Hər şey aprel döyüşlərindən sonra Aslan İsmayılovun Rusiyada yaşayan azərbaycanlıların – Rüstəm İbrahimbəyov, Tahir Salahov, Vahid Ələkbərov, Araz Ağalarov, İsgəndər Xəlilov və İlham Rəhimovun ünvanına sədləndirdiyi fikirlərdən, daha doğrusu ittihamabənzər sualdan sonra başladı. Aslan İsmayılov adıçəkilən şəxslərə və İlham Rəhimova “niyə səsiniz çıxmır” sualını ünvanladı… Rüstəm İbrahimbəyov, Tahir Salahov, Vahid Ələkbərov, Araz Ağalarov, İsgəndər Xəlilovu deyə bilmərəm, amma İlham Rəhimovun səsi çıxdı… İlham Rəhimovun “İstərdik fürsət ikən ordumuz Xankəndini götürsün” başlıqlı məşhur müsahibəsini oxumaq şərəfinə nail olduqdan sonra Aslan İsmayılov üzr istədi…
İsmayılov Rusiyada yaşayan azərbaycanlılara ünvanladığı sual-statusunu İlham Rəhimovun müsahibəsinin yayımlandığı vaxtdan təxminən 1 saat sonra paylaşsa da, üzrxahlığını 7 gün sonra dilə gətirdi…
Qeyd edim ki, İsmayılov aprelin 15-də paylaşdığı üzrxahlıq statusunda İlham Rəhimovun müsahibəsini “cəmi 12 dəqiqə” əvvəl oxuduğunu iddia edir… Amma səhifəsində aprel döyüşləri ilə bağlı paylaşmalar tamamilə fərqli məqamlardan xəbər verir. Nəzərə alsaq ki, İlham Rəhimovun müsahibəsi Aslan İsmayılovun yaxından əməkdaşlıq etdiyi bütün internet resurlarında, elə aprelin 8-də yayımlanıb, o zaman 7 günlük susqunluğun səbəblərinin “dilaçan” vasitənin, yaxud vəsaitin gecikməsi ilə bağlı olduğu ortaya çıxır. Görünür “YAL”ın yolu uzaq olduğu üçün üzrxahlıq və mədhetmə aksiyası 7 gün gecikdirilib…
Lakin İsmayılovun Rəhimovu mədh etməsinə zəmin yaradan amillər təkcə “YAL”la bağlı deyil. Ortalıqda həm də “YOL” məsələsi var. O “YOL” ki, oradan daim şimal küləkləri əsir və qarmaqda olan nüfuz müvəkkillərinin tualet kağızına bənzər siyasi orientasiyalarını balalaykada ifa olunan ekzotik şərq musiqisinin sədaları altında sağa-sola əsdirir: Sağ-sol, sağ-sol…
Əgər belə olmasaydı, Aslan İsmayılov “müdafiəsinə” qalxdığı şəxsin bir neçə ay sonra – avqustun 17-də yayımlanan müsahibəsində yer alan hazır tezislərə diqqətlə nəzər salar və “vaxtından tez banlayan xoruz”, yaxud “lüləyi qırıq aftafa” funksiyasını yerinə yetirməkdən vaz keçərdı…
“Yeddi rayon yox, məhz Dağlıq Qarabağ müzakirə predmeti olmalıdır” bağlığı ilə yayımlanan müsahibəsində İlham Rəhimov cidd-cəhdlə münaqişənin həllinin Rusiyadan asılı olmadığını sübut etməyə, məsuliyyəti Azərbaycanın üzərinə yükləməyə çalışır. Mətləbi uzatmadan, adıçəkilən müsahibə ilə bağlı şərhimi oxucuların diqqətinə çatdırmaq istəyirəm. Ümid edirəm ki, toxunduğum məqamlar uzatmaq istəmədəyim mətləbə aydınlıq gətirəcək:
İlham Rəhimovun mesajı…
Qənaətimə görə, haqqında söz açdığım müsahibənin açar tezisini təşkil edən “Xalq arasında belə bir fikir var ki, Putin istəsə, problemi həll edər. Bu, belədir?” sualının qarşılığında İlham Rəhimovun Dmitri Medvedyevin prezidentliyi dönəmində problemin həlli istiqamətində edilən cəhdləri nümunə gətirməsi sualdan yayınmaq xarakteri daşıyır. Kimsəyə sirr deyil ki, Medvedyevin prezident olduğu dönəmdə də prosesləri həmin dövrdə baş nazir olan Vladimir Putin istiqamətləndirirdi və onun siyasi iradəsindən kənar hər hansı bir razılaşmanın baş tutması mümkün deyildi.
Müsahibədə problemin SSRİ dönəmində yaranması və yaxud Yeltsin Rusiyası ilə bağlı irəli sürülən arqumentlər də indiki şəraitdə Moskvanın tənzimlənmə prosesindəki məsuliyyətini azaltmaq üçün irəli sürülən mülahizə kimi qiymətləndirilə bilər…
Qeyd edim ki, Rusiya özünü SSRİ-nin hüquqi varisi elan edib və təbii ki, SSRİ dönəmində yaranan bütün problemlərin hüquqi məsuliyyəti Rusiyanın üzərinə düşür. Digər tərəfdən, Azərbaycan torpaqlarının əhəmiyyətli hissəsi SSRİ-nin süqutundan sonra işğal edilib və həmin dövrdə Rusiyafa kimin hakimiyyətdə olmasının heç bir önəmi yoxdur. Çünki bu Rusiyanın daxili problemi deyil ki, baş vermiş hər hansı bir hadisə ilə bağlı bu və ya digər dönəmdə hakimiyyətdə olan şəxsi, yaxud siyasi qüvvəni məsul tutaq. Dövlətlərarası münasibətlərdə şəxslər, siyasi qüvvələr deyil dövlətlər məsuliyyət daşıyırlar.
İlham Rəhimov deyir ki, “yeddi rayon yox, məhz Dağlıq Qarabağ müzakirə predmeti olmalıdır”. Qənaətimə görə, bir neçə səbəbdən, bu yanlış yanaşmadır:
Hesab edirəm ki, həm Dağlıq Qarabağ, həm də yeddi rayon birlikdə müzakirə predmeti olmalıdır. Çünki müzakirə predmeti yalnız Dağlıq Qarabağ olanda, o zaman problemin tamamilə etnik münaqişə kimi təqdim olunmasına, işğal amilinin isə arxa plana keçməsinə zəmin yaranır. Yəni burada işğal yox, separatizm faktoru önə çıxır. Rusiyanın separatçı rejimlərlə bağlı mövqeyini və atdığı addımları nəzərə alsaq, o zaman bu yanaşmanın nə qədər təhlükəli olduğunu müəyyənləşdirə bilərik. Mən hesab etmirəm ki, Azərbaycanın siyasi rəhbərliyi ölkə vətəndaşlarının, dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların diqqətini yalnız yeddi rayonun azad edilməsinə cəmləşdirib. Çünki bu günə kimi problemin tənzimlənməsi üçün aparılan proseslərdə və həll variantlarında işğal faktorunun aradan qaldırılması problemin həllinin açarı kimi təqdim olunur. Və bu həll variantlarından hər birində proses Ermənistan – Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsinin tənzimlənməsi kimi qeyd olunur. Dağlıq Qarabağ ayrı, digər yeddi rayon isə ayrı tənzimlənmə predmeti kimi təqdim olunmur.
Mən İlham Rəhimovdan fərqli olaraq, 5+2, sonra “status” formulunun indiki halda bizim üçün nə qədər məqbul olub-olmayacağını birmənalı şəkildə qiymətləndirə bilmərəm. Amma onu deyə bilərəm ki, bu formul problemin mərhələli həllini nəzərdə tutur, Ermənistan isə mərhələli həll planının əleyhinədir. İrəvan problemin paket halında həllini istəyir. Yəni istəyir ki, status müəyyənləşdirilsin, sonra digər məsələlər həllini tapsın. Bu məsələyə detallarla yanaşmaq lazımdır. Aydın olmalıdır ki, 5+2 formulundan sonra proses necə davam edəcək? Tənzimlənmə prosesi sülh sazişində necə öz əksini tapacaq? Prosesə hansı səviyyədə beynəlxalq təminat veriləcək və bu təminat gerçəkləşməyəcəyi halda Azərbaycanın atacağı, yaxud ata biləcəyi addımlar hansı formada yekun sülh sazişində necə əks olunacaq? Tənzimləmə mexanizmlərinin tətbiqi üçün hansı addımların atılması, önləyici amillər, təhlükəsizlik məsələləri nələrdən ibarət olacaq?
Suallar çoxdu. Amma indiki halda Rusiya prezidentinin münaqişənin tənzimlənməsi ilə bağlı Bakı səfərindən öncə dilə gətirdiyi bir tezisə də diqqət yetirməyin vacibliyini düşünürəm. Putin bəyan etmişdi ki, “Kompromisin əldə edilməsi ərazi bütövlüyü və xalqların təyini-müqəddərat hüququ prinsipləri arasında optimal tarazlığın tapılmasını nəzərdə tutur”. Bu iki prinsip arasındakı optimal tarazlıq isə Dağlıq Qarabağın Azərbaycanın tərkibində yüksək status əldə etməsi deməkdir. Əks halda hər hansı bir tarazlıqdan söhbət gedə bilməz.
İlham Rəhimovun “Dağlıq Qarabağ əhalisi ilə bağlı dəqiq və aydın siyasətimiz olması” ilə bağlı fikirlərinə gəldikdə isə, hesab edirəm ki, bu məsələdə Azərbaycanın mövqeyi kifayət qədər aydındır. Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, dövlətimiz işğal faktoru aradan qalxdıqdan sonra bölgənin və orada yaşayan insanların təhlükəsizliyinə tam təminat verir və nəinki etnik ermənilər, hətta Ermənistan da Azərbaycanın regionda həyata keçirdiyi layihələrdən yararlana bilərlər. Azərbaycanın tərkibində yüksək müxtariyyət isə artıq bütün hüquq və azadlıqlara təminat verilməsi anlanına gəlir. Bu 5+2 kimi olmasa da, 100 % 2+2 kimi aydın bir yanaşmadır.
İlham Rəhimov öz müsahibəsində dolayısıyla Rusiya-Türkiyə münasibətləri mövzusunda Vladimir Putinlə danışdığını da deyir. Güman edirəm ki, İlham Rəhimovun Putinlə söhbətində Azərbaycan ərazilərinin işğaldan azad edilməsi məsələsinə də aydınlıq gətirmək imkanı olub. Əgər olmayıbsa çox pis. Əgər olubsa, o zaman belə bir məzərə yaranır: Ya Vladimir Putin proses barədə İlham Rəhimova məlumat verməyə ehtiyac duymayıb, ya da İlham Rəhimov Azərbaycan cəmiyyətinə kimlərinsə mesajını çatdırır. Və ya İlham Rəhimov hansısa perspektiv mərhələ üçün Azərbaycanın siyasi rəhbərliyindən daha vətənpərvər olduğunu nümayiş etdirmək istəyir…
Yeni “Milli Şura”…
Hesab edirəm ki, İlham Rəhimovun məlum müsahibəsi ilə bağlı şərhimdən iqtibas gətirdiyim sonuncu cümlə bir çox məqamları gün işığına çıxarır. Əgər belə olmasaydı, BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin “İlham Rəhimov hazırda ikinci Rüstəm İbrahimbəyov missiyasında çıxış edir” başlıqlı müsahibəsindən sonra Rəhimov və əlaltıları kin, nifrət və təhqir püskürməzdilər, ortalığa arqument qoyardılar.
Görünür, Qüdrət Həsənquliyevin fikirləri “onluğa” dəyib və adamlar tamamilə ifşa olunacaqlarından qorxaraq, aralarından ən həyasızını və minsifətlisini seçməklə təhqir və böhtan kampaniyasına başlayıblar. Prosesin qarşılıqlı təhqir müstəvisinə keçəcəyini və əsas ifşaedici məqamların unudulacağını düşünüblər. Amma bizim üslubumuz fərqlidir. Yəni, şərəfsizin gözünün içinə kimliyini söyləməklə yanaşı, yerinə yetirdiyi missiyanın mahiyyətini xatırlatmağı da yaddan çıxarmırıq. Bu baxımdan, İlham Rəhimov və əlaltılarının saçyoldu kampaniyasının arxasında dayanan əsas məqamı da xatırlatmağı özümə borc bilirəm:
Göz önündə olan mənzərədən belə nəticə hasil olur ki, “Milli Şura” layihəsində Azərbaycanın xarici siyasəti ilə bağlı strateji istiqamətlərin dəyişdirilməsi üçün referendum məsələsini gündəmə gətirən Kreml texnoloqları bu dəfə “yanan barmaq”larının ağrısından nəticə çıxarıblar. Bakı erməniləri haqqında “göz yaşları” ilə danışan “kosmopolit” Rüstəm İbrahimbəyovu “Qarabağ təəssübündən dodağı qırx yerdən çat verən” “vətənpərvər” İlham Rəhimov və “YOL”daşlarıyla əvəzləyiblər. Bu dəfəki missiyanın hədəfi və siyasi-ideoloji motivi Qarabağdır…
İlham Rəhimovu və onun boğazlarını (?) islatdığı ASSlanları da qəzəbləndirən yeni layihənin ifşa olunmasıdır…
Bu qədər bəsit…
Elçin Mirzəbəyli