“APA TV”-nin “Show time” verilişi mərhum əməkdar artist Xanım Qafarovanın ailəsində qonaq olub.
Axşam.az-ın məlumatına görə, mərhumun anası və qızı verilişə maraqlı açıqlamalar veriblər.
Gövhər nənə söhbətində deyib ki, bu həyatda sevincli anı olmayıb:
“Qızımın arzusu çox idi, heç birinə çata bilmədi. Bu həyatda çox şey məni kövrəldir. Həyatda ömür boyu kövrəlmişəm. 4 övladım dünyasını dəyişib, böyük qızım da 4-5 ildir ki, gözdən əlildir, gözləri tutulub. Bu həyatda heç sevinməmişəm. Həyat yoldaşım çox yaxşı kişi olub. Hər zaman xanım çıxışlarında deyirdi ki, bu həyatda 5 ata varsa, o da mənim atamdır. Həyatdı da, indi möhtacam”.
X.Qafarovanın qızı Gövhər isə deyir ki, anası ilə yuxularında danışır:
“Anamın şəkillərinə baxıb, onunla danışıram. Ona deyirəm ki, mən dərslərimi yaxşı oxuyuram. Hər zaman 5 alıram. Müəlliməm hər zaman məni tərifləyir. İnşallah mən də böyüyüb, vətənə layiq vətəndaş olaram. Anam tez-tez yuxularıma da girir”.
Mərhumun qızı Gövhər bildirdi ki, onun ata nəvazişinə ehtiyacı var:
“Atamla yanıma tez-tez gəlmir. Deyir, xəstəyəm. Yəni ayda, ildə bir dəfə gəlir. Mən ona zəng edirəm, gah telefonu bağlı olur, gah da borcları olur. Amma istəyərdim, o da mənə hər gün dəysin. O, mənim anamın əvəzini tutmur. O, mənə 2-3 dəfə, mən ona çox zəng eləmişəm. Amma zəngimə cavab vermir. Dəstəyi açanda da ancaq özündən danışır. Məni soruşmur. Amma istəyərdim ki, mənlə də bir az danışsın, hal-əhval soruşsun.
Gövhər nənə də nəvəsinin sözlərinə biganə qalmayıb:
“Özümüz atasına yalvarırıq ki, heç olmasa ata sözünü yadından çıxartma. Ana deyə bilmir, heç olmasa, ata deyə bilsin. Səndən heç nə istəmirik ki…”
Qeyd edək ki, X.Qafarova 2014-ci il iyulun 14-də 47 yaşında vəfat edib.