Avqustun 26-da azərbaycanlılar Laçın şəhərinə qayıtdılar

0
1509

Avqustun 26-da azərbaycanlılar Laçın şəhərinə qayıtdılar

44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasına öz sarsılmaz gücü, qüdrəti, qətiyyəti sayəsində daxil olduğunu  əyani surətdə təsdiqlədi. Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəlarına uyğun olaraq ermənilər noyabrın 15-də Kəlbəcəri, 20-də Ağdamı və  dekabrın 1-də isə Laçını təhvil verməli idilər. Kəlbəcərin boşaldılması noyabrın 15-i üçün nəzərdə tutulsa da Ermənistan Rusiya Prezidentinin vasitəçiliyi ilə Azərbaycandan əlavə vaxt istədiyi üçün bu rayon noyabrın 25-də təhvil verildi. Bununla da Azərbaycan humanist dövlət olduğunu sözdə deyil, əməldə  bir daha təsdiqlədi. Digər tərəfdən, Azərbaycan dövləti hər zaman bu xatırlatmanı da edir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrini 44 gündə təkbaşına icra etdiyimiz kimi, Bəyanatdan irəli gələn vəzifələrin də yerinə yetirilməsinə nail olmaq imkanımızı heç kim unutmamalıdır. Bunun nəyə işarə olduğu aydındır. İlk növbədə, dövlət başçısı İlham Əliyev bütün çıxışlarında bu məqamı bəyan edir ki, mən nəyi nə zaman etmək lazım olduğunu yaxşı bilirəm. Digər çağırış isə Vətən müharibəsinin rəmzinə çevrilən dəmir yumruğun yerində olmasıdır. Dövlətimiz istər döyüş meydanında, istərsə də informasiya cəbhəsində sübut etdi ki,  Qarabağ əzəli Azərbaycan torpağıdır. Azərbaycanlılar yox, məhz ermənilər bu torpağa gəlmədir. 30 ildə bu həqiqətləri görməzdən gələn dünyanın bəzi aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Prezidentinin 30-a yaxın xarici media qurumlarına müsahibəsi əsasında  bu reallıqları öyrənməyə məcbur oldular. Hazırda yaşadığımız postmünaqişə dövrünün reallıqları da dünya gücləri tərəfindən qəbul edilir və onlar fəaliyyətlərini bu istiqamətdə qururlar.

Ermənistan hərbi birləşmələri  tərəfindən 1992-ci ilin mayında Laçının rayonunub zəbt edilməsindən sonra  ermənilər nağıl dünyalarına qapanaraq özlərində belə bir inam yaratmağa çalışdılar ki, bu yerlərdə əbədi yaşayacaqlar, Qarabağın yeni sahibi onlar olacaq: “Bu, mənfur düşmənin 44 günlük İkinci Qarabağ müharibəsinə qədər  özləri üçün qurduqları xəyallar idi. 44 günlük İkinci Qarabağ müharibəsində isə Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinə tarixdə heç zaman unuda bilməyəcəyi dərsi verdi. Vətən müharibəsində tarixi Zəfərimizdən sonra tez-tez bu çağırış da  səsləndirilir ki, işğalçı dövlətdə baş qaldırmaq istəyən revanşist qüvvələr dəmir yumruğun yerində olduğunu unutmasınlar. Bu ayın əvvəlində Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq qətiyyətlə həyata keçirilən və düşmənə öldürücü zərbə vuran “Qisas” əməliyyatı bunu bir daha təsdiqlədi”.

İşğal dövründə Laçın düşmən təbliğat maşını tərəfindən Qarabağ ermənilərinin blokadadan çıxması üçün guya zəruri bir humanitar dəhliz kimi təqdim edilsə də əsl həqiqətdə ermənilər bu dəhlizdən öz terrorçu maraqları üçün bəhrələnidilər: “Məhz bu dəhlizdən gələn dəstəklər nəticəsində Qarabağdakı separatçıların  hərbi imkanları dəfələrlə artmışdı. Amma bu gün Laçını Qarabağ ermənilərinin blokadadan çıxması üçün zəruri bir humanitar dəhliz gözündə görən ermənilərin ümidlərinə son qoyuldu. Avqustun 26-da azərbaycanlılar Laçın şəhərinə qayıtdılar. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Lakin bu məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycan Ermənistandan fərqli olaraq ermənilərin Qarabağda qalıb yaşamaları üçün qaydaları açıqladı.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini