Astara gömrüyündə növbəti ölüm hadisəsi

0
761

Astara Gömrük Məntəqəsində İrana getmək istəyən bir Azərbaycan vətəndaşıİlqar Kərimovun növbədə vəfat etdiyi bildirilir.

Astara rayon sakini olan İlqar Kərimovun ürəktutmadan öldüyü güman edilir.

Hadisə dekabrın 28-də, günün ikinci yarısında baş verib.

Hadisənin şahidi, Astara şəhər sakini Fərbiyə İbayevanın dediyinə görə həmin gün İrana getmək istəyənlər çox olub:

“Adamların fəryadı qulaq batırırdı”

“Adamlar gömrüyün qapısında toplaşdılar. Qapını səhər saat 9-da açanda basabas düşdü. Adamların fəryadı qulaq batırırdı. Ölən adam da bizim aramızda idi. Mənim iki qolum da zədələndi. Biz içəriyə girdik, qapını yenidən bağladılar. O adam münasib bir yer tapan kimi əyləşdi. Görünürdü ki, sıxıntı keçirdib. İranla Azərbaycan arasında olan körpüyə çatanda kənara çəkilib əyləşdi. Orda da keçindi”.

İrana ucuz ərzaq dalınca…

Fərbiyə İbayeva Azərbaycanda zəruri ərzaq məhsulların qiymətlərinin gündən günə qalxdığından şikayətlənir:

“Məcbur olub İrana ucuz ərzaq dalınca gedirlər. Ayda bir dəfə sərhəddən buraxırlar. Hər kəs bu fürsətdən istifadə etməyə çalışır“.

Mərhumun yaxınlarının dediklərinə görə İlqar Kərimov İrana bazarlığa gedirmiş. Ürək xəstəsi olub. Yolda dərman qəbul etsə də təsiri olmayıb.

Astara Gömrük İdarəsində isə İlqar Kərimovun növbədəki sıxlıq üzündən ölməsi fikri ilə razılaşmırlar. Faktla bağlı hüquq mühafizə orqanlarında araşdırmaya başlandığı bildirilir.

Azərbaycandan İrana gedən vətəndaşlardan gömrükdə növbədə ölüm hadisələri bundan əvvəl də baş verib.

BIR CAVAB BURAXIN