ATƏT-in Yerevan ofisi niyə bağlandı?

0
634
 

Məsələnin aktuallığını nəzərə alaraq, Azərbaycan Respublikasının ATƏT yanında Daimi Nümayəndəliyinin rəhbəri Qalib İsrafilovun “Trend”ə müsahibəsini diqqətinizə çatdırırıq.

 

– KİV-də verilən məlumata görə ATƏT-in Daimi Şurasının bugünkü iclasında fəaliyyətdə olan sədr kimi Avstriya tərəfindən bəyan edilib ki, ATƏT-in Yerevan ofisinin mandatının uzadılması ilə əlaqədar konsensusa gəlmək mümkün olmayıb. Bunu necə şərh edərdiniz?

– Bildiyiniz kimi, ATƏT Azərbaycan və Ermənistanda 2000-ci illərin əvvəllərində eyni vaxtda yerli missiyalarını təsis edib. Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar olan məsələlərlə ATƏT-in Minsk Qrupu məşğul olduğu üçün əldə olunan anlaşma ondan ibarət idi ki ATƏT-in Bakı və Yerevan ofisləri bu məsələlərə cəlb olunmayacaqlar.

ATƏT-in Yerevan ofisinin birdən minalardan təmizləmə fəaliyyəti ilə məşğul olmağa başlaması şifahi razılaşmanı şübhə altına qoydu. Yeri gəlmişkən, bu gün Ermənistanın ATƏT yanında nümayəndəliyi təsdiq etdi ki, artıq sabiq Yerevan ofisi bu razılaşma ilə məhdudlaşmırdı. Azərbaycan tərəfindən bu fəaliyyət xüsusilə mahiyyət və coğrafi məhdudiyyət baxımdan onun miqyasına görə sual altına qoyuldu. Biz məxsusi olaraq Ermənistanda belə layihəyə ehtiyac məsələsi barədə sorğu-suallar qaldırdıq. Belə ki, Ermənistan-Azərbaycan müharibəsi dövründə Ermənistan ərazisi hərbi əməliyyatlar meydanı olmayıb. Biz davamlı şəkildə öz narahatlığımızı ifadə etmişdik ki, ofisin minalardan təmizləmə fəaliyyəti Ermənistanın müvafiq qurumlarının imkan və qabiliyyətlərini artıracaq və bunlar da asanlıqla Azərbaycanın işğal olunmuş ərazilərində istifadə oluna bilər.

Ermənistanın mediasının, eləcə də ATƏT-in Yerevan ofisinin məlumatı təsdiq edir ki, Ofisin minalardan təmizləmə üzrə fəaliyyəti birbaşa Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlıdır və ofisdən yardım alan tərəflərin fəaliyyətinin coğrafi dairəsi Azərbaycanın işğal olunmuş ərazilərini də əhatə edir. Beləliklə, Ermənistan tərəfi ATƏT-in Yerevan ofisinin mandatının qeyri-müəyyənliyindən sui-istifadə edirdi. Vəziyyəti düzəltmək və ofisin mandatının uzadılmasının yeganə yolu qeyri-müəyyənliyə son qoymaq və mandata aydınlıq gətirməkdən ibarət idi.

Bir neçə məsləhətləşmələrdən sonra Azərbaycan tərəfi prinsip etibarilə qərar layihəsində Avstiyanın sədrliyi tərəfindən irəli sürülən mandatın aydınlaşdırılmasına dair məqamları dəstəklədi. Qəbul olunduğu təqdirdə, bu qərar ATƏT-in Yerevan ofisinin fəaliyyətinin yalnız Ermənistanın ərazisi ilə məhdudlaşdırılmasını təsdiq edəcəkdi və heç bir halda Minsk konfransının məşğul olduğu münaqişə və tənzimləmə prosesinə aid olan məsələyə cəlb olunacaqdı. Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsi faktını nəzərə alaraq, sədrlik tərəfindən təklif olunan qərarın dəstəklənməsinə münasibətdə Azərbaycanın hazırlığı xoş niyyətin göstəricisi idi.

Amma Ermənistanın ATƏT yanında nümayəndəliyinin mövqeyi aydın şəkildə göstərdi ki, Ermənistan məsələnin həllində maraqlı deyil və sədrliyin kompromis xarakterli təklifini dəstəkləməkdən imtina etdi.

Biz ofisin bağlanmasına təəssüflənirik, amma bu Ermənistanın hər bir mümkün vasitədən istifadə edərək status kvonu saxlamaq və Azərbaycan ərazilərinin işğalını gücləndirmək üçün məqsədli cəhdlərinin nəticəsidir.

Yerevan ofisi ətrafında olan vəziyyət bir daha ATƏT-də göstərdi ki, Azərbaycan konstruktiv, amma prinsipial mövqe sərgiləyir və Azərbaycan öz legitim maraqlarını qoruyacaq və suverenliyi və ərazi bütövlüyüə xələl gətirəcək hər hansı cəhdə qarşı qəti şəkildə çıxış edəcəkdir.

BIR CAVAB BURAXIN