“Qarabağ” Topaz Premyer Liqasının 14-cü turunda “Neftçi”yə 1:0 hesabı ilə qalib gəlib.
Matçdan sonra Ağdam klubunun vingeri Mahir Mədətov jurnalistlərə müsahibə verib. Gənc oyunçu ilk olaraq qarşılaşmanı şərh edib:
“Bu aralar oyunlar üst-üstə düşür. İstirahətə vaxt qalmır. Çalışırdıq ki, qısa vaxtda maksimum şəkildə hazırlaşaq. Bundan sonra “Roma” səfərimiz var. Daha sonra isə “Səbail”ə qarşı matçımız var. Qələbəni çox istəyirdik və qazandıq. İlk hissədə daha yaxşı oynadıq”
– Sıx qrafik komandanı yorur?
– Yorur, amma qrafiki bölüşdürmüşük. Qurban müəllimin qrafikinə uyğun davranırıq.
– Atan açıqlamasında deyib ki, oğluma Avropa klubları göz dikib. Bu barədə nə deyə bilərsən?
– Atam deyəsən, orada mənim yerimə futbol oynayır (gülür). Mən Ağdam klubunun futbolçusuyam. “Qarabağ”la mövsümün sonuna kimi müqaviləm var. Məni istəyən komanda klubuma müraciət etməlidir. Qurban Qurbanovun üzərimdəki əziyyəti çoxdur. İlk məsləhət alacağım insan baş məşqçimdir.
– İnkişafda olan gənc futbolçusan. Özünü xaricdə sınamaq istəyirsən?
– Əlbəttə, istəyirəm. Amma səhv zamanda getmək istəyirəm. Burada pul rol oynamır. Futboldur və özümü inkişaf etdirmək istəyirəm. Bunun üçün çox düşünmək və məsləhət almaq lazımdır. Bir gün alınacağına və legioner həyatı yaşayacağıma inanıram.
– Azərbaycanlı futbolçularda legioner həyatı yaşamaq alınmır. Buna görə ehtiyatlanmırsan?
– Bu işdə gərək hər şeyi düşünəsən. Toplanışlarda 10-15 günlük ailədən kənarda qalanda ev üçün darıxırıq. Amma bu, bizim işimizdir və buna məcburuq. Böyük yerlərə gəlmək üçün bəzi şeyləri düşünmək lazımdır.
– “Roma” ilə oyundan nə gözləyirsən?
– İstəyirik ki, son matçda yaxşı oyun nümayiş etdirək.
– Qrupun son matçında qapını bərk çırpa biləcəksiniz?
– İnşallah, çırparıq.
– “Roma”ya da mütləq qələbə lazımdır…
– Güclü olan, qalib gəlsin. Oyun rəqibin meydanında olacaq. Üstünlük “Roma”dadır. Amma kim deyə bilərdi ki, hər iki matçda “Atletiko”dan xal alacağıq? Futboldur, hər şey ol bilər. Qafqazinfo