Avropa İttifaqı ilə bir sıra istiqamətlər üzrə çox fəal əməkdaşlıq aparılır

0
1987

Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın dinamik inkişafı ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Respublikamızla bu təşkilat arasında əlaqələr enerji, investisiya, ticarət və s. sahələrdə yüksək səviyyədə inkişaf edir. Azərbaycan enerji ehtiyatlarının mövcudluğu ilə heç bir problem ilə üzləşmir: ölkə neft və qaz hasilatının hesabına daxili tələbatını tam ödəyir. Enerji  təmin etməsi meyarına görə Azərbaycan dünyada ən yüksək göstəricilərə nail olan ölkələrdən biridir. Avropa İttifaqının Azərbaycanla münasibətləri 1999-cu ildən qüvvədə olan Avropa İttifaqı Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə əsaslanır. Azərbaycan Avropa İttifaqı  ilə bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafında maraqlıdır. Azərbaycan 2009-cu ildən bəri Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı proqramı çərçivəsində ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq edir. Avropa İttifaqı ilə ikitərəfli əməkdaşlıq xətti prioritet olaraq qalmasına baxmayaraq, Şərq Tərəfdaşlığının çoxtərəfli platforması Azərbaycana birgə maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparmağa, regional siyasət kontekstində öz milli maraqlarını yürütməyə, bunun üçün müxtəlif təşəbbüslər irəli sürməyə imkan yaratmaqla Avropa İttifaqı ilə ikitərəfli əməkdaşlıq gündəliyinə tamamlayıcı dəstək rolunu oynayır. Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşı, o cümlədən ən böyük ixrac tərəfdaşıdır. Azərbaycanın regiondakı tranzit mövqeyi, Avropa və Asiyanın quru və hava nəqliyyatı yollarının kəsişməsində yerləşməsi, eləcə də Avrasiyanın nəqliyyat qovşağı rolunu oynaması ölkəni Avropa İttifaqı üçün cəlbedici edən faktorlardır. Avropa İttifaqının Cənubi Qafqaz dövlətləri ilə qarşılıqlı əlaqələrinin həyata keçirilməsi üçün əsas vasitələrindən biri də “Avropa Qonşuluq Siyasəti” idi. Azərbaycan Avropa Qonşuluq Siyasəti proqramı çərçivəsində özünün bir çox iqtisadi, siyasi, hüquqi və inzibati islahatlarını həyata keçirmək imkanı qazanmış və bu məqsədlə Avropa İttifaqının maliyyə-texniki dəstəyini almışdır.

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Məleykə Hümbətova