Atalar və övladlar: Söhrab Tahirin niskil dolu həyatı… “Atam anasıyla düz 25 il sonra görüşdü”

0
834
“İngilis sahibkarın iti ilə dostluğu atamı kor olmaqdan xilas etdi”

 

 

-Söhrab Tahir – Azər Azər XX əsr Azərbaycan ədəbiyyatının vahidlik simvoludur. Xalqımızın qaysaqlanmayan yarası onun şəxsiyyət, ədib və lider kimi formalaşmasında mühüm rol oynayıb və tale kitabını yazıb. Bəlkə də bir əsrdə üç inqılab edən xalqın şanlı nəslinin nümayəndəsi olmaq Allahın bir lütfüdür. “Azadlıq” hayqıran xalq hərəkatına tarixin müxtəlif məqamlarında qoşulan Tahirilər nəsli qədim Ərdəbil torpağındandırlar. Qədim Parfiya dövlətindən (Baxtriyadan) çıxan, Aşqanilər adlanan döyüşkən tayfa e. ə. 250 – 226-cı illərdə mövcud olan ilk türksoylu dövlətin – Aşqanilər dövlətinin təməlini qoydu. Şairin ulu babası Mirzə Tahirin nəsil şəcərəsi haqqında yazdığı kitab məşhur “Sotheby” auksionuna çıxarılmışdı.


Ömrün ilk zədələri, ingilisdən vəfalı it

-Döyüşkən nəslin davamçısı kimi gənc Söhrab da inqilab burulğanına atılaraq, öz gələcəyinin nəqşəsini cızmış oldu. Bir neçə adamın taleyinin birində cəmləşməsi atamın qədəri idi. Ucaboylu, enlikürəkli, “Tarzan” rolunun məşhur ifaçısı aktyor Conni Vaysmüllerə bənzəyən atletik bədənli, həmişə şıqgeyimli Söhrab hələ uşaq ikən sürgünlərə məruz qalan ailəsinə, atasına yardım etmək üçün məktəbi buraxıb işə başlayır. İranın cənub-qərbinə Kirmanşaha sürgün edilən ailənin başçısı, Əbülfəz Tahiri böyük oğlu Söhrabla ingilislərin neft şirkətinin zavodunda fəhlə işləməyə məcbur olur. Bir gün atam dəzgahda çalışarkən gözündən zədə alır. Kiçicik dəmir parçası dəzgahdan çıxıb onun gözünə girir. Anası Nəsibə xanım səhərədək nəm çay liflərindən kompres qoysa da, köməyi olmur. İstehsalatın həkimi atamın şişib bərbad vəziyyətə düşən gözünü görüncə, aciz şəkildə başını yelləyir. Ona çatacaq pulun fərqini almaq üçün zavodun həyətində duran Söhrab ingilis mühəndis mister Smitin itinin ona tərəf yüyürdüyünü görür. Nəhəng itin şəlpə qulaqları da, istidən ağzının yan tərəfindən sallanan dili də, hətta gözünün parıltısı da onun sevincindən xəbər verirdi. Zəhmli itin xəstə uşağa tərəf hücumunu görən hər kəs donub qalır. Oradakıları insan yerinə qoymayan mister Smit belə, narazılıqla dönüb bu səhnəni izləməyə məcbur olur. Təkcə hamının “Tufan” deyə çağırdığı Söhrab sakit idi. Dəhşətli ağrı onu iflic etmişdi. İt hoppanıb qabaq pəncələrini onun sinəsinə dayayır……və duz kimi yalamağa başlayır. Mister Smitin marağı itir, o yanındakı ustadan bu uşağın kim olduğunu soruşur. Usta onun burada fəhlə işlədiyini və istehsalatda zədə aldığını xəbər verincə Smit çomaqlı əlini qaldırıb Söhrabı hələ də yalayan və quyruq bulayan itinə işarə verir. İt təəssüflə dostuna baxıb əmrə müntəzir vəziyyətdə sahibinin arxasınca qaçır. Birdən Smit çönüb ustaya deyir:

– Onu apar mənim həkimimin yanına, de ki, mister Smitin itinin dostudur, mən göndərmişəm, qəbul etsin.

Beləcə, hər gün evdən gətirdiyi naharı zavodun həyətində gəzişən zorba itlə paylaşaraq dostlaşan Söhrabı kor olmaqdan sahibkar iti ilə dostluğu xilas etdi. Həkim maqnitli göz aparatı ilə Söhrabın gözündəki dəmiri çıxarıb müalicə etdi.


Həm o taylı, həm bu taylı…

-Atamgilin ailəsinin sürgün həyatı nə az, nə çox düz on bir il çəkdi. 1941-ci ilin əvvəllərindən İranda ictimai-siyasi vəziyyət gərginləşməyə başladı. Tahirilər ailəsi 1943-cü ildə Kirmanşahdan Həmədana, bir il sonra isə Təbrizə köçür.

1944-cü ildə Təbrizə gələn gənc Söhrab, atası Əbülfəz ağa və sonralar şah tərəfindən dar ağacıdan asılaraq edam edilən əmisi Hidayət ağa bütün Cənubi Azərbaycanı bürüyən milli-azadlıq hərəkatına qoşulurlar.

Atamın yaddaşında dərin iz buraxan maraqlı və tarixi hadisələrdən biri də noyabr ayının 18-də Təbrizdə keçirilən ümumşəhər mitinqi olub. Mitinqə 20 mindən artıq adam toplaşmışdı. Mitinqi Seyid Cəfər Pişəvəri özü aparırdı.

21 Azər – 12 dekabr günü təkcə o taydan gələn demokratların deyil, onların bala, nəvə və nəticələri üçün də müqəddəs bir gündür. Biz hər il bu günü – 21 Azər gününü qeyd edirik. Bu bizim alın yazımız, qəriblik örpəyinə bürünən taleyimiz, minnətli qədərimiz, lakin bütün bunlara baxmayaraq, fəxr etdiyimiz şanlı tariximiz və əyilməz vüqarımızdır! Biz nə o taylıyıq, nə də bu taylı. Həm o taylıyıq, həm də bu taylı. Atam “Anam Nəsibə, qızım Nəsibə” şeirində yazırdı:

Arazın içində bir ada oldum,
Nə o tərəfdənəm, nə bu tərəfdən
Həm o tərəfdənəm, həm bu tərəfdən.



Araz dibindəki “paslı” çörək

-Atamın maraqlı, duzlu-məzəli söhbətləri vardı. Ötən əsdə 1960-cı illərin sonu, 70-ci illərin əvvəllərində Cənubi Azərbaycan ədəbiyyatı antologiyasında “Kakə-Həmə” adlı hekayəsi çap edilmişdi. Hazırda məndən başqa heç kimin bilmədiyi ayrı ədəbi təxəllüslə. Uşaqkən mənimlə Araz qırağında keçən doğma Astara həyatından söhbət açar, maraqlı hadisələri bölüşərdi. Sonralar Kakə-Həmənin ümumiləşdirilmiş obraz olduğunu anladım. Uşaqlar yayda Araza baş vurub çimərdilər. Xarici şirkətlər sıradan çıxan dəzgahları, müxtəlif maşınları, metal əşyaları camaata çatmasın deyə Araza atardı. Yerli əhali də bundan kiçik, lakin təhlükəli çörək qazanmaq üsulu kimi faydalanmaq istəyirdi.  Çay qırağında yaşayan uşaqlar, yeniyetmələr yaxşı üzməyi bacarırdılar. Üzmək aludəsi olan Söhrab da onlara qoşulmuşdu. “Gəzinti” qorxulu idi. Onlar Arazın dibindən gücləri çatan metalları çıxarır, bazarda yaxşı qiymətə satırdılar. Paslı metallardan alınan zədələr, nəfəsin dərinlikdə kəsilməsi və ən başlıcası isə həmin ərazidə qurulan dövlət nəzarət qüllələrindəki nəzarətçilər tərəfindən açılan atəş qənimləri idi bu oğlanların. Lakin damarlarında qan yerinə inqilab axan bu cəsur gənclər hər şeyə rəğmən həyatlarını təhlükə qarşısında qoyurdular. Xüsusilə, Tufan, yəni, atam…

Təbriz şəhərinin fərasətli “tələbəsi”

-Söhbətlərimizdən yadımdadır, atam Təbrizə əmisigilə qonaq gedir. Göbəkkəsdisi olan əmisi qızı ilə sözləri çəp gəlir, evdən küsüb çıxır. Təbrizdə pulsuz-parasız qalır. Özünü itirmir. Kinoteatrlarda gedən son Amerika bədii filmlərindən fotolar çəkib tüccarlıqla məşğul olan varlı hacı uşaqlarına satır.

Bir xatirəni də danışım: günlərin birində mərkəzdə toplanan izdihamı görüncə ora tələsir. Yaxınlaşdığında Amerikadan təzə və işlənmiş ikinci əl  malların düz meydanın ortasında müftə verildiyini görür. Özünə xardal rəngində qabardin parçadan modern təzə kostüm seçib götürür. Deyirdi, – “Əynimdə qutu kimi, şux qalırdı. Geyindim, qetdim əmimgilə. Əmiqızı ilə barışdım. Sonra geriyə, evə qayıdanda “kostumu” qonşumuza satdım”.


Ekspert

-Atam mənimçün hamıdan fərqlidir. Təkcə atam olduğuna görə deyil. Zəhmli olmasına baxmayaraq, uşağa qarşı həddən ziyadə diqqətli idi. Çoxlarının ağlına gəlmədiyi şeyləri belə, düşünürdü. İnsanları fizioqnomiyaya əsasən qiymətləndirirdi. Mənə uşaq yaşlarımdan insanlara fiziki göstəricilərə görə yanaşmağı öyrədirdi. Əla psixoloq idi. Həyatda bir çox dəyərli xüsusiyyətlərim üçün ona borcluyam. Müdrik, siyasətçi idi atam.

Onun 5 – 10 il öncə dünyada baş verən hadisələrə verdiyi analitik proqnozun indi reallaşdığını görəndə artıq təəccüblənmirəm, çünki hazıram.

Anam, anam və uşaqlıq…

-Mənə layla oxuyardı. “Arım, balım, pətəyim” mahnısını zümzümə edərdi. İndiyədək səsini eşidirəm. Həftənin altıncı günü məktəbdən evə qayıdanda xörəyi qaşıqla özü mənə yedirərdi. Ən sevdiyim gün idi. Bağa, dənizə çimərliyə bərabər gedərdik. Rəhmətlik anam evin bütün yükünü boynuna götürmüşdü ki, həyat yoldaşı yaradıcı adamdır. Atam çörəyin harada və neçəyə satıldığından xəbərsiz idi. Anamın məhz, bu zəhməti sayəsində bu gün Söhrab Tahir oxucuları onun zəngin ədəbi irsi ilə tanış olurlar. Hər yaradıcı adamın ailəsində bir fədakarı olur. Olmasa, bir şey çıxmaz. Tanıdığım , “əmim” dediyim bütün şair və yazıçıların xanımları əsl ədəbiyyat fədailəri idilər. Hamısı da şeir, sənət həvəskarı… Atam deyərdi ki, Azərbaycanda xanımlar 6 “stavka” işləyir.

Sutka ərzində 3-4 saat yatardı. Səhər yeməyini mənə şəxsən özü hazırlayardı. Şirin çayı sevdiyimi bilirdi. Qəsdən çayımı qarışdırarkən qaşığın səsinə oyanım deyə, bir az bərk vurardı. Səhərlər qəhvəaltı etmək adətimə görə atama borcluyam. Kinoteatra getməyi xoşlayırdım. Uşaq yaşlarından özünün kinoya olan həvəsini itirməmişdi. Boyük həvəslə bərabər gedərdik. Seans bitdikdən sonra şəhəri ayaqla dolaşar və tamaşa etdiyimiz filmi müzakirə edərdik. Mənim saysız suallarıma həvəs və təmkinlə cavab verər, başa salardı. Sonralar anladım ki, bu bir tərbiyə metodudur.


Ehh, o günlər, o günlər…

-İlin hər fəslini sevərdi atam. Yazda ağacların budaqlarındakı fidanların pardaqlanması, yayda dəniz səfərlərimiz, payızda parkların xəzəlinə doğru əl-ələ verib qaçmağımız, qışın gecə gəzintiləri zamanı anamın hazırladığı “peraşki”lərlə şaxtalı havanın canlı sintezdə rövnəqlənməsi ləzzət verirdi.

Albalı bağlarındakı bağımız əsl Bakı bağı idi. Yerdən, qarşısı tavanlı, qapı-pəncərəsi göy rəngli…Yay aylarında nahardan sonra atam arxa eyvanda “Vef” radiosunu İran dalğalarına kökləyərdi. Həzin musiqi sədaları altında samovar çayı hamımıza xüsusi zövq verərdi.

Səməd Vurğun küçəsindəki birotaqlı mənzilimizdən qonaq əskik olmazdı. Müasir Azərbaycan ədəbiyyatının korifeyləri bizdə toplaşar, süfrə açılar, məclisi-şüara başlayardı. Xanımlar kiçicik mətbəximizdə əyləşib Yazıçılar İttifaqının bütün son xəbərlərini, ən əsası isə yazıçının, şairin son kitabından xanımına nə hədiyyə etməsindən danışardılar.

Ağrılı həyatdan etüdlər

-Atam mərd və igid adam idi. Qəriblikdə təkbaşına qalsa da, heç kəsin əlinə möhtac olmadı. Dəmiryolu vağzalında ayaqqabılarını balınc əvəzi çütləyib başının altına qoyanda da, səhər milis əməkdaşları skamyalarda yatanları oyadanadək üzünü şüşə qırıntısı ilə qırxanda da məğrur atam əyilmədi, heç kimə ağız açmadı.

1947-ci ildə Bakı Hərbi Piyadalar Məktəbinin müdavimi doğma evinə, ata yurduna qayıda bilmədi. Sərhəd bağlı, Cənubi Azərbaycan Milli Hökuməti pərən-pərən, edamlar… Bu tərəfdə isə demokratik ruhlu gənc zabitlərin məhv edilməsi üçün plan hazırlanırdı. Atamla gələnlərin bir çoxunu İrana qaytarmaq adı ilə Qazaxıstan, Sibir çöllərinə tökdülər. Oğlunun sağ qalıb-qalmadığından xəbərsiz olan Nəsibə ananın ağzı dualı imiş, bu dəfə də ölüm Söhrabın başı üstündən yan ötdü. Hərbi məktəbdəki komandiri onu yanına çağırıb xəbərdar etmişdi ki, ehtiyatlı olsun.

Həmin tarixi görüş… 25 illik həsrətə son

-Atamın anası Nəsibə xanımla görüşü el arasında ana-balanın ayrılıq dastanına çevrilmişdi. 25 illik ayrılıqdan sonra görüşdülər. Ana tam 25 il idi ki, şah məmurlarının qapılarını gəzərək, oğlu ilə görüşmək üçün icazə ala bilmirdi. Fars dilini bilmədiyi üçün ananı qəbul etmək istəmirdilər. Oğlunun Şurəvidə (Sovetlər Birliyində) olduğunu bilən kimi üz çevirirdilər. Sonuncu dəfə bu işlərlə bağlı generalın qəbulunda növbəti rədd cavabını alan ana üzünü ona tutub demişdi:
– Mən qocayam, oğlumu görmədən ölsəm, qoy haqqım sənin boynuna yazılsın.

General ilan vuran kimi yerində dik atılır.

– Necə yəni mənim? Mən bu yükün altına girə bilmərəm.

Qapıda əyləşən sərbazı çağırıb anadan sənədləri qəbul etməsini tapşırır. Bax beləcə, 1971-ci ildə 25 illik ana-bala həsrətinə son qoyulur.
Onun gəlişi də macəralarla dolu oldu. Söhrabın anasının pişvazına Azərbaycanın müxtəlif bölgələrindən saysız-hesabsız dostlar, tanışlar axışıb gəlmişdilər Dəniz limanı gül-çiçək dəstələri, fotoaparatlar, bəzənib gəlmiş insanlarla dolu idi…Ən gözəl libasımızı geyinmişdik. Xalq şairi rəhmətlik Nəbi Xəzri Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri idi və xüsusi çəkiliş qrupu təşkil etmişdi. Lakin həmin gün ana gəlmədi. Xəbər yayıldı ki, “Quryev” gəmisi Mazandaranda karantinə görə saxlanılıb, bir neçə gün gecikəcək. 1961-ci ildə artıq bir infarktını yaşamış atamın nə hallara düşməsini təsəvvür etmək çətin deyil. Atam hər səhər işdən əvvəl limana gedərdi. Cənubi Azərbaycan inqilabının fədailərindən olan, eyni zamanda qohumluğu çatan Məmi Dehqani də səhərlər buraya gələrdi. Hər gün Söhrabın limanda dayanıb gözlərini üfüqə zilləməsi artıq narahatlıq doğurmağa başlamışdı. Belə günlərin birində oğul uzaqdan gələn “Quryev” gəmisini görür… Gözlərinə inanmır. Gəmi artıq yaxınlaşırdı. Gəminin girdə pəncərələrindən ağ saçlı bir qadın bu pəncərədən o birinə qaçaraq əli ilə sanki çirkliymiş kimi şüşələri silirdi. Xırda üzünü soyuq şüşəyə yapışdırmışdı. Kimisə görmüş kimi pəncərədən ayrılıb göyərtəyə qalxır. Artıq aralarında bir neçə metr qalmışdı.

– Məmi, ədə ölməyəsən səni, heç dəyişməmisən.

Məmi Dehqan deməyə söz tapmamış ananın gözləri Söhraba tərəf tuşlanır:

– İsrafil, sənsən?

Gənc oğlunu yola salan ana qarşısında püxtələşmiş kişini görüncə onu dayısı İsrafilə bənzədir.

– Yox, ana, mənəm, Söhrabdır.

Ana yavrusundan uzaq düşən yaralı quş kimi qiyyə çəkir, xırda yumruğunu həsrətdən qurumuş sinəsinə çırpır və göyərtədə çökür.

Artıq bu dünyanın heç bir gücü Söhrabı saxlaya bilməzdi. Hövlnak götürülüb limana yenicə endirilən pillələrlə alıcı quş tək göyərtəyə qalxır. Ananı qolları arasına alıb sinəsinə sıxır. Komanda heyəti sanki ovsunlanmış kimi bu səhnəni müşahidə edirdi. Zavallı qadını gəminin yardıma yetişən həkimi özünə gətirər-gətirməz oğlunun boynunu bərk-bərk qucaqlayıb deyir:

– Ədə, oğlan, ayıbdı, qoy məni yerə.

Nənəm zarafatcıl qadın idi. Bəlkə də bu xasiyyəti olmasaydı, dəli olardı. Atam həmişə mənə deyərdi ki, qərib, dərdli adam deyən-gülən olur. Güləndə də hamıdan bərk gülür ki, dərdini unutsun. Düz imiş…Nəsibə ana oğlunun ürəyinin xəstə olduğunu eşitmişdi, ona görə də zarafat etdi:

– Məni burda kim qarışlayacaq, çıxsın qabağıma görüm.

– Ana, nə qarışlamaq?

– Məktubda yazmışdın “qarışlayacaqlar”. Biz də anlamadıq. Bakıdan çoxdan köçən qardaşlar var idi, onlardan soruşduq, dedilər ki, Şurəviyə ilk dəfə qədəm basanları qarış-qarış ölçürlər. Odur ki, deyirəm, kimdi, gəlsin görüm.
– Yox, ana, “qarışlamaq” yox, “qarşılamaq”, yəni pişvazına çıxmaq.

Gülüşdülər. Nənəm 6 ay qaldı Bakıda. Atam Azərbaycanın ən səfalı yerlərində onu gəzdirdi. Göygölə aparanda 400 pilləkənə anasını qucağında qaldırdı. Nənəm Göygölü görən kimi başındakı yaylıqla yaşmaqlandı. Atam təəccübləndi:

– Ana, kimdən utanırsan?
– Oğlan, o gözəlliyə birdən baxmaq olmur, adam həya edir.


“Şah toyu”,  Türmənçayla Gülüstanın “ləğvi”

-Ağdamda məşhur xalçaçı-rəssam Əli Təbrizi-Fərruxinin oğlu Eldarın toyuna dəvət aldıq. Toy büsatını görən nənəm dedi ki, İranda heç şah belə toy eləmir ki, siz eləyirsiniz. Şuşanın da görüşünə getdi nənəm. Gəncədə ailəmizin yaxın dostu rəhmətlik şair İrani İman əminin evində Cənubla Şimal birləşmişdi sanki, aşıq Hüseyn Cavan sazıyla ürəkləri riqqətə gətirirdi. Bakıdakı evimizdə hər gün qonaqlıq idi. Aşıqlar, şairlər, bəstəkarlar. Azərbaycan bizim kiçik evimizdə qovuşurdu, Türkmənçayla Gülüstan müqavilələri sadə xalq tərəfindən ləğv edilirdi sanki. Nənəmə şeirlər yazılırdı. Məmməd Araz, Nəbi Xəzri, Cabir Novruz, Nəriman Həsənzadə, Xəlil Rza Ulutürk və bir çox ədəbiyyat korifeyləri Nəsibə xanıma şeirlər, poemalar ittihaf edirdilər. Bu şeirlər onların kitablarında dərc olunub. Nənəm deyirdi ki:

– Söhrab, bəs mən gəlmişdim səni qardaşlarının yanına aparım. Gəldim gördüm ki, bütün ölkə sənin qardaşın, dostundur. Daha səndən arxayınam.

Nənəmin yüngül qədəmi ilə bizə 8-ci mikrorayonda 3 otaqlı məzil verdilər. Köçdük. Nənəm gündüzlər danışar gülərdi, gecələr oğlunun başı üstə səhərədək balasına tamaşa edərdi, səssiz-səssiz ağlayardı. Anam da o biri otaqda səssizcə göz yaşlarını udardı. Mənə deyərdi ki, Həzrət Abbas haqqı, bu dünyanın üzü niyə çönmür, ana balasına həsrət qalıb.


Epiloq… Son söz əvəzi

-Bax beləcə, bölünmüş vətənin istiqlal şairi Söhrab Tahir sevgisində, sevincində və ayrılığında yandı… lakin kül olmadı, közərən ocağı onun zəngin yaradıcılığıdır.

Azad qardaşım var.onunla xoşam,
Mən gərək sahili sahilə qoşam.
İki bölünməkdən elə qorxmuşam,
Çöpü də ikiyə bölmərəm daha.

Mənə deyərdi ki, hər görüşün sonu ayrılıq, hər gülüşün sonu göz yaşıdır. Taleyimizin xəmiri belə yoğrulub. Gəncliyimdə üsyan edərdim. Deyərdim, yox, mən qərib deyiləm, mən bu tayda doğulmuşam, böyümüşəm, mən artıq yerliyəm. Gülümsəyərdi…Sonralar anladım və razılaşdım. Bağlanmıram heç kimə, qorxuram. Çünki mənim də qərib taleyimə dünyaya göz açmadan ayrılıq möhürü vurulubmuş…

Mən iki olkənin vətəndaşıyam,
Iki taleyimi gərək yaşayam.
Öləndə kəfənim ikiqat olsun,
Mən həm o tayınam, həm də bu tayın.

Elmin Nuri (Modern.az )

 

 

BIR CAVAB BURAXIN