Ata və oğul səhraya qarşı

0
1669

11

‘Dənizin sabahı’ necə görünür?

Almatıda qazaxıstanlı rejissor Katerina Suvorova-nın “Dənizin sabahı” adlı tammetrajlı sənədli filmi kinoteatrlarda göstərilməyə başlayıb.

Film qurumaqda olan Aral dənizindən qalmış su hövzələri ətrafında yaşayan insanların taleyindən söz açır.

Aral dənizi son onilliklər ərzində su resurslarından məsuliyyətsiz istifadə ucbatından su ehtiyatının 90 faizini itirib. Suyunun azalması nəticəsində dəniz hətta Böyük və Kiçik Aral adlı iki hissəyə bölünüb.

Suyu çəkilən Aral bir vaxtlar sahilində yaşamış insanlardan indi xeyli uzaqlaşsa da, həmin insanlar onu hələ də hiss edir, onunla yaşayırlar. Bu, yuxarı və aşağı ətrafları amputasiya olunmuş insanın keçirdiyi hissə bənzəyir. Qolların və ayaqların yoxdur, amma onların ağrısını həmişə duyursan. “Dənizin sabahı” sənədli filmində də personajların eyni hissi bölüşdüyü aydın görünür.

Filmdən kadr

Filmdən kadr

Filmdə hadisələr Aral dənizindən bəzi qalıqların olduğu ərazidə baş verir. Süjet xətti bu ekoloji fəlakət rayonunda yaşayan ayrı-ayrı insanların həyatından ibarətdir.

İNSANLARIN TALEYİ

İnsanlar burada ya Aral dənizinin hesabına dolanmaq, ya da onu xilas etmək ümidi ilə yaşayırlar.

Filmdəki personajlardan biri hidrogeoloq qızdır. Bu ərazidə böyüyüb başa çatmış qız bir neçə dəfə başqa yerə köçməyə qərar verir. Ancaq dəfələrlə verdiyi qərara baxmayaraq, bunu bacarmır. Hər dəfə Aralsk şəhərinə qayıdır. Dəniz yatağından nümunələr götürüb laboratoriyada analiz edən hidrogeoloq Aralın artıq sağalmaz görünən dərdinə çarə axtarır.

80 yaşlı təqaüdçü Sovet İttifaqının dağılmasından sonra dəniz sahilindəki bağçası ilə məşğul olub. Doğrudur, dənizin suyu o vaxtdan bəri çox geri çəkilib. Qocanın da bağçası indi, demək olar ki, səhranın ortasındadır. Ancaq qoca ruhdan düşmür. Öz əlləri ilə suvarma sistemi qurub və bunun sayəsində hər il yeni ləklər, pöhrələr cücərtməklə torpağı səhradan geri qazanmağa çalışır. Ağsaqqal ümid edirmiş ki, oğulları dədə-baba torpaqlarının “müdafiəsində” ona yardımçı olacaq. Ancaq onlardan yalnız biri hərdən atasına baş çəkir. O da atasının boş yerə bu qədər səy göstərdiyini düşünür.

Filmin sponsoru Shyngys Kulzhanov

Filmin sponsoru Shyngys Kulzhanov

Bütün bunlara baxmayaraq, “Dənizin sabahı” filmi, müəllifin fikrincə, izləyicidə optimizm doğurmalıdır. Bu, filmin təkcə adından yox, həm də dənizin dalğalandığı son kadrlarından da hiss olunur.

“İNSAN İRADƏSİNDƏN GÜCLÜ HEÇ NƏ YOXDUR”

Film alman mütəxəssisləri ilə birgə çəkilib. Çəkilişləri altı ilə başa gəlib. Rejissor 2010-cu ildə Robert Bosch Stiftung alman fondundan qrant alaraq işə başlayıb. Sonradan qazaxıstanlı biznesmen Şınqıs Kuljanov da filmin ərsəyə gəlməsinə maliyyə dəstəyi verib.

“Dənizin sabahı” İsveçrə, Çexiya və Tacikistanda kinofestivallara qatılıb. Dekabrda isə Sankt-Peterburq kinoteatrlarında göstəriləcək.

Filmin Almatı premyerasına qatılanlardan biri də Berlin kinofestivalının mükafatçısı kinematoqraf Aziza Jambakieva-dır. Onun film barədə təəssüratları belədir:

“Bu, ekoloji fəlakət barədə bilgiləndirmə deyil. Bütün film boyu müxtəlif insan talelərini izləyirik. Bir daha əmin oluruq ki, insan iradəsindən güclü heç nə yoxdur. Məncə, filmin ən əsas qayəsi də elə budur”, – deyə kinematoqraf bildirir.

BIR CAVAB BURAXIN