunan respondentlərin 53 faizi isə burada gələcək genişlənmə planlarına malikdirlər. Azərbaycanda investorlar üçün cəlbedici olan ilk 3 istiqamət müəyyənləşib. Bunlara mülki tikinti, alternativ enerji və yaşıl layihələr, həmçinin nəqliyyat infrastrukturu sahələri daxildir. Avropa İttifaqı və üzv ölkələr Azərbaycanla əməkdaşlıqda prioritet sahələr müəyyənləşdirir.
Hazırda Azərbaycanın gündəliyində 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ərazilərin bərpası, ora Böyük Qayıdışı təmin etmək üçün zəruri infrastrukturun yaradılması prioritet istiqamət təşkil edir. Prezident cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, bəhs olunan ərazilərdə nəzərdə tutulan layihələrin icrasına dost ölkələrin şirkətləri də cəlb olunurlar. Avropa şirkətləri də işğaldan azad olunmuş ərazilərdə müxtəlif layihələrin icrasına qoşulmağa böyük maraq göstərirlər. Avropa şirkətlərinin 14 faizi isə artıq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında investisiya layihələri istiqamətində işə başlayıb. Yaşıl enerji, alternativ enerji, tikinti və nəqliyyat layihələri şirkətlər üçün prioritet olub.
Elvin Xəlilov- Zərdab rayon Əlvənd sakini, Əlvənd kənd tam orta məktəbin direktoru