Atatürk və sultan Vahdettinin gizli sövdələşməsi — Osmanlı dərin dövlətinin planı

0
1042
19 may 1919-cu il Türkiyə Cümhuriyyətinin tarixindəki dönüş nöqtələrindən biridir.
Atatürkün Samsuna ayaq basdığı gün Türkiyədə “Gənclik və idman bayramı” kimi qeyd edilir.

Atatürk milli mübarizə dövründə türk millətini irəli aparacaq və köhnə fikirlərin əleyhinə çıxış edəcək insanların gənc fikirlər olduğunu görmüşdü. Bu səbəbdən də gənclik anlıyışı Atatürk üçün başqa bir önəmə sahib olub.

1919-cu ilin 19 may tarixində Mustafa Paşa Samsuna ayaq basdı. Türk milləti birinci dünya müharibəsindən məğlub ayrılmışdı. Bu səbəbdən pis şərtlərdən qurtulmaq üçün çarə axtarırdı. Bu zaman lider Mustafa Paşa Samsuna gedərək “Qurtuluş” yolunu açdı. Atatürkün 16-19 may tarixlərində İstanbuldan Samsuna səfəri əslində qurtuluş dövrünün simvoludur.

Samsun işğalçılar üçün önəmli mərkəzlərdən biri idi. Stratejik cəhətdən də böyük önəmə sahib şəhər Qara dənizdən Anadoluya gedən ən rahat və güvənli bir qapı idi. 9 mart 1919-cu ildə ingilislər Samsuna hərbi birləşmələr yerləşdirdilər. Buna etiraz olaraq Hamdi adlı leytenant əskərləri ilə birlikdə dağa çıxdı. İngilislər isə türklərin silahlandığını eşidərək bölgəyə etibarlı bir komandir göndərmək qərarına gəldi. Bu, Mustafa Kamal idi. Atatürk uzun müddət ölkənin vəziyyətinə görə məyus idi və nəsə etmək üçün Anadoluya keçmək istəyirdi. Bu isə onun üçün əla fürsət idi. Bu zaman onun Sultanla gizli sövdələşməsi olub.

Vahdettin Sultan və Mustafa Kamalın münasibətləri barədə bu günə qədər çox müzakirələr aparılıb. Bəzi insanlar bunu cəfəngiyyat, bəziləri isə reallıq adlandırır. Amma məsələ uzun illər ciddi tədqiq olunmadığı üçün xəlifə, sultan 4-cü Vahdettin illər boyu vətən xaini elan edilmişdi.

Amma tarixin gizlinlərini araşdırdıqca ortaya yeni sənədlər çıxıb. Yeni sənədlərə əsasən, Mustafa Kamalı Samsuna göndərən Sultan olub və bu vəzifə Anadolunu toplamaq, müharibənin vurduğu zərbələrdən başıpozuq qalmış xalqı bir yerə yığmaq üçün verildiyi aydın olur.

Arazinfo.com ölke.az-a istinadən oxucularına Atatürkün Sultanla gizli sözləşməsini, Kamal Paşanın Osmanlı dərin dövlətinin adamı olduğunu iddia edən yazıçı Fatih Bayhanın və digər türk tarixçilərinin məsələ ilə bağlı fikirlərini çatdıracaq.

Atatürkün böyük sirri və niyə məhz o?

Bayhanın “Atatürkün böyük sirri” kitabında bu məsələyə toxunulub. 1922-1923-cü illərdə fəaliyyət göstərən 1-ci Məclisin gizli iclas stenoqramlarına əsasən, “xəlifəyə əmanəti təqdim etmək və biyət etmək üçün nümayəndə heyəti İstanbula göndərilib”. Yeni sənədlər sultan Vahdettinin xain olmadığını sübut edir.

Belə bir sual ortaya çıxır: Niyə Mustafa Kamal? Niyə Kazım Karabekir, İsmet Paşa, Refet Bele yox, məhz Kamal Paşa seçilmişdi? Paşanın rəqibləri çox idi. Seçildiyi dövrdə “İttihati Terakki” cəmiyyəti ilə əlaqəsi olsa da, sonradan bu əlaqəni qırır. Çünki buna məcbur idi. “İttihati Terakki” cəmiyyətinin bütün siyasi proqramı başa çatmışdı və yeni dövr başlayırdı.

Sultanla Atatürkün andı

Sənədlərə əsasən, Sultan Vahdettin Mustafa Kamal ilə Samsuna hərəkatdan bir gün əvvəl, son gecə diz-dizə oturaraq and içiblər. Paşa ilə Sultanın sözləşməsi belə idi: “Vahdettin vətəni qorumaq üçün İstanbulda düşmən dövlətlərin diqqətini çəkəcək, sülh və anlaşma bəhanəsi ilə vaxt qazanacaq, digər tərəfdən işğala son verməyə, Anadoluda təhlükəsizliyi təmin etməyə çalışacaq. Mustafa Kamal isə Samsundan başlayaraq bütün Anadolunu təşkilatlandıracaq, hərəsi bir tərəfə dağılmış hərbi və inzibati quruluşu qaydaya salacaq və işğala qarşı mülki və hərbi hərəkata başlayacaq. Anadolunun xilası üçün ikisindən biri özünü qurban verəcək və ölkənin müstəqilliyi üçün əlindən gələni əsirgəməyəcək”.

Müqavilənin nüsxəsi Sultanın qızı Səbihədə və şəxsi yavərindədir. Bununla belə, Mustafa Paşa əhd gecəsində baş verənlər barədə qismən məlumat verib. Çünki bu anlaşmada ingilis siyasətçiləri əleyhinə bir siyasət düşünülmüşdü.Sultanla Atatürk arasındakı ixtilaf əvvəlcədən razılaşıdırılmışdı. Məsələn, Mustafa Kamal haqqında edam fərmanı çıxır və Şeyxülislam onu “kafir” elan edir. Ankara məclisində padşahın bu sərəncamı gizli iclasda müzakirə edilir. İclasda Kamal Paşa kürsüyə çıxır və deyir: “Sultan Vahdettin şəxsi yavərini yanıma göndərmişdi. Biz Düzcədə görüşdük”. Sonra Paşa məclis iştirakçılarına Sultanın gizli məktubunu göstərir: “İngilis süngüsü altında belə bir qərar vermək məcburiyyətində idim. Bu qərar sənin fəaliyyətinə və əhvalına pis təsir etməsin”.

Gizli iclas sənədləri bu yaxınlarda üzə çıxıb. Paşa gizli iclasda bu məktubu oxuyur. Osmanlı dövlətinin İngiltərəyə qarşı siyasət tətbiq etdiyi məlum olur.

Gizli iclas sənədləri tam açılmasa da, yuxarıdakı məsələlərə aid müəyyən sənədlər var. Sənədlərə əsasən, Ankarada hökumət qurulanda Məclis Sultana biyət etmək istəyir. Mustafa Paşanın da üzv olduğu Məclisdə biyət etmək üçün bir qrup təşkil edilir. Qrup xüsusi bir qatarla İstanbula göndərilir.

Heyətə Ərzurum millət vəkili M. Durak bəy, Bursa millət vəkili Emin bəy kimi şəxslər daxil edilmişdi. Mustafa Kamal Paşa üzərinə götürdüyü öhdəliyi yerinə yetirmişdi. Anadolu təşkilatlanmış, hərbi və inzibati quruluş bərpa edilmişdi. Sultan Vahdettin bundan sonra iki fərqli dövlət görüntüsü yaratmaqdansa, tək rəsmi səlahiyyətin Ankara hökumətində olduğunu sübut etmək üçün özünü qurban verir. Vahdettin vətəni tərk edərək getməsəydi, Lozannada Türkiyə iki fərqli hökumət tərəfindən təmsil olunmalı idi.

Respublika elan edildikdən sonra ingilis təzyiqi və yeni dövlətin beynəlxalq aləmdə tanınmama riski səltənətlə yolların ayrılmasına səbəb oldu. Sultan ingilisləri tam inandırmaq üçün onların gəmisinə mindi və özünü fəda etdi. Sultan Vahdettin Türkiyə tarixində özünü qurban verən bir padşahdır.

Niyə Mustafa Kamal Paşa?

Bu sualın bir neçə cavabı var. Vahdettin hələ şahzadə olanda Mustafa Kamal onu Almaniya səfərində müşayiət edir. Səyahət vaxtı Anadoludakı vəziyyət müzakirə edilir. Bundan sonra Mustafa Paşa Anadolunun müxtəlif cəbhələrinə məqsədli şəkildə təyin edilir. Çünki Paşa Anadoluya yaxşı bələd olmalı idi.Bundan başqa, Sultan kürəkəni Ənvərin Mustafaya təsirinə mane olmaq üçün Atatürkü İstanbuldan Anadoluya göndərir. Bu səbəbdən Mustafa Paşa daim Anadoluda vəzifə alır. Çünki vaxtı gələndə əvvəlcədən hazırlanan planı asanlıqla həyata keçirmək üçün ərazini tanımaq lazım idi.

Paşa Almaniya səfərindən qayıdanda Sultandan hərbiyyə nəzarəti idarəsinin rəisi vəzifəsini istəyir. Amma Vahdettin bu tələbə “hələ vaxtı deyil” deyə cavab verir.

Vahdettin sultan elan ediləndə Mustafa Kamal İsveçrədə müalicəsini yarımçıq qoyaraq tələm-tələsik İstanbula qayıdır. Sultanla görüş tələb edən Paşa cümə namazından sonra Vahdettinlə görüşür. Qeyd etmək lazımdır ki, 1918-1919-cu illər arasında Atatürklə Vahdettin hər cümə günü görüşür və bu məsələ gizli saxlanılır.

Sultan və dərin dövlətin nümayəndələri Mustafa Paşaya etibar edirdilər. Samsun səfərindən əvvəl daxili nəzarət idarəsinin rəisi Mehmet Əli bəy Mustafa Paşanın Şişlidəki evinə qonaq gəlir. Sonra isə dənizçilik naziri Avni Paşa da müntəzəm olaraq Mustafaya baş çəkir və bu dostluğa çevrilir. Hərbiyyə naziri Şakir Paşa Mustafanı nazirliyə dəvət edir. Nazirin kabinetində Samsun vəzifəsi Atatürkə təqdim edilir.
Bu vəzifə sultan Vahdettin tərəfindən verilib. Qeyd etmək lazımdır ki, gəmini təşkil edən, Mustafa Paşanın ailəsinə kifayət qədər pul verən və onları himayə edən də Sultan idi.

Mustafanı Samsuna gəmi aparmalı idi və bu məsələ ilə dənizçilik naziri Ahmet Avni Paşa məşğul olurdu. Paşa Samsuna gizli, qaçaraq getməyib. Gəmi kapitan İsmail Hakkının rəhbərliyi altında səfərə hazırlanıb. 1919-cu ilin 14 may tarixində sədrəzəm (baş nazir) Nişantaşındakı mülkdə Mustafa Paşaya qonaqlıq verir. Ertəsi gün gəmi yola düşməli idi.

Həmin gecə Rauf Orbay dənizçilik naziri Avni Paşanın telefonu ilə nazirliyə çağrılır və son hadisələr müzakirə edilir. Rauf bəy günorta saatlarında Mustafanın Şişlidəki evinə gedir. Evdə Refet Paşa, polkovnik Hüsrev bəy və ordu müfəttişi mayor İbrahim Tali də olur. Hazırlıqlar son dəfə müzakirə edilir.

Mustafa isə səhər saatlarında Babıalıda sədrəzəm və nazirlərlə, cümə namazından sonra isə Hamidiyə məscidində Vahdettinlə görüşür. 16 may gecə saatlarında gəmi yola düşür. Daxili işlər naziri Mehmet Əli bəy nazirliyin gizli xəzinəsindən külli miqdarda pulu Mustafa Paşaya verir.

Vahdettini xain elan edən tarixçi

Türkiyədə müəyyən tarixçilər bu məsələnin əleyhinə çıxır, faktları saxtakarlıq adlandırır. Məsələn, Turgut Özkamanın əsərində Vahdettin vətən xaini kimi təqdim edilir. O, müəyyən faktları sultanın əleyhinə istifadə edir. Əslində isə, tarixi şəxsi marağa görə yazmaq lazım deyil. Sənədlərin içindəki real faktları ortaya çıxarmaq lazımdır.

Məsələn, Samsuna səfərdən əvvəl Mustafa Paşaya 9-cu ordu müfəttişliyi və qərargah heyətini qurmaq səlahiyyətləri verilir. Eyni zamanda, Anadoludakı təyinatlar da Mustafa Kamalın istəyinə əsasən reallaşdırılmışdı.

Paşa Anadoluya müfəttiş qismində və milli azlıqların üsyanını yatırtmaq bəhanəsi ilə göndərilir. Əslində isə, Amasiya, Sivas və Ərzurum orduları da ona təhkim edilmişdi.

Paşanın Anadolu vəzifəsi və səlahiyyətləndirilməsi şərq vilayətlərinin valilərinə, hərbi və inzibati qurumlara bildirilmişdi. Bu səbəbdən Sivas, Amasya və Ərzurum səfərlərində Mustafanı valilər qarşıladılar. Paşanın valilər tərəfindən qarşılanması Sultanın göndərdiyi gizli təlimata əsasən həyata keçirilir. Mustafa Paşaya eyni zamanda sədrəzəmlə birbaşa təmas səlahiyyəti də verilmişdi. Bir müfəttiş üçün həddən artıq geniş səlahiyyət deyilmi?

Proses dövründəki yazışmalar günümüzə qədər gəlib çatıb. Sivasda keçirilən bütün iclasların stenoqramı Sultan Vahdettinə göndərilir. Təəssüf ki, bütün məktub və yazışmalar üzə çıxarılmayıb. Çünki yazışmalar üzə çıxsa, Sultan Vahdettinin vətən xaini olmadığı da üzə çıxa bilər. Bu isə müəyyən qrupun maraqları ilə üst-üstə düşmür.

Sultanla Atatürkün sonrakı əlaqələri

Sultan İstanbulu tərk etdikdən sonra da Mustafa Paşa ilə əlaqə saxlayır. Hər iki tərəf bir-birinə heyət göndərir. Sultan ölkəni tərk etdikdən sonra maliyyə böhranı ilə üz-üzə qalır. Amma Məclis gizli xəzinədən Sultana pul göndərir. Bu təlimatı isə Mustafa Paşa vermişdi.

Bunu sübut edən müəyyən qeydlər var. Amma Sultana sadiq olduğunu iddia edən bəzi şəxslər Vahdettinə kələk gəlib pulun böyük hissəsini mənimsəyiblər.

Osmanlı dərin dövləti

Osmanlını idarə edən dərin dövlət təbii ki var idi. Məsələn, dərin dövlət paytaxt seçmişdi. Atatürk isə Ankaranı paytaxt kimi görmürdü və paytaxtı başqa şəhərə köçürmək istəyirdi. Sonra isə “dostlarımın burda malı-mülkü var, gecikdik” deyərək fikrindən vaz keçir. Ankaraya ilk gedən Ənvər Paşa olub. Ənvər Paşa Kastamonudandır. Çanaqqala müharibəsində Ənvər Paşa Kastamonuya gedir. Burada Çanaqqala boğazı keçiləcəyi təqdirdə nələrin baş verəcəyinə qarşı “B” planı hazırlanır. Əvvəlcə paytaxt kimi Kastamonu nəzərdə tutulur. Bu “B” planıdır. Ankara isə dəmiryolu marşrutu olduğu üçün ikinci bir şəhər kimi müzakirə edilir. Ənvər Paşa Kastamonudan Ankaraya gedir. Şəraitin uyğun olduğunu görür və Məclis binasını inşa etdirməyə başlayır. 1915-ci ildə 1-ci Məclis binasının tikintisi başlayır. Planları cızan, inşaatı təsdiqləyən və bünövrə tökdürən Ənvər Paşadır. Bina “İttihat və Tərəqqi” cəmiyyətinin mərkəzi kimi göstərilir. Yaxşı, o dövrdə Ankarada nə qədər əhali yaşayırdı ki, cəmiyyətin mərkəzi bu şəhər seçilsin?

Çanaqqala savaşı davam etdiyi bir vaxtda Ankarada Məclisin inşa edilməsi barədə qərar verilir. Ankarada ən vacib prospektlər də “İttihat və Tərəqqi” cəmiyyətinin liderlərinin şərəfinə adlandırılıb. Bu isə Ankaranın guya cəmiyyətə məxsus olduğu şəhər görüntüsü yaratmaq üçün nəzərdə tutulub.

“C” planı

Dərin dövlətin bundan başqa “C” planı da var idi. Bu gün Kayseri litseyi kimi fəaliyyət göstərən bina əslində Məclis binası olaraq planlaşdırılmışdı. Kayseri “A” və “B” planları iflasa uğrayacağı təqdirdə tətbiq ediləcək “C” planı üçün nəzərdə tutulmuşdu.

Türkiyədə həqiqətən dərin dövlət var və bu filmlərdə, kitablarda bəhs edildiyi kimi bir təşkilat deyil. Dərin strukturu olmayan dövlətlər zəif və sahibsiz dövlətlərdir. Belə dövlətlər qısa müddətə tarix səhnəsindən silinir. Müasir Türkiyə Səlcuq, Osmanlı dövləti ənənələrini, türk adət-ənənələrini davam etdirən respublikadır. Türkiyənin respublikaya çevrilməsi məsələsi Mustafa Paşadan əvvəl, 2-ci Məşrutiyyət dövründə, Sultan Abdulhəmidin də müzakirə etdiyi bir mövzudur. 1908-ci ildən Məşrutiyyətdən sonra respublika üsul idarəsinə keçid nəzərdə tutulmuşdu. Hətta əlifba inqilabı da o dövrdə planlaşdırılıb…

BIR CAVAB BURAXIN