Ermənistan –Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupu üzərinə düşən vəzifəni yerinə yetirə bilmədi. Ötən 28 il müddətində Minsk qrupu ona verilmiş mandat əsasında münaqişənin həllinə nail olmadı.
Minsk qrupu həmsədr ölkələrin liderləri münaqişənin hərbi həlli olmadığını iddia etsə də, Azərbaycan bunu hərbi-siyasi vasitələrlə etdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Hərbi variant yoxdur”– deyənlər, sadəcə, mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər. Ancaq status-kvo güc yolu ilə, dövlətimizin iradəsi, yürüdülən müdrik siyasət, Azərbaycan xalqının əzmi, həmrəyliyi, bütün qüvvələrin səfərbər olunması, rəşadətli ordumuzun şücaəti sayəsində dəyişdirildi.
Prezident İlham Əliyev görüş zamanı bildirdi ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki, bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in, digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, bu illər ərzində münaqişə niyə həll olunmurdu? Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvü olsalar da, Ermənistan qoşunlarının çıxarılmasını nəzərdə tutan 4 qətnamənin icrası üçün heç nə etmədilər. Beynəlxalq vasitəçi olan ölkələrin hər biri öz imkanlarından, potensialından istifadə edərək, Ermənistanın işğal etdiyi əraziləri tərk etməsi üçün mesaj verə bilərdi. Həmsədr dövlətlərin işğalçı Ermənistana ciddi təsir etmək imkanları var idi. Müəyyən sanksiyalar tətbiq olunsaydı, işğalçı qüvvələr geri çəkilməyə məcbur olardı. Amma bunu etməyiblər. Ona görə də, Azərbaycan xalqı, haqlı olaraq, Minsk qrupunun fəaliyyətindən narazıdır.
Cənab Prezidentin qeyd etdiyi kimi, artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Biz gələcəyə baxırıq. İşğaldan azad olunmuş bölgələrdə quruculuq işlərinin həyata keçirilməsi və insanların öz yurdlarına qayıtması qarşıda duran əsas vəzifədir. Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə beynəlxalq müstəvidə də yerini və rolunu gücləndirdi.
Rasim Hüseynov- Rayon Ağsaqqallar şurasının sədri