Avro-2016: Fransa və İsveçrə 1/8 finala vəsiqəni təmin etdilər

0
799

Ötən gecə futbol üzrə XV Avropa çempionatının onuncu günündə eyni vaxtda keçirilən iki oyunla “A” qrupunda mübarizəyə yekun vurulub.

Lill şəhərindəki “Pyer Moro” stadionunda ev sahibi və çempionatın favoritlərindən olan Fransa yığması İsveçrə ilə qarşılaşıb. Lion şəhər stadionunda isə Rumıniya yığma komandası Albaniya ilə üz-üzə gəlib.

İsveçrə ilə görüşdə fransızlar üstün oyun nümayiş etdirsələr də ilk hissədə hesab açılmayıb. Fasilədən sonra da fransızlar hücumları davam etdirərək təhlükəli vəziyyətlər yaradıblar. Lakin oyunda hesab açılmayıb və matç qolsuz heç-heçə ilə başa çatıb.

Qrupun digər oyununda da gərgin idman mübarizəsi yaşanıb. Səkkizdəbir finala yüksəlmək şansı əldə etmək üçün rumınlara qələbə hava və su kimi lazım olduğundan onlar ilk dəqiqələrdən irəli atılıblar. Lakin oyunda hesabı albaniyalılar açıblar. Matçın 43-cü dəqiqəsində Sadiku Albaniyanı hesabda irəli çıxarıb 1:0. İlk hissə bu hesabla da başa çatıb.

Fasilədən sonra rumıniyalılar məğlubiyyətdən yaxa qurtarmaq üçün rəqib üzərində təzyiqi daha da artırsalar da, oyunda əlavə qol olmayıb və Albaniya 1:0 hesabı ilə qalib gələrək çempionatda ilk xalını qazanıb.

Beləliklə, “A” qrupunda 7 xal toplayan Fransa və 5 xalı olan İsveçrə səkkizdəbir finala vəsiqəni təmin ediblər. Albaniya 3 xalla qrupda üçüncü, Rumıniya isə 1 xalla dördüncü olub.

Xatırladaq ki, builki Avropa çempionatında altı qrupun hər birində ilk iki yerin sahibi ilə yanaşı, ən yaxşı nəticə göstərən dörd qrup üçüncüsü də səkkizdəbir finala vəsiqə əldə edəcək. Ona görə də albaniyalılar “A” qrupunda üçüncü yeri tutsa da, onların səkkizdəbir finala yüksəlmələri digər qruplardakı mübarizənin nəticələrindən asılı olacaq.(AzərTAc)

BIR CAVAB BURAXIN